Xəbərlər

ATU-nun Fransa Universitetləri ilə əlaqələri genişlənir

ATU-nun Fransa Universitetləri ilə əlaqələri genişlənir

10.09.2015

ATU-nun Fransa Universitetləri ilə əlaqələri genişlənir

Bu gün Azərbaycan Tibb Universiteti (ATU) Fransa səfirliyindən olan qonaqları qəbul edib. Belə ki, Fransanın Azərbaycandakı Səfirliyinin Universitet əməkdaşlığı üzrə məsul nümayəndəsi, Campus France agentliyinin Azərbaycandakı təmsilçisi Batist Minyo ilə universitetdə görüş keçirilib.

Görüş zamanı ATU-nun xarici əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonağa ATU-nun fəaliyyəti, tədris sistemi, istifadəyə verilmiş klinikaları haqqında ətraflı məlumat verib. Universitetin Stomatoloji, Onkoloji, Tədris-terapevtik və Tədris-cərrahiyyə klinikalarının ən müasir tibbi avadanlıqlarla təchiz olunduğu, burada tədris prosesi ilə yanaşı, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyi bildirilib.

Xanım R.Qabulova həmçinin, ATU-nun son illər daha da genişlənən beynəlxalq əlaqələri haqqında məlumatı da cənab Minyonun diqqətinə çatdırıb. Hazırda Tibb Universitetinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyi, birgə beynəlxalq seminarlar, elmi konfranslar təşkil olunduğu qeyd edilib. Tibb Universitetinin bir sıra nüfuzlu mübadilə proqramlarına qatıldığı, ATU tələbələrinin xarici ölkələrdə keçirilən kurslarda iştirak etdiyi vurğulanıb.

Daha sonra ATU-nun xarici əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov Fransa Universitetləri ilə əlaqələrin genişlənməsini nəzərdə tutan layihə hazırlanması haqqında təkliflə çıxış etdi. Qarşılıqlı əməkdaşlığın konturlarının dəqiqləşdirilməsi, konkret təkliflərin hazırlanması məqsədilə növbəti görüş haqqında qərar verildi. Görüşdə həmçinin Tədris Cərrahiyyə Klinikasının Tədris-Treyninq Mərkəzinin rəhbəri Qorxmaz Əhmədov iştirak edirdi.