Xəbərlər

Həkim hər kəsin ildə bir dəfə endoskopik müayinədən keçməsini tövsiyə edir

Həkim hər kəsin ildə bir dəfə endoskopik müayinədən keçməsini tövsiyə edir

28.01.2020

Müasir tibbdə endoskopik müayinə və müalicə sahəsi mühüm bölmələrdən hesab olunur. Bu sahə ölkəmizdə də kifayət qədər inkişaf edib və yüksək səviyyəli, təcrübəli mütəxəssislər insanların sağlamlığı keşiyində dayanırlar.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu sahə ilə məşğul olan Diaqnostik və invaziv endoskopiya şöbəsi fəaliyyət göstərir. Adıçəkilən şöbəyə rəhbərlik edən, I Cərrahi xəstəliklər kafedrasının dosenti Tarverdi Rzayev şöbədə aparılan müasir müayinə-müalicə üsulları ilə bağlı “Təbib” qəzetinə ətraflı məlumat verib. Onun bildirdiyinə görə, invaziv endoskopiya ölkəmizdə 2000-ci illərin əvvəllərindən tətbiq olunmağa başlayıb 

Ölkəmizdə bu sahənin inkişafında özünün xidmətlərindən söhbət açan dosent T.Rzayev onun rəhbərlik etdiyi şöbədə xəstələrin mədə-bağırsaq sisteminin, öd yollarının, yuxarı tənəffüs yollarının, bronxların müayinə və müalicə olunduğunu, adıçəkilən orqanlarda lazımi əməliyyatların aparılıdığını bildirib. O, həmçinin müasir avadanlıqlar ilə təchiz olunmuş şöbədə rəqəmsal texnologiya vasitəsi ilə selikli qişada patologiyaları aşkar etməyin mümkün olduğunu da qeyd edib. İnvaziv endoskopiyanın diaqnostik endoskopiyadan üstün və fərqli cəhətlərini belə izah edib: “ sovet məkanında əsasən diaqnostik endoskopiya tətbiq olunurdu. Xəstənin qida borusu, mədəsi və ya da yoğun bağırsağı müayinə olunar, əgər polip aşkarlanardısa, cərrahi yolla aradan qaldırılardı. O zaman xəstədə daxili qanaxma baş verərdisə, onun qarşısını almaqda həkimlər problemlə üzləşərdilər. Bu da əksər hallarda insan həyatının itirilməsi ilə nəticələnərdi. Amma müasir avadanlıqların tətbiqi ilə əlaqədar imkanlar çox dəyişib. Biz müasir texnologiyaların imkanlarından istifadə etməklə daxili qanaxma ilə şöbəmizə müraciət edənlərin üzləşdikləri təhlükəni aradan qaldırmaq imkanlarına malikik”.

Diaqnostik və invaziv endoskopiya şöbəsində təcrübəli, savadlı həkim və tibb bacılarının işlədiyini qeyd edən şöbə müdiri özünün də Ankarada Hacəttəpə Universitetində və Türkiyə Yüksək İxtisas Xəstəxanasında ixtisas təhsili aldığını diqqətə çatdırıb. Xəstələr arasında öd yolları, mədə-bağırsaq, portal hipertenziya, qaraciyər patologiyası ilə üzləşənlərin üstünlük təşkil etdiyini bildirib. Ümumiyyətlə, şöbədə açıq əməliyyatların aparılmadığını və burada çalışan həkimlərinin protokol qaydalarına əməl etdiyini vurğulayıb. Açıq əməliyyatların əksər hallarda xəstə üçün problemlər yaratdığını qeyd edib: ”Açıq əməliyyatdan sonra xəstələrin bir sıra problemlərlə üzləşdiyinin şahidi oluruq. Bitişmələr əmələ gəlir. Bəzən öd yollarında yaddan çıxan daşlar olur. Xəstələrdə ağırlaşma hallarına daha çox rast gəlinir.
Amma müasir avadanlıqlardan istifadə bizə əməliyyat zamanı öd yollarını təkrar yoxlamağa imkanlar yaradır”.

Həkim söhbətimiz zamanı xəstələrdə daxili qanaxmaya səbəb olan məqamlara da toxunub. Bildirib ki, buna səbəblərdən biri əksər hallarda xəstələrin öz sağlamlıqlarının qayğısına biganə yanaşmasıdırsa, digər səbəbi isə həkimlərin xəstələri müalicə edərkən zəruri olan bəzi məsələlərə diqqət yetirməməsidir: ”Bunun üçün bir misal çəkim; xəstə tutaq ki, hepatitə görə qaraciyər xəstəliyindən 3 ildir müalicə alır. Həkim bu müddət ərzində bir dəfə də olsun onun mədəsini və ya yemək borusunu müayinə etdirmir. Nəticədə mədədə və ya yemək borusunda venalar varikoz genişlənir və profuz qanaxmaya səbəb olur. Ona görə həkimlər müalicə zamanı əsasən məsələnin bu tərəfinə də diqqət yetirməlidirlər”.

Dosent T.Rzayev söhbətinin sonunda hər kəsin bu və ya digər təhlükələrlə üzləşməməsi üçün 40 yaşdan yuxarı rutin olaraq ildə bir dəfə, risk təşkil edən xəstələrin isə protokola uyğun endoskopik müayinədən keçmələrini tövsiyə edib. Belə olarsa, xəstəliklərin yarada biləcəyi ağırlaşma hallarının zamanında aradan qaldırlacağının mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, T.Rzayev öz sahəsi üzrə davamlı olaraq biliklərini artıran, öz üzərində işləyən həkimlərimizdəndir. O, endoskopiya sahəsindəki yeniliklər, tətbiq olunan yeni üsullar ilə yaxından tanış olmaq, tibbi bilik və təcrübəsini daha da artırmaq məqsədilə daim keçirilən beynəlxalq konfrans, seminar və vorkshoplarda da iştirak edir. Sonuncu dəfə isə bu il yanvarın 10-da İstanbulun Bezmialem Universitendə keçirilən konfransda iştirak edib. Konfrans zamanı endoskopiyanın son naliyyətləri ilə yaxından tanış olub və müasir avadanlıqların tətbiq ilə aparılan əməliyyatlarda iştrak edib.

Onun iştirak etdiyi ERCP və EUS vorkshopda18 ölkədən 230 nümayəndə təmsil olunub.