Xəbərlər

ATU-nun kafedrası amurad.az saytını təqdim etdi

ATU-nun kafedrası amurad.az saytını təqdim etdi

17.02.2020

Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytı fəaliyyətə başlayıb. Saytın yaradılmasında əsas məqsəd kafedrada görülən işlər haqqında ictimaiyyətə ətraflı məlumatın verilməsidir. Əsas hədəf modern dizayn və zəngin tərtibatı olan səhifədə operativ informasiya yerləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəlməsi məqsədilə ümumi çevikliyi təmin etməkdir.

ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri t.e.d. Məlahət Sultanova qeyd edir ki, saytda dərs cədvəlləri, sillabuslar və proqramlar, tələbələrin istifadə edə biləcəkləri mənbələr (PDF variantları), müxtəlif elektron resurslar və linkər daxil edilib: “Müasir təhsilin bütün vacib tələblərini qarşılayacaq, ona fayda verə biləcək potensiala sahib olan bu saytda kafedrada aparılan elmi işlər, əməkdaşlarımızın iştirak etdiyi konfranslar, elmi məqalələrin yerləşdirilməsi nəzərdə tutulub. Saytda pasiyentlər üçün də maarifləndirici məlumatlar yerləşdiriləcək, həmçinin sualların onlayn cavablandırılacaq”. 
Kafedra müdiri qeyd edir ki, “Amurad.az” saytı bu sahəyə aid maraqlı xəstəliklər barədə məlumatlar, fotolar yerləşdiriləcək ki, bu da tələbə və həkim rezidentlərin böyük marağına səbəb ola bilər.

Kafedranın gündəlik fəaliyyətini əks etdirəcək bu saytın tərtibatı, linklərin forma və məzmun əhatəliyi, müasir radiologiyanın əhatə etdiyi bütün sahələrə dair şəkillərin yerləşdirildiyi foto-qalereyanın operativliyi ilə seçilir. Saytda müxtəlif menyular və submenyular mövcuddur. 
Bunlardan əlavə, saytda yeni təsis olunmuş Azərbaycan Radiologiya Cəmiyyəti və Avropa Radiologiya Cəmiyyətində aparılan işlər, konfranslar, treyninq və kurslar haqqında mütəmadi olaraq məlumat veriləcək.

Tibbi radiologiya tibbin anbaan inkişaf edən, müxtəlif şüaların diaqnostika və müalicə məqsədilə istifadə edildiyi,texnoloji yeniliklərin uğurlu nəticələrinin tətbiqinə əsaslanan və bütün sahələrlə sıx əlaqədə olan elm sahəsidir. Odur ki, bu sahəyə aid ixtisaslı sayt istifadəçilər üçün gözəl və etibarlı mənbə rolunu oynayacaq.