Müsahibələr

Hamilə qalmaq istəyənlər bunları bilməlidir

Hamilə qalmaq istəyənlər bunları bilməlidir

Z.Hüseynova: “Ciftin inkişafdan qalması sölün məhvinə gətirib çıxara bilər”

Hər bir qadının arzusu ana olmaq, sağlam övlad sahibi olmaqdır. Lakin heç də hamı hamiləlik üçün vacib olan tibbi şərtlərlə tanış deyil. Bu haqda Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova danışıb.

Z.Hüseynova bildirir ki, qadının nəsilartırma dövrü 15 yaşdan 50 yaşa qədərdir. Məhz bu dövrdə follikullarda yumurta hüceyrəsi inkişaf edir: “Bu, aybaşı başlanmasının ilk 2 həftəsində yetişir. Yumurta hüceyrəsinin mayalanması ancaq ovulyasiya önü 6-8-ci günlər ərzində baş verir. Bu vaxt yumurta hüceyrəsinin 24 saat, spermatozoidlərin isə 3 sutka həyat qabiliyyətinin mühafizə etdiyini nəzərə almaq lazımdır. Qalan günlərdə qadın hamilə qala bilməz”.

Həkim bildirir ki, hamiləlik dövrünü dəqiq təyin etmək üçün ovulyasiyanın nə vaxt baş verdiyini bilmək lazımdır. Belə qəbul olunub ki, ovulyasiya dövrü aybaşıdan 14 gün sonra olur. Lakin bəzi qadınlarda bu müddət 28 gündən, bəzilərində 30 gün, bəzilərində isə 35 gündən bir baş verir.

“Deməli, hər bir qadının öz aybaşı tsikli olduğundan, onların ovulyasiya günü də fərqlənir. Menstrasiyadan sonra sərbəst cinsi əlaqəyə girmək olar. 8-15-ci günlər ərzində hamilə qalmaq mümkündür. Hamilə qalmaq istəməyən qadınlar məhz bu günlərdə özlərini qorumalı və ya cinsi əlaqədən çəkinməlidir. Hamilə qalmaq istəməyən qadınlar 16-cı gündən aybaşı başlanana qədər qorunmadan cinsi əlaqədə ola bilərlər. Lakin yuxarıda dediyimiz kimi, spermatozoid qadının uşaqlıq yolunda 3 gün həyat qabiliyyətini saxlayır, deməli, 7-ci gün cinsi əlaqəyə girdikdə 8-9-10-cu günlər ovulyator günləri olduğu üçün qadın yenə hamilə qala bilər”.

Mayalanma necə baş verir?

Ginekoloq deyir ki, hamiləliyin başlanması üçün qadında yumurta hüceyrəsi spermatozoidlə birləşməlidir. İki cinsiyyət hüceyrəsinin görüşüb birləşməsinə - döllənmə (və ya mayalanma) deyilir. Mayalanma çox vaxt uşaqlıq borularında baş verir, çünki yumurtalıqdan qopmuş yumurta hüceyrəsi uşaqlıq borusuna düşür. Sərbəst hərəkət edən spermatozoidlər uşaqlıq yolundan uşaqlığa, oradan da uşaqlıq borularına keçir. Yumurta hüceyrəsi uşaqlıqdan aybaşı tsiklinin ortasında qopur. Bu zaman qadının hərarəti normadan bir dərəcə yüksəlir və qasıq nahiyəsində sancı şəklində ağrı olur.

Qadınların çoxunda aybaşı tsiklinin müddəti (yəni bir aybaşının başlanmasından növbətinin başlanmasına qədər fasilə) 26 günə bərabər olur. Deməli, mayalanma üçün ən münasib şərait - tsiklin 11-18-ci günlərində yaranır. Yumurta hüceyrəsinin spermatozoidlə mayalanması sayəsində yeni orqanizm inkişaf etməyə başlayır. Bölünərək artan hüceyrə yığını boru ilə uşaqlığa doğru hərəkət edir. Dölün inkişafı yalnız hüceyrələrin bölünüb artması ilə bitmir. Bölünməklə bərabər onun differensasiyası da baş verir.

Əgər hüceyrələrin daxili qatı dölü uşaqlığın divarına bitişməklə onun qidalanmasını da təşkil edirsə, daxili qatın hüceyrələrindən döl özü inkişaf etməyə başlayır, 9 ay və ya 40 hamiləlik həftəsi ərzində mürəkkəb inkişaf prosesi sayəsində iki birləşmiş cinsiyyət hüceyrəsindən mürəkkəb insan orqanizmi formalaşır.

Ciftin gələcək uşağın həyatındakı mühüm rolu 
Dölün inkişafı və sonralar insan orqanizminin bütün orqan və sistemlərinin formalaşması üçün ona müxtəlif maddələr lazım olur.

Uşaqlıq divarına pərçim olmuş, inkişafda olan döl bütün lazımi maddələri ciftdən alır. Cift gələcək uşağın həyatında çox mühüm rol oynayır. O, uşaqlıq divarının selikli qişasını döl yumurtası daxil olandan sonra hüceyrənin xarici qatından formalaşmağa başlayır.

Hamiləliyin 4-cü ayında ciftin formalaşması prosesi başa çatır. Qeyd etdiyimiz kimi, cift ana ilə döl arasındakı maddələr mübadiləsində böyük rol oynayır. Bundan başqa, cift də daxili sekresiya vəzisidir, yəni qana keçən xüsusi maddələr - hormonlar ifraz edən bir orqandır. Ciftin bu funksiyası sayəsində hamilə qadının orqanizmində cinsiyyət hormonlarının miqdarı xeyli artır. Bunun nəticəsində də uşaqlığın böyüməsi və genişlənməsinə şərait yaranır.

Həkim Z.Hüseynova vurğulayır ki, əgər hamiləliyə qədər qadının uşaqlığının çəkisi 50 qram idisə, hamiləlik müddətində onun çəkisi 1 kq-a çatır, həcmi isə 500 dəfə artır. Nəticədə uşaqlıq boşluğunda bir və ya bir neçə uşaq və dölyanı maye yerləşir.

“Formalaşmış cift ayrı-ayrı xovlardan ibarət olub kürə şəklində olur və hər bir xovda xırda kapilyarlar kələfi olur ki, bunlardan da dölün qanı axır. Xov özü isə uşaqlığın damarlarında axan ananın qanı ilə yuyulur. Beləliklə, ciftin uşaqlıq divarı ilə birləşən yerində ana ilə döl arasında maddələr mübadiləsi gedir: ana qanından cift kapilyarları, oradan da göbək damarları vasitəsilə dölün inkişafına lazım olan bütün maddələr (oksigen, zülal, kalsium, dəmir, vitaminlər və s.) gəlir, əks istiqamtədə isə döldən anaya mübadilənin qalıq məhsulları ötürülür. Belə mübadilə prosesində cift sanki mürəkkəb kimyəvi laboratoriya işi görür, ananın qanı ilə daxil olan bütün qidalı maddələr burada yenidən işlənilir. Bunun nəticəsində həmin maddələrin dölün qanına keçməsi və onların həzm olunması yüngülləşir. Deməli, dölün bütün bətndaxili inkişafı ərzində cift döl üçün həzm, tənəffüs və ifrazat orqanlarının işini görür”.

Ciftin ləng inkişafı hamiləliyin dayanmasına səbəb ola bilər
Göründüyü kimi, dölün normal inkişafı ciftin vəziyyətindən, onun ölçü və bütövlüyündən asılıdır. Ciftin ləng formalaşması, və ya onda baş verən dəyişikliklər, dölün inkişafdan qalmasına və hətta hamiləliyin dayanmasına səbəb ola bilər. Cift yuxarıda saydığımız funksiyadan başqa, həmçinin uşağı lüzumsuz təsirlərdən qoruyan özünəməxsus sədd rolunu oynayır. Inkişaf edən döl üçün ananın orqanizmi öz gələcək uşağının bütün “tələbatlarını” həssas duyan ətraf mühitdir.

Lakin ananın orqanizmində baş verən hər hansı dəyişikliklər, az və ya çox dərəcədə dölün inkişafına təsir göstərir. Müəyyən edilib ki, dərmanların əksəriyyəti cift səddindən keçir, bunlar da dölün xəstəliyinə, hətta onun tələf olmasına belə səbəb olur. Rüşeym üçün zəhərli və zərərli olan belə maddələrdən birinci yerdə nikotin durur. Siqaret çəkən qadınların qanında gələcək uşağına ciddi zərər yetirəcək qədər nikotin olur. Dölün bətndaxili inkişafı dövründə elə vaxtlar olur ki, onda gələcək uşağın sağlamlığı haqqında daha çox düşünmək lazım gəlir.

Kritik dövr nədir?

Buna kritik dövr də deyilir. Kritik dövrlərdə rüşeym böyük sürətlə inkişaf edir ki, bu da maddələr mübadiləsinin daha intensiv getməsi ilə müşahidə olunur. İnkişaf edən döl bu dövrdə tez zədələnə bilər. Odur ki, qadınlar hamiləlik zamanı, ağır işdən, gecə növbəsindən və zəhərli maddələrlə təmasdan çəkinçəlidirlər.

Rüşeymin bətndaxili inkişafı dövründən onun orqanlarının mayası qoyulur. Ən əvvəl baş-beyin, göz və ürək formalaşır. Təxminən 10-cu həftədə gələcək orqanların hamısının mayası formalaşıb qurtarır. Dölün orqanlarının sonrakı inkişafı bu orqanların mayasının necə formalaşmasından asılıdır. Məsələn, ürəyin mayasının formalaşması zamanı o, zədələnmişsə, onda uşaqda anadangəlmə ürək qüsuru olacaq.

Dölün sağlamlığı, ölçüsü, çəkisi ciftdən asılıdır. Ciftin inkişafdan qalması dölün məhvinə səbəb olur.#atutck