Xəbərlər

Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17.06.2018

17 iyun - səhiyyə işçilərinin peşə bayramı günüdür.
İyunun 16-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl tibb işçiləri, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışaraq deyib: “Bu gün biz öz taleyini ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin şərəfinə bayram keçiririk. Builki peşə bayramımız xüsusi məna daşıyır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik”.

Ötən 100 ildə Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçdiyini vurğulayan nazir Cümhuriyyət dövründə səhiyyə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb.

Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər.

Bu istiqamətdə işin sovet hakimiyyətinin ilk illərində də davam etdirildiyini, yüzlərlə yeni xəstəxana, poliklinika və aptekin yaradıldığını vurğulayan O.Şirəliyev deyib ki, Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutunun əsası qoyulub, bir neçə elmi tədqiqat institutu fəaliyyətə başlayıb. Burada milli tibb kadrlar hazırlanmağa başladı, elmi məktəblər yarandı. Həmin dövrdə Azərbaycanın Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Əbülfəz Qarayev və digər tanınmış alimlərinin adları sovet ölkəsində böyük hörmətlə çəkilir, onların tədqiqatları dərsliklərdə təqdim olunurdu.

Nazir müasir dövrdə Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, Mehriban Əliyevanın ölkəmizdə əhalinin, xüsusilə də gənc nəslin sağlamlığı ilə bağlı ən mühüm problemlərin həllinə yönəlmiş addımları, onun tövsiyəsi ilə qəbul olunmuş qərarlar, qanunlar, Dövlət proqramları, yaradılan tibb mərkəzləri səhiyyəmizin tərəqqisinə böyük töhfədir.

Digər çıxış edənlər də Azərbaycan səhiyyəsinin inkişafından, onun beynəlxalq aləmdə xüsusi yerindən danışıblar. Qeyd edilib ki, beynəlxalq qurumlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirir, bir sıra hallarda bunu digər dövlətlərə də nümunə göstərirlər.

Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda səhiyyə sahəsində fərqlənən şəxslər təltif olunublar.

Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub