Xəbərlər

Azərbaycanda eşitmə problemi yaranan insanlar çoxalıb

Azərbaycanda eşitmə problemi yaranan insanlar çoxalıb

31.01.2018

Eşitmə zəifliyi ciddi tibbi və sosial problemdir. Əhalinin 10-15%-i, xüsusən, yuxarı yaşlı insanlar eşitmə pozulmasından əziyyət çəkir. Ağır eşitmə xəstəni müəyyən dərəcədə ətraf mühitdən tədric edir, insanlarla ünsiyyət qabiliyyəti itir, ətraf mühitin təhlükəsinə uyğun reaksiya yaranmır. Ağır eşitmənin psixoloji fəsadları var: əsəbilik, özünə qapanma, şübhə, ruh düşkünlüyü, depressiya. Davranış pozuntusu və antisosial adətlər yaxınları tərəfindən ruhi xəstəlik kimi anlanılır. Son zamanlar isə eşitmə zəifliyindən şikayət edən insanların sayında artım müşahidə edilir.
Buna səbəb olan amillər nələrdir?
Azərbaycan Tibb Universitetinin (ATU-) Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin həkimi Murad Şıxəliyev bildirib ki, son zamanlar eşitmə zəifliyindən şikayət edənlərin artmasının bir neçə səbəbi var:
“İlk növbədə əvvəllər bizdə diaqnostik metodlar az idi. Lakin hazırda audiometriya deyilən metod var və onun vasitəsilə eşitmənin azalma keyfiyyətini müayinə edib aşkar edə bilirik. Bu da problemlərin ortaya çıxmasına şərait yaradır.
İkinci səbəb isə 10-15 il əvvəlkinə nisbətən insanların yaşayış səviyyəsinin, maddi rifahının artmasıdır. Yəni bunun nəticəsində bizdə özünə fikir vermək, öz problemlərini anlamaq mədəniyyəti formalaşıb. Məsələn, əvvəllər idman zallarına gedənlər yox idi, sağlamlıqlarına diqqət edənlərin, hərəkət edənlərin sayı az idi. Lakin indi vəziyyət tam başqadır, müsbətə doğru dəyişir. O cümlədən Rusiya, İran, Türkiyə kimi xarici dövlətlərdən gələn mütəxəssislərin, müvafiq qurumların maarifləndirmə məsələsi də burada öz rolunu oynayır. Yaşla əlaqədar olaraq da eşitmə qabiliyyəti azala bilər. Digər tərəfdən əhalinin orta yaş həddi artıb və bu da eşitmə ilə əlaqəli şikayətlərin sayına təsir edir”.
M.Şıxəliyev qeyd edib ki, hazırda insanların qulaqlıqlardan istifadə etməsi də eşitmə zəifliyinə səbəb olur:
“Qulaqlıqlardan mütəmadi istifadə edən yeniyetmələr, gənclər hər zaman çalışır ki, səsin tonunu bir az yüksək səviyyəyə qaldırsın. Halbuki qulaqların real düşməni yüksək səslərdir. Qulaqlıqdan nəzarətsiz istifadə isə daxili qulaqda eşitmə probleminin yaranmasına gətirib çıxarır. Bu baxımdan səsə yüksəkliyinə ciddi nəzarət etmək lazımdır. Həmçinin, eşitmə zəifliyinə səbəb olan digər amillərdən biri təəssüf ki, toylarımızdır. Belə ki, hazırda şadlıq saraylarında keçirilən toylarda həddindən artıq yüksək səs tonları olur. Adətən toylardan çıxanda qulaqlarda küy, ağırlıq hissi müşahidə edilir. Bu da eşitməyə birbaşa mənfi təsir edir.
Qulaq xəstəlikləri müxtəlifdir. Hər yaşın özünəməxsus qulaq xəstəlikləri var. Bu baxımdan qulaq xəstəliklərinin artıb və ya azalmasını demək doğru olmazdı. Təbii ki, eşitmə ilə əlaqəli xəstəliklərdə artım müşahidə edilir. Bu da şəhərdəki yorucu, yüksək səslərlə birbaşa bağlıdır”.
Murad Şıxəliyev həmçinin qulaqla bağlı tövsiyyələrini də bölüşüb:
“İlk növbədə qulağı qulaq çöpləri ilə təmizləmək olmaz. Qulaq çöplərindən istifadə edərkən biz bilmədən kiri qulağımızın daxilinə ötürürük. Çirkin bir hissəsi pambığın ucunda xaric olunsa da, daha böyük bir hissə çöpün köməyi ilə qulağımızın daxilinə itələnir. Bir müddət sonra bu eşitmə problemləri ortaya çıxarır. Sözügedən çöplər qulaqda otit və göbələk kimi xəstəliklərin yaranması üçün şərait yaradır. Bununla yanaşı, qulaq çöpləri qulağınızda olan kiçik tük, dəri quruntuları, toz kimi zərərli maddələri qulağınızın daxilinə itələyir. Tövsiyə edirəm ki, bu çöplərdən qətiyyən istifadə etməyəsiniz. İkincisi, qulaqlıqlardan istifadə etməyin qarşısını almaq lazımdır. İnsanlar bu əşyadan bir qədsər çəkinməlidirlər. Həmçinin yüksək səslərdən qaçmaq lazımdır. Tez-tez təbiətə çıxmaq, sakit mühitdə olmaq, bir qədər sükuta dalmaq məsləhətdir. Çünki bu yeknəsək həyatımızdan fərqli olaraq qulağımız üçün çox xeyirlidir. O cümlədən davamlı olaraq eşitmə problemi hiss edənlər, ağrıları olanlar mütləq həkimə müraciət etməlidirlər”.#atutck