Xəbərlər

VAXTINDA APARILAN MÜALİCƏ BİR ÇOX PROBLEMLƏRDƏN ÇIXIŞ YOLUDUR

VAXTINDA APARILAN MÜALİCƏ BİR ÇOX PROBLEMLƏRDƏN ÇIXIŞ YOLUDUR

23.11.2022

Həkim deyir ki, qızlarda cinsi inkişafın ləngiməsinə diqqət etmək lazımdır

2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun irəli sürdüyü təşəbbüsə əsasən, Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib və noyabrın 17-də qeyd edilir. Həmin vaxtdan etibarən dünyada aparılan statistikaya görə, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur.

Bu barədə qəzetimizə danışan ATU-nun I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Natəvan Axundova söyləyib ki, vaxtından əvvəl doğuşlar hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər baş verir: “Vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12% arasında dəyişir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksəkdir. Vaxtından əvvəl doğuşların təxminən 40%-i hamiləliyin 34-cü həftəsinə qədər, 20%-i isə 32-ci həftəsinə qədər baş verir. Bir çox mamalıq ağırlaşmaları, somatik və anatomik pozğunluqlar vaxtından əvvəl doğuşların meydana çıxmasına səbəb ola bilər.

Həkim rastlaşdığı maraqlı bir hadisə ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, 18 yaşlı qız ikincili cinsi əlamətlər - süd vəziləri, qasıq və qoltuqaltı tüklənmənin, eləcə də menstruasiyanın olmaması şikayəti ilə müraciət edibmiş: “Qızlarda 16 yaşdan menstruasiya başlamayıbsa və ikincili cinsi əlamətlər yoxdursa, bu, cinsi inkişafın ləngiməsi kimi dəyərləndirilməli və səbəbini aşkar etmək üçün müayinələr aparılmalıdır. Pasiyentdə qanın formalı elementlərinin, eləcə də hormonal analizlərin təhlili, ultrasonoqrafiya, başın yan proyeksiyada və əllərin mil-bilək oynağı ilə rentgenoqrafiyası, D vitamininin təyini və bir çox müayinələr aparıldı. Nəticədə ağır dəmir defisitli anemiya, qonadotrop və estrogen hormonların azalması (hipoqonadotrop hipoqonadizm), D vitamini çatışmazlığı aşkar edildi və müalicəyə başlanıldı. Artıq müalicənin üçüncü ayında müsbət dinamika müşahidə edildi, ikincili cinsi əlamətlər yarandı, genital orqanların ultrasəs müayinəsində ölçülərin böyüməsi aşkarlandı. Müalicənin altıncı ayında menstrual tsikl yarandı. 20 yaşında ailə həyatı quran həmin pasiyent hamilə qalmadığı üçün yenidən bizə müraciət etmişdi. Sonsuzluğun səbəbi araşdırıldı, kişi amili, boru-peritoneal amillər istisna olundu, qonadotropinlərlə ovulyasiya indunsiya edildi. Nəticədə pasiyent hamilə qaldı və 36-cı həftədə təbii yolla uşaq dünyaya gətirdi”.

N.Axundova nəzərə çatdırıb ki, cinsi inkişafın ləngiməsinə qarşı vaxtında aparılan müayinə və müalicə reproduktiv və menstrual funksiyanın bərpasına, sonda sağlam övladın dünyaya gəlməsinə, bir ailənin sonsuz sevincinə səbəb olur.