IV cərrahi xəstəliklər kafedrası

Tələbələrin sayının getdikcə artmasını nəzərə alaraq yeni kafedraların yaranmasına ehtiyac duyulduğundan 1944 - cü ilin əvvəllərində Azərbaycan Dövlət Tibb institutunda bir sıra yeni kafedraların yaranması zərurəti meydana çıxmışdır. 

Bu məqsədlə 1944 -cü ilin oktyabrında yeni yaradılan cərrahi xəstəliklər kafedrası akademik M.A.Topçubaşovun rəhbərlik etdiyi fakultə cərrahiyyəsi  kafedrasından ayrılaraq təşkil edilmişdir.Yeni yaradılan kafedraya rəhbərlik akademik M.A.Topçubaşovun ən bacarıqlı şagirdlərindən biri olan 33 yaşlı tibb elimləri doktoru Fuad Ələddin oğlu Əfəndiyevə tapşırılmışdır.

1944-cü ildən 1949-cu ilə qədər kafedra Semaşko adına 1 №-li şəhər klinik xəstəxanasının 60 çarpayılıq 14-a korpusunda yerləşdirilmiş və orada fəaliyyət göstərmişdir. 1949-cu ildən etibarən isə kafedra 4 №-li şəhər klinik xəstəxanasının 90 çarpayılıq cərrahi klinikasına köçürülmüşdür.

Kafedranın əsası qoyulduqdan, yəni 1944-cü ildən 1963-cü ilə qədər klinikaya prof. F.Ə.Əfəndiyev, sonralar isə 1963-1971-ci illərdə prof. Tahirov A.N., 1971-1980-ci illərdə prof. X.C.Quliyeva, 1981-1990-cı illərdə prof. Ş.B.Quliyev rəhbərlik etmişlər.1991-ci ildən hal-hazıra qədər kafedraya ə.e.x prof. M.Y.Nəsirov rəhbərlik edir. Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı illərdə elmi-tədqiqat işləri və müalicə prosesi əsasən yaralılara və yaralanmaların fəsadları ilə əlaqədar xəstəliklərin müalicəsinə yönəldilmişdir. Sonrakı illərdə klinikaya daxil olan xəstəliklərin profillərində dəyişiklik getdikcə, aparılan elmi-tədqiqat işlərinin istiqaməti də gündəlik tələbata uyğunlaşdırılaraq daim təkmilləşdirilmişdir.

Müharibədən sonrakı illərdə prof. F.Ə.Əfəndiyev kafedrada köks qəfəsi cərrahiyyəsinin əsasını qoymuş və burada təkcə yaralanmaların fəsadları ilə deyil, həm də ağciyər vərəminin cərrahi müalicəsi, plevranın empiyeması və ağciyərin irinli-iltihabı proseslərinin müalicəsi ilə məşğul olmuşdur.

Professor F.Ə.Əfəndiyevin bilavasitə rəhbərliyi altında kafedrada demək olar ki, ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi - hematologiyanın əsası qoyulmuş və sonradan bu sahələr ayrı-ayrı elmi-tədqiqat institutları kimi inkişaf etmişdir.

Kafedrada ilk dəfə ürək və magistral damarlar üzərində rekonstruktiv cərrahi əməliyyatlar aparılmış, müasir anesteziolokiyanın və eksperimental cərrahiyyənin əsası qoyulmuşdur.

Prof.F.Ə.Əfəndiyevin rəhbərliyi altında klinikada bir sıra yeni oricinal üsullar tədbiq edilmişdir.Hematorakslar zamanı onun təklif etdiyi "ekspress" metod böyük nəzəri və praktiki əhəmiyyətə malik olduğundan akademik N.N.Burdenko adına mükafata layiq görülmüşdür.

Kafedranın yaranmasında və sonrakı inkişafında böyük xidmətləri olan prof. F.Ə.Əfəndiyev görkəmli mütəxəssis, beynəlxalq aləmdə hörmətə malik olan şəxsiyyət kimi tanınmışdır.O, beynəlxalq cərrahlar assosasiyasının həqiqi üzvü, beynəlxalq hematoloqlar cəmiyyətinin üzvü seçilmişdir.Dəfələrlə Azərbaycan və o vaxtı Sovetlər ittifaqının elmini müxtəlif beynəlxalq simpozium və qurultaylarda: İngiltərədə, İtaliyada, Avstraliyada və s. ölkələrdə təmsil etmişdir.

Prof. F.Ə.Əfəndiyev öz əməkdaşları Quliyeva X.Ç., Rzayev N.M., Kərimov H.M., Xanəliyev N.M., Məlikova M.X., Qiyasbəyova S.İ. və  başqaları ilə birlikdə cərrahiyyənin müxtəlif sahələrinə həsr olunmuş elmi əsərlərlə çıxış etmişdir / köks qəfəsi cərrahiyyəsi, ftizio - cərrahiyyə, cərrahi hematologiya, portal hipertenziya, ürük damar cərrahiyyəsi və s / . 

Prof. F.Ə. Əfəndiyevin tələbələri sonralar elmi-tədqiqat institutlarına,tibb institutunun kafedralarına, müxtəlif elmi-tədqiqat labaratoriyalarına rəhbərlik etmişlər.

Fuad Ələddin oğlu Əfəndiyev 20 sentyabr 1963-cü ildə 54 yaşında həyat və elmi fəaliyyətinin çiçəkləndiyi bir dövrdə dünyasını dəyişdi.F.Ə. Əfəndiyevin ölümü bu gün də onun tələbələri, bütün Azərbaycan xalqı və Azərbaycan elmi üçün ağır itgi sayılır.

F.Ə. Əfəndiyev qısa elmi fəaliyyəti dövründə 200-dən artıq elmi əsər, 3 monoqrafiya, 2 səmərələşdirici təklif dərc etdirmişdir.Respublika tibb aləmi üçün 9 tibb elmləri doktorları, 14 tibb elmləri namizədləri hazırlamışdır.

Professor F.Ə. Əfəndiyevin ölümündən sonra 1964-1973-cü illərdə kafedraya prof. Tahirov Aslan Nəzər oğlu rəhbərlik etmişdir.

1964-cü ildə köks qəfəsi cərrahiyyəsi şöbəsi kafedranın tərkibindən ayrılaraq Azərbaycan Elmlər Akademiyasının nəzdində sərbəst Elmi - Tədqiqat Eksperimental və klinik təbabət İnstitutu kimi formalaşır.

Bundan sonra professor A.N.Tahirovun rəhbərliyi altında kafedrada pedaqoji və müalicəvi işlərlə yanaşı elmi işlər aşağıdakı istiqamətlərdə aparılmışdır.

  1. Qarın boşluğu üzvlərinin müxtəlif xəstəliklərində qanın laxtalanma sisteminin öyrənilməsi.
  2. Müharibədən sonrakı dövrdə hərbi zədələnmələrin fəsadlarının müalicəsi.
  3. Qaraciyər və öd yollarının cərrahi xəstəlikləri.
  4. Yanıqların müalicəsi.

Prof A.N.Tahirovun Böyük Vətən müharibəsi dövründə qazandığı zəngin təcrübə kafedranın əməkdaşları üçün dəyərli elmi və praktiki məktəbə çevrilmişdir. Prof. A.N. Tahirov 130-dan artıq elmi əsərin, 2 metodik vəsaitin və çoxlu əməli təkliflərin müəllifi olmuşdur.

Prof A.N. Tahirovun vəfatından sonra kafedraya rəhbərlik üçün F.Ə. Əfəndiyevin tələbələrindən biri prof. Quliyeva Xurşud Cəmil qızı seçilir.

Prof. Quliyeva X.C kafedranın yarandığı ilk cündən burada işləmiş, ordinator, assisent və nəhayət professor səviyyəsinə qədər yüksəlmişdir.

Prof. Quliyeva X.C 1970-1980-ci illərdə kafedraya rəhbərlik etmiş və bu dövrdə prof. F.Ə. Əfəndiyevin və prof A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirir.

Prof. X.C Quliyeva 100-dən artıq elmi əsərin müəllifidir.Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. Prof. Quliyeva X.C hal-hazırda kafedranda professor-konsultant kimi fəaliyyətini davam etdirir.

Sonrakı 10 il müddətində / 1980-1991 - ci illər kafedraya prfessor Quliyev Şamil Bəşir oğlu rəhbərlik etmişdir.Bu dövrdə kafedranın ümumi elmi problemləri periferik damarların patalogiyası, onların şəkər xəstəliyi fonunda ağırlaşmaları qaraciyər və öd yollarının patalogiyası, mədəaltı vəzin cərrahi xəstəlikləri və i.a. / öyrənilməkdə davam etdirilir.Bundan əlavə kafedranın əməkdaşları institutun elmi - tədqiqat labaratoriyası və patofizologiya kafedrasının əməkdaşları ilə birlikdə geniş elmi tədqiqat axtarışlarına girişərək müxtəlif mənşəli peritonitlərin müalicəsində böyük əhəmiyyəti olan endolimfatik müalicə üsullarını eksperimental olaraq işləyib, araşdırılır və klinik təcrübəyə tətbiq edirlər.

Kafedra əməkdaşlarının hərbi səhra cərrahiyyəsi sahəsində dərin nəzəri bilikləri və geniş təcrübəsini nəzər alaraq institut rəhbərliyi pediatriya, stomatologiya və tibbi - sanitariya fakultələrində cərrahiyyə fənninin tədrisi ilə bərabər hərbi səhra cərrahiyyəsi üzrə tədris saatlarının bu kafedrada aparılmasını məsləhət bilir.Bu səbəbdən kafedrada tələbələrin sayının artması ilə əlaqədar kafedraya əlavə klinik baza ayrılması zəruriyyəti meydana çıxır.Bu məqsədlə Respublika klinik xəstəxanasının cərrahi şöbəsi əlavə baza kimi kafedranın ixtiyarına verillir.

Beləliklə, kafedra əməkdaşlarının elmi əlaqələri, eləcə də praktik və tədris imkanları daha da genişlənir.

10 ildən artıq kafedraya rəhbərlik etmiş prf. Quliyev Ş.B. 120-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 3 metodik vəsaitin müəllifidir.

1991-ci ildə kafedraya rəhbərlik üçün professor Nəsirov Məmməd Yəhya oğlu seçilir. Həmin ildən başlayaraq klinikada praktik cərrahiyyə nöqteyi - nəzərindən yeni canlanma dövrü başlanır.Qısa müddətdə - cərrahiyyə otağı yenidən qurulur, yeni avadanlıq və cərrahi alətlərlə təchiz olunur.

Klinikanın elmi tematikası: şəkərli diabet fonunda periferik damarların angiopatiyası aşağı ətraf arteriyalarının obliterasiyaedici xəstəlikləri və onların fəsadları, müxtəlif mənşəli peritonitlərdə endolimfatik müalicə üsullarının daha geniş tədbiqi və elmi əsaslandırılması ilə bərabər qaraciyər, öd yolları, mədə və 12 barmaq bağırsaq sisteminin patalogiyası və onların fəsadlarının cərrahi müalicəsi istiqamətində mühüm işlər aparılır.Bundan başqa,, əlaqədar kafedralar, institutlar və labaratoriyalarla birlikdə / Tibb Universitetinin Elmi - Tədqiqat Mərkəzi, Mikrobiologiya, farmakalogiya, sitologiya, embriologiya və histalogiya kafedraları və Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu və s./ müştərək elmi - tədqiqat işlərinin aparılması təşkil edilir.

Professor M.Y.Nəsirovun bilavasitə iştirakı və rəhbərliyi altında klinikada mədə və 12 b. bağırsaq xoralarının cərrahi müalicəsində mütərəqqi üsulların tədbiqi və eləcə də cərrahi əməliyyatın texnikası sahəsində bir sıra metodiki və səmərələşdirici təkliflər işlənib hazırlanmışdır ki, bu da cərrahi əməliyyatdan sonrakı dövrdə fəsadlaşmaları və ölüm faizini minimuma endirmişdir.

Klinikada yeni istiqamət kimi başlanan mədə və 12 b. bağırsaq xəstəliyinin cərrahi müalicə mövzusu şübhəsiz ki, geniş və müasir tədqiqatlar tələb edir.Bu məqsədlə Azərbaycan Elmlər Akademiyasının fiziologiya institutu ilə  müştərək aparılan elmi axtarışlar mədə və 12 b. bağırsağın xora xəstəliyinin patogenezinə yeni baxışların və münasibətlərin meydana gəlməsinə, tibb universitetinin farmakologiya kafedrasının əməkdaşları ilə aparılan axtarışlar isə cərrahi əməliyyatlardan sonra xəstələrin optimal qidalanması üçün yeni preparatların yaradılmasına gətirib çıxarır.

Kafedrada elmi və praktik işlərin yeni istiqamətləri ilə bərabər tədris prosesində də dəyişikliklər baş verir. Kafedranın elmi, praktiki və kadr potensialının güclənməsi ilə əlaqədar olaraq əvvəlki illərdən fərqlənərək universitetin müalicə - profilaktika fakultəsinin tələbələri / subordinatorlar / və həkim - internlər kafedrada tədris prosesinə cəlb olunurlar.

Beləliklə başlanğıcda / 1944-cü il / 2 nəfər əməkdaşı olan kafedrada uzun mürəkkəb yol keçərək həzırda pedoqoji, elmi, praktiki və mənəvi nöqteyi - nəzərdən möhkəm və sağlam ailə şəklində formalaşaraq 36 nəfərlik bir kollektivi birləşdirir, o cümlədən 2 əməkdar elm xadimi, 6 professor, 3 dosent, 11 assisent, baş laborantlar, aspirant, klinik ordinatorlar, dissertantlar, rezidentlər və s.

Fəaliyyət göstərdiyi müddətdə  kafedrada 12 tibb elmləri doktorlari, 40-dan artıq tibb elmləri namizədləri yetişmişdir.Kafedranın əməkdaşları tərəfindən 2500-dən yuxarı elmi əsər nəşr etdirilmiş, 24 monoqrafiya işıq üzü görmüş, 25 səmərələşdirici təklif və 70-ə qədər metodik vəsait dərc olunmuşdur.

Kafedranın əməkdaşları tərəfindən Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə institutunun dinləyiciləri və praktiki cərrahlar üçün "Cərrahi xəstəliklər", "Hərbi Səhra cərrahiyyəsi", "Cərrahiyyə" Azərbaycan və ingilis dillərində  dərsliklər və dərs vəsaitləri, o cümlədən Azərbaycanca - rusca - ingiliscə - fransızca - ərəbcə tibbi danışıq kitabları dərc etdirmişlər.

Bu müddət ərzində kafedrada 70 mindən artıq tələbə öz təhsilini müvəffəqiyyətlə davam etdirmişdir.

Kafedrada bir qayda olaraq daim tələbə - elmi cəmiyyəti fəaliyyət göstərir ki, bu da tələbələrdə elmi - tədqiqat işlərinə maraq oyadaraq onları gələcək elmi axtarışlara ruhlandırır. 80-dən artıq tələbə  kafedrada elmi tədqiqat işləri ilə məşğul olmuşdur.

Kafedranın əməkdaşları müxtəlif dövrlərdə Azərbaycan Tibb Universitetinin, eləcə də Respublikanın müxtəlif elmi strukturlarında müxtəlif vəzifələri tutmuş və indi də tutmaqdadırlar. 

Ə.e.x., prof. F.Ə.Əfəndiyev (Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Səhiyyə nazirliyinin Elmi-Tədqiqat Hematologiya institutunun ilk direktoru).

Ə.e.x., prof. Ş.B.Quliyev (Azərbaycan Tibb Universitetində fakultə dekanı, Cərrahiyyə üzrə problem komissiyasının sədri).

Ə.e.x., prof. M.Y.Nəsirov (Azərbaycan Tibb Universitetində dekan müavini, fakultə dekanı, Universitetin Xarici Əlaqələr üzrə prorektoru, Respublika Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri, Nazirliyin baş cərrahı, Azərbaycan Respublikası Elm və Texnika komitəsində Elmi-Tibbi Şuranın sədr müavini və sədri, Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının sədr müavini).

Prof. Ş.F.İbrahimli (Respublika Prezidenti yanında AAK-nin Təbabət üzrə ekspert komissiyasının elmi katibi, Azərbaycan Tibb Universitetində Cərrahiyyə üzrə problem komissiyasının sədri, doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının elmi katibi).

Prof. İ.T.Axundov (Respublika Prezidenti yanında AAK-nin Təbabət üzrə ekspert komissiyasının elmi katibi).

Prof. D.M.Pənahov (ATU-nun Tədris Cərrahiyyə klinikasında direktor müavini).

Kafedranın əməkdaşları müxtəlif illərdə Azərbaycan tibb elmini dünyanın müxtəlif ölkələrində Rusiyada, Ukraynada, Belarusda, orta Asiya ölkələrində, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, İtaliyada, Polşada, Türkiyədə, İranda, Gürcüstanda, İsveçdə, Niderlandda, Avstraliyada və s. ölkələrdə keçirilən beynəlxalq və regional konfranslarda təmsil etmişlər.

Kafedranın professorları Beynəlxalq cərrahlar Assosasiyalarına üzv seçilmiş, Respublikamızda dərc olunan " Azərbaycan Tibb Jurnalı",  "Cərrahiyyə", "Sağlamlıq", "Hepar", "Kimya, Biologiya, Tibb" və bir sıra beynəlxalq jurnallarının redaksiya heyətlərinə üzv seçilmiş, Beynəlxalq tibb assosasiyaları və Universitetlərinin fəxri diplomları və medalları ilə təltif edilmişlər. 

Hazırda kafedranın bütün əməkdaşları sağlam bir ailədə birləşərək mətinlik göstərir, bütün bacarıq və imkanlarından istifadə edərək tədrisin keyfiyyətcə yaxşılaşmasına, hazırki dövrdə tələbələrin mənəvi saflığının onlarda milli şüurunun formalaşmasına və Azərbaycan tibb elminin daha da zənginləşməsi və yüksəlməsi üçün səylə çalışırlar.

Kafedra müdiri                                         

ə.e.x.,prof                                                                   M.Y.NƏSİROV