Xəbərlər

GƏNC ANANIN HƏYATI NECƏ XİLAS EDİLDİ

GƏNC ANANIN HƏYATI NECƏ XİLAS EDİLDİ

26.02.2018

Təbii doğuşdan 1ay sonra, 26 yaşlı S.F. sol aşağı ətrafında qəflətən kəskin ağrı və ödem yaranmışdır. Bundan ciddi narahat olan pasient doğuşun qəbul edildiyi ATU-nun Tədris Cərrahiyyə Klinikasının İ mama-ginekologiya şöbəsinə öz həkimi ass.N.Allahverdiyevaya təkrar müraciət etmişdir. Pasient prof.M.M.Kərimov tərəfindən konsultasiya olunmuş , vəziyyəti kritik olaraq qiymətləndirilmiş və ürək-damar cərrahiyyəsi şöbəsinə köçürülərək təcili müayinələrə başlanmışdır. Dupleks müayinəsində sol aşağı ətrafın demək olar ki bütün venoz sisteminin total zədələnməsi – dərin, səthi və kommunikant venaların yayılmış trombozu aşkar edilmişdir. Klinik olaraq pasientdə “Fleqmaziya cerulae dolens”, yəni venoz qanqrenadan şübhələnilmiş və təcili müasir yüksək texnoloji müalicə üsullarindan istifadə edilməsinə qərar verilmişdir. Bununla əlaqədar klinikanın invaziv kardioloqu Q. İmanov dəvət olunmuş, məsləhətləşmədən sonra yekun qərar qəbul edilmişdir: trombun proksimal ucunun sol xarici qalça venasına çatması və flotasiyaya şübhəli olmasına görə təcili aşağı boş venaya kava filtr yerləşdirmək.
Təxminən 30-40 dəqiqəlik hazırlıq işlərindən sonra pasient angioqrafiya otağına verilmiş və prosedura başlanılmış (əks sağlam tərəfdən), amma prosedur zamanı trombun aşağı boş venaya da sirayət etməsi emboliya riskini atrırdığı üçün bunu femoral (qasıq) venasında icra etmək mümkün olmamışdır. Səbəbini aydınlaşdırdıqda trombun çox sürətlə böyüyüb artıq aşağı boş venaya yayılması və onun mənfəzini tam bağlaması müəyyən edilmişdir.Ona görə də vaxt itkisinə yol vermədən boyundan vidaci venaya, oradan yuxarı boş, sonra isə aşağı boş venaya daxil olunmuşdur. Kava filtr məhz bu səviyyədə böyrək venalarının altına yerləşdirilmiş və sözün əsl mənasında pasientin həyatı xilas edilmişdir.Bundan sonra xəstəyə intensiv konservativ müalicə davam etdirilmiş və çox qısa müddət ərzində ağrılar, ödem əhəmiyyətli dərəcədə azalmış, ətrafın rəngi normallaşmışdır. Pasient nəzarətimiz altında ambulator müalicə üçün kafi vəziyyətdə evə yazılmışdır.
P.S.Genetik müayinədən sonra pasientdə kəskin trombozun səbəbi - antifosfolipid sindrom aşkar edildi.
Əsas nəticələr :
Kəskin ilio-femoral trombozlar çox qısa müddətdə qeyri-adi sürətlə böyüyüb pasientin həyatı üçün real təhlükə yarada bilər;
Antikoaqulyant terapiya fonunda əvvəlcə (profilaktik olaraq) kava filtrlərin qoyulması və sonra intensiv müalicə tədbirlərinin davam etdirilməsi daha məqsəədəuyğun sayıla bilər;
Kəskin trombozun səbəbinin axtarılması və aşkar edilməsi xəstənin müayinə alqoritminə daxl edilməlidir;
Multidissiplinar yanaşma və müxtəlif ixtisaslı həkimlərin (bu halda damar cərrahı, ginekoloq, radioloq, uzman həkim laborant və s.) birgə əməkdaşlığı müalicənin uğurlu olmasını sərtləndirən əsas amillərdəndir. #atutck