Xəbərlər

Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq

Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq

17.01.2023

Bir çox xidmətlər asanlaşdırılacaq, yeniləri əlavə olunacaq, pulsuz «wi-fi» təmin ediləcək

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası bu ildən yeni xidmətlər göstərəcək. Bunu klinikanın direktoru, professor Mücahit Avcil 2022-ci ilin yekunları və cari ildə görüləcək işlərə həsr olunmuş iclasda bildirib.

Klinikanın rəhbərliyi və həkim heyətinin iştirak etdiyi toplantıda qeyd olunub ki, pandemiya və Vətən müharibəsi dövründə TCK nəcib bir vəzifəni boynuna götürərək, çoxlu sayda xəstə və yaralını sağlamlığına qovuşdurub. Klinika hazırda gərgin rejimdən çıxaraq, normal fəaliyyətini davam etdirir. Cərrahiyyə əməliyyatları tibb müəssisəsinin təcrübəli həkim və tədris heyəti tərəfindən həyata keçirilir.

Direktor çıxışında onu da vurğulayıb ki, 2023-cü ildən klinikada daha müasir avadanlıqlarla təchiz olunacaq Pediatriya poliklinikası, İnsult mərkəzi, eləcə də Yara baxım mərkəzi (Ən müxtəlif zədələri cərrahlar, terapevtlər, dermatoloqlar və travmatoloqlar birlikdə dəyərləndirəcək. Nəticədə, həm diaqnoz düzgün qoyulacaq, həm də zaman itkisinə yol verilməyəcək) fəaliyyət göstərəcək. Eləcə də pasiyentlərin məmnunluğunun artırılması məqsədilə onlara pulsuz «wi-fi»la təmin olunacaq xüsusi mərtəbə ayrılacaq, qeydiyyat və klinika nəzdindəki təhlil və radiologiya prosedurları asanlaşdırılaraq "istifadəçi dostu" (user friendly) keyfiyyəti təmin ediləcək. Klinikanın “check up” və “genetik check up” xidmətlərindən yararlanmaq da asanlaşacaq. Eyni zamanda, laboratoriya xidmətləri gücləndiriləcək, genetik testlərin çeşidi çoxaldılacaq. Bunlardan əlavə, yenidən təşkil olunacaq müasir təcili tibbi yardım xidməti sutkada 24 saat fəaliyyət göstərəcək.

İclasda qeyd olunub ki, hər bir vətəndaş öz sağlamlığını etibarlı əllərə həvalə etməlidir ki, mənfi nəticələrlə qarşılaşmasın. Bu baxımdan, işlər elə qurulmalıdır ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası hər kəsin öz sağlamlığı ilə bağlı müraciət edəcəyi ilk ünvan olsun.

 
Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq
Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq
Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq
Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq
Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər olacaq