Xəbərlər

Öd daşı xəstələri vaxtında əməliyyat olunmalıdır

Öd daşı xəstələri vaxtında əməliyyat olunmalıdır

21.11.2018

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da daha çox rast gəlinən xəstəliklərdən biri öd daşı xəstəliyidir. Öd daşı – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında öd daşından əziyyət çəkən xəstələrə yüksək səviyyəli yardım göstərilir, ən ağır durumda belə əməliyyat yolu ilə xəstənin sağalmasına nail olunur.

Bu barədə klinikanın direktoru, professor Surxay Hadıyev bildirir ki, xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur: «Yaxın günlərdə klinikamızda bu xəstəlikdən əziyyət çəkən, ağır durumda olan pasiyent əməliyyat olunub. Xəstə öd hissəsində güclü ağrılardan şikayətlənirdi. Müayinələr nəticəsində xəstənin həm öd kisəsində, həm də ümumi öd axarında, yəni qaraciyərdən çıxan axarda daşlar aşkarlandı. Cərrahiyyə əməliyyatı nəticəsində xəstənin öd kisəsi xaric edildi, öd axarının daşları təmizləndi. Əməliyyat zamanı rentgen olundu və axarın təmizliyinə əmin olduqdan sonra sonra öd axarının kəsiyi tikildi”.

S.Hadıyevin sözlərinə görə, öd daşı olan xəstələrdə adətən yağlı yeməklərdən sonra sancılar olur. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli silkələndikdə və ya digər bu kimi hallarda daş öd kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir. Sancı ilə yanaşı, xəstənin göz rəngində saralma, sidiyin rənginin tündləşməsi kimi əlamətlər olur. Bu, fəsadlaşmış öd daşı xəstəliyidir və mədəaltı vəzinin iltihabı olan pankreatit yarada bilər. Həkimin sözlərinə görə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur.

Hazırda öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv-laparoskopik, ya da açıq üsulla icra olunur. Müasir dövrdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90 faizi laparoskopik üsulla yerinə yetirilir. Bu halda xəstələr əməliyyatdan 4-5 saat sonra yataqdan qalxıb gəzə, qida qəbul edə bilirlər.#atutck