Laboratorİya

Müasir dövrdə diaqnostikanın nə qədər böyük rol oynadığı hamı üçün açıq-aşkar bəllidir. Həqiqətən kim yaxşı diaqnoz qoyursa, o da yaxşı müalicə edir. Diaqnozun qoyulmasında hələ indiyə qədər iki əsas üsuldan istifadə olunmaqdadır. Bunlardan biri həkimin klinik intuisiyasıdır. Əlbəttə, intuisiya böyük bir təbii qüvvədir. Ancaq müasir dövrdə dəqiq diaqnoz qoymaq üçün yalnız intuisiyaya malik olmaq kifayət deyildir. Diaqnostikanın keyfiyyətini, səviyyəsini qaldırmaq üçün xəstəliklərin differensasiyası lazımdır. Sonuncu klinik müayinələrdən başqa, laborator və instrumental tədqiqatların aparılmasını da vacib hesab edir. Odur ki, klinik təbabətin inkişafında müasir mərhələ olan indiki dövr, laborator tədqiqatların daha da genişlənməsi ilə səciyyələnir. Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyada, sivil ölkələrin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər.

ATU-nun Tədris Cərrahi Klinikasının Klinik-Diaqnostik Laboratoriyası müasir texnologiyaları özündə cəmləşdirən, Almaniya, Yaponiya, ABŞ və Avropanın istehsalı olan referans cihazlarla təchiz olunmuşdur. Bu cihazlar vasitəsilə laboratoriyamızda yüzlərlə analizlər, o cümlədən müxtəlif biokimyəvi testlər, hormonlar, onkoloji markerlər və s. yerinə yetirilir.  Müayinələr müasir biokimyəvi analiz metodlarını özündə cəmləşdirən rəhbərliklər və CLSI (Clinical Laboratory Standarts Institute) standartları əsasında icra olunur. Qurulduğu gündən etibarən dünya laboratoriya sektorundakı yenilikləri təqib və təşkil etmək üçün bütün vasitələrdən istifadə olunur.

Ölkəmizin yeganə ali tibb ocağı olan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikasının tam avtomatlaşdırılmış Klinik Diaqnostik Laboratoriyasının istər orta tibb personalı, istərsə ali tibb mütəxəssisləri yüksək peşəkarlıq və bacarıqları ilə hər zaman nümunə olmağa davam edəcək.

Laboratoriyamızda aşağıdakı bölmələr fəaliyyət göstərir:

  • KLİNİK BİOKİMYA
  • İMMUNOLOGİYA
  • HEMATOLOGİYA
  • MOLEKULYAR GENETİKA
  • PZR
  • Molekulyar identifikasiya
  • KLİNİK MİKROBİOLOGİYA
  • Bakteriologiya
  • Mikologiya
  • Virusologiya
  • Parazitologiya

Ölkənin yeganə Universitet Klinikası olaraq missiyamız xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Biz bu müqəddəs işin məsuliyyətini dərk edirik!

Ölkə rəhbərliyinin və xalqımızın etimadını doğruldacağımıza əminik!