Uşaq cərrahiyyəsi kafedrası

Hər hansı bir elm sahəsi barədə müfəssəl bir fikir söyləmək üçün hər şeydən əvvəl həmin sahənin tarixi hərtərəfli öyrənilməli və inkişaf dinamikası izlənməlidir.

XX əsrin əvvəllərində Azərbaycanda Milli azadlıq hərəkatı güclənmiş, Birinci Dünya müharibəsindən sonra baş verən coğrafi - siyasi dəyişiklər və Rus imperiyasının dağıdılması isə ölkədə müstəqil dövlət qurmaq üçün çox münbit şərait yaratmışdır. 1918-ci ilin may ayının 18-də Azərbaycan Milli Şurasının iclasında istiqlal bəyannaməsi qəbul edildi. May ayının 28-də isə Azərbaycan tam suveren dövlət, demokratik respublika elan edildi. Azərbaycan Demokratik cumhuriyyətinin müstəqilliyi ilə barışa bilməyən xarici qüvvələr onu beşiyindəcə boğmağa çalışırdılar. Bu işdə Rusiya xüsusi fəallıq göstərirdi. 1920-ci ilin aprelində Sovet Rusiyası Şimali Azərbaycanı hərbi yolla yenidən işğal etdi. Beləliklə də Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə son qoyuldu. Bununla belə qısa zaman kəsiyində (cəmi 23 ay) fəaliyyət göstərən Azərbaycan Demokrativ Cumhuriyyəti bir çox mühüm tarixi qərarlar qəbul etmişdir ki, onlardan biri də 1919-cu il sentyabr ayının 1-də Bakı universitetinin təşkil olunması haqqında qərar idi.

Cənubi Qafqaz respublikaları arasında ilk universitet 1918-ci ildə Tiflis şəhərində, sonra isə 1919-cu ildə Azərbaycanda təşkil edilmişdir. Azərbaycanda ali təhsil müəssisələrinin təşkilində o dövrdə Cənubi Qafqaz respublikalarında yaşayan mütərəqqi fikirli rus ziyalılarının böyük rolu olmuşdur. Bunlar arasında 1918-ci ilə qədər Qafqaz ordusunun baş cərrahı işləmiş professor M.J.Razumovskinin, Yuryev (Derpt) Universitetinin professoru, Qırmızı Xaç Cəmiyyətinin tibb hissəsinin rəhbəri ixtisasca patoloq- anatom J.J.Şirokoqorov, mama-ginekoloq F.N. İlyin və başqaları var idi.

Bakı Universitetinin tərkibində bir neçə fakultə olsa da ilk illərdə onlardan yalnız ikisi - tarix - filologiya və tibb fakultələri fəaliyyət göstərirdi. Bakı universitetinin ilk rektoru V.J.Razumovski tibb fakultəsinin dekanı isə professor J.J.Şirokoqorov təyin edilmişdir. Universitet rəhbərliyi qısa müddət ərzində o vaxtlar Bakıda yaşayan tibb kadrlarının və müəllimlərinin ən istedadlılarını seçərək tibb fakultəsinə işə cəlb edirdilər. Bunlar arasında B.K.Finkelşteyn, A.İ.Okinşeviç, A.A.Osmanda var idilər.

1919-cu il noyabr ayının əvvəllərində universitetə tələbə qəbulu başa çatdı. Noyabr ayının 10-da universitetin 1-ci iclası keçirildi və burada 44 nəfərdən ibarət professor-müəllim heyətinin tərkibi elan edildi. Onlardan 12-si professor, 5 dosent, 27-si isə assistent idi. İlk tədris ilində tibb fakultəsinin müəllimləri arasında bir nəfər də azərbaycanlı yox idi. 1920-1921-ci tədris ilində M.A.Topçubaşov, 1922-1923-cü tədris ilində isə M.A.Mirqasımov universitetə işə qəbul olundular. Sonrakı illərdə isə Avropa və Rusiyanın müxtəlif şəhərlərində tibbi təhsil alaraq Bakıya qayıtmış Milli kadrlar işə qəbul edilərək müəllimlərin sayı artırıldı (A.R.Talışinski, İ.M.İsmayılzadə, M.M.Hacıqasımov, A.F.Qafarov,T.K.Əmirov və.s.).

Artıq tibb kadrlarına böyük ehtiyac olduğunu nəzərə alaraq 1930-cu ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə bütün İttifaq üzrə tibb fakultələri Universitetlərdən ayrılaraq Müstəqil tibb universitetlərinə çevrildilər. Bu qərara müvafiq olaraq 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı və Azərbaycan Səhiyyə Komisarlığının tabeliyinə verildi.

Bakı Dövlət Universitetinin Tibb fakultəsində açılmış ilk kafedralardan bir neçəsi cərrahi yönümlü olmuşdur. Cərrahlıq əsasən , ümumi, fakultə və hospital cərrahlığı klinikalarda tədris olunurdu. Bu klinikalara görkəmli alim-cərrahlar rəhbərlik edirdilər. Bunlardan biri B.K.Finkelşteyn olmuşdur. B.K.Finkelşteyn (1871-1931) - geniş tibbi biliyə malik olan təcrübəli müəllim, mahir cərrah olmuşdur. O, 1920-ci ildə tibb fakultəsində ümumi cərrahlıq , 1921-ci ildə isə hospital cərrahlıq kafedrası yaratmış və ömrünün sonuna kimi ona rəhbərlik etmişdir. B.K.Finkelşteynin rəhbərlik etdiyi klinikada tədrisin təşkili ilə yanaşı o vaxta qədər öyrənilməmiş digər patologiyalara dair çoxlu elmi-tədqiqat işləri aparılmağa başlanmışdır. (öd daşı, sidik daşı; exinokokkoz, malyariya nəticəsində dalağın böyüməsi- splenomeqaliya, sümük-oynaq vərəmi; və s.). İlk dəfə olaraq professor B.K.Finkelşteyn tərəfindən 1921-ci ildə rus dilində ümumi cərrahlıq (руководства по общий хирургии) dərslik yazılmışdır. 1921-1931-ci illərdə kafedra əməkdaşları tərəfindən kliniki cərrahlığın aktual problemlərinə həsr olunmuş bir neçə doktorluq dissertasiyaları müdafiə olunmuşdur (İ.S.Qinzburq 1924, İ.L.Frayerman 1925, M.A.Mirqasımov 1927).

1931-ci ilin sentyabr ayının 20-də B.K.Finkelşteyn ürək tutmasından qəflətən vəfat etmişdir. Ondan sonra kafedraya ilk dəfə olaraq Milli kadr professor M.A.Mirqasımov müdir seçilmişdir.

A.İ.Okinşeviç (1868-1938). 1926-1938-ci illərdə ümumi cərrahlıq kafedrasına rəhbərlik etmişdir. O, tanınmış cərrah , alim, müəllim olmuşdur. Onun rəhbərliyi ilə qalxanabənzər vəzinin xəstəlikləri, qara ciyərin absesləri, irinli və təcili cərrahlığın bir sıra məsələləri ilə bağlı elmi-tədqiqatlar işi aparılmışdır. Onun tələbələri professor Z.M.Məmmədov, Q.R.Qurbanov, F.Ə.Əfəndiyev olmuşlar

A.A.Osman (1896-1930) böyük səhiyyə təşkilatçısı, alim, müəllim olmuşdur. O, fakultə cərrahlığına rəhbərlik etmişdir. A.A.Osman cərrahi xəstəliklərlə yanaşı uşaqlarda ortopedik qüsurların müalicəsinə dair elmi işlər aparmışdır. Onun davamçıları professor A.M.Topçubaşov, S.M.Hacıqasımov, M.B.Əbiyev, A.A.Hacıyev) olmuşdurlar. İstər ümumi, istərsə də hospital və fakultə cərrahlığı kafedralarının nəzdində 15-20 çarpayı uşaqlar üçün ayrılmış və onlar üzərində də cərrahi əməliyyatları böyük cərrahları icra edirdilər. Görkəmli cərrahlar olan B.K.Finkelşteynin, A.İ.Okinşeviçin, A.A.Osmanın, A.M.Topçubaşovun ilk illərdə uşaq cərrahiyyəsinin inkişafında böyük rolları olmuşdur. Professor M.Topçubaşov müxtəlif patologiyalarda uşaqlar üzərində cərrahi müdaxilələr etməklə yanaşı, yemək borusunun kimyəvi yanıqlarından sonra baş verən keçməzliklərdə süni yemək borusunun yaradılması; termiki yanıqların müalicəsində müstəsna xidmətləri olmuşdur. Bununla belə uşaqlara cərrahi xidmətin ümumi vəziyyəti heç də ürək açan deyildi.

Uşaqlar arasında anadangəlmə inkişaf qüsurlarının cərrahi korreksiyasından və kəskin cərrahi xəstəliklərdən fəsadlar və ölüm faizi yüksək olaraq qalırdı. Təbii ki, belə vəziyyət istər səhiyyə işçilərini, istərsə də alimləri qane edə bilməzdi. 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda Pediatriya fakultəsi açıldı. Elə həmin ildə də uşaq cərrahlığı kafedrası təşkil olunmuşdu. Kafedraya rəhbərlik hospital cərrahiyyə kafedrasında professor B.K.Finkelşteynin yanında çalışan və 1924-cü ildə onun rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmiş professor İ.S.Qinzburqa həvalə olunmuşdur.

Uşaq cərrahlığı kafedrasının inkişafını 3 mərhələyə bölmək olar:

I- mərhələ 1938-1945 (kafedranın keçmişi)

Uşaq cərrahlığı kafedrası 1938-ci ildə Qara şəhərdə (indiki M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxana) xəstəxananın travmatologiya şöbəsinin nəzdində 30 çarpayıdan ibarət idi. Sonradan uşaq travması və cərrahi patologiyaları ilə olan xəstələrin sayı çoxaldığından və 30 çarpayı azlıq etdiyindən onun sayı 60 çarpayıya çatdırıldı.

Kafedra təşkil olunanda cəmi 3 nəfər əməkdaşdan - kafedra müdiri professor İ.S.Qinzburqdan, dosent A.Qənbərovdan və ass. R.Q.Əkbərovdan ibarət idi.

İsaak Solamanoviç Qinzburq (1898-1974) geniş fəaliyyət diapazonuna malik istedadlı bir cərrah olmuşdur. O, 1924-cü ildə «Fəqərənin sümük plastikası» (eksperimentdə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ondan sonra İ.S.Qinzburq əvvəllər hospital cərrahlıq kafedrasında dosent vəzifəsində çalışmışdır. 1935-1938-ci illərdə o, operativ cərrahlıq kafedrasına rəhbərlik etmişdir. 1938-ci ildə isə uşaq cərrahlığı kafedrasının təşkil etmiş və 1969-cu ilə kimi ona rəhbərlik etmişdir (31 il).

II mərhələ 1945-1995-cı illər. (kafedranın dünəni)

Böyük Vətən müharibəsi qurtardıqdan sonra Uşaq cərrahlığı kafedrası öz işini yenidən köhnə bazada artıq travmatoloji şöbədə deyil, ümumicərrahiyyə şöbəsinin 60 çarpayılıq bir qanadında canlandırmağa başladı. Qeyd etmək lazımdır ki,İttifaqın Ali təhsil üzrə Komissarlığının və Azərbaycan Səhiyyə Nazirliyinin xüsusi qərarı ilə pediatriya və sanitar-gigiyena fakultələrində hospital cərrahlığının tədris olunması da uşaq cərrahlığı kafedrasına həvalə olundu.Bu isə əməkdaşların sayının artmasına və elmi-tədqiqat işlərinin planlaşdırılmasına böyük təkan verdi.Beləliklə kafedrada odlu silah yaralanmalarının fəsadlarının, osteoxondritlərin, döş qəfəsinin perixond-ritlərinin, yara distrofiyasının, qarın və döş boşluğu üzvlərinin odlu silah yaralanmaların yaxın və uzaq nəticələri və s. məsələlərlə ətraflı məşğul olmağa başlandı. Müharibədən əvvəlki illərdə olduğu kimi bu dövrdə də Milli kadrların azlığı, dərsliklərin və dərs vəsaitlərinin, elmi-metodik vəsaitlərin, elmi məqalələrin böyük əksəriyyətinin rus dilində nəşr olunması Milli kadrların hazırlanmasında böyük çətinliklər yaradırdı. Ona görə də istər Səhiyyə Nazirliyi və Tibb İnsitutunun rəhbərliyi, istərsə də kafedra rəhbərliyi qarşısında Milli kadrların daha çox işə cəlb olunmasına və ana dilində dərsliklərin və dərs vəsaitlərinin yazılıb çap edilməsinə diqqəti artırmağı tələb edirdi. Artıq 1946-cı ildən başlayaraq kafedraya müharibədə böyük cərrahi təcrübə əldə etmiş assistentlər, dosentlər, ordinatorlar işə qəbul olunmağa başladılar. Kafedranın elmi və praktiki fəaliyyətinin bərpa olunmasında professor İ.S.Qinzburqun elmi rəhbərliyi altında uşaq cərrahlığının müxtəlif sahələrini əhatə edən ilk namizədlik dissertasiyaları müdafiə etmiş dosent R.Q.Əkbərovun, Q.M.Məlik Bağdasarovun, Ə.M.Əlizadənin, N.Y.Axundovun, M.A.Lyas, E.B.Qelfqardin, M.B.Vəzirəliyevin, C.Ş.Xəlilovun, M.Axundovanın, A.M.Mustafayevin böyük xidmətləri olmuşdur.Sonradan dos. Ə.M.Əlizadə və N.Y.Axundov professor Y.S.Qinzburqun rəhbərliyi altında doktorluq dissertasıyaları müdafiə etmişdir. Onu qeyd etmək lazımdır ki, 1991-ci ildə Azərbaycan özünün müstəqilliliyini əldə edənə qədər bütün namizədlik və doktorluq dissertasiyaları ancaq rus dilində yazılıb və müdafiə olunaraq Moskvada SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasında təsdiq olunurdu.

Kafedra 1946-cı ildə Qara şəhər xəstəxanasından N.A.Semaşko adına klinik xəstəxananın cərrahi korpusuna 60 çarpayıda, 1962-ci ildə isə 120 çarpayıda yerləşdirilmişdir. Bu xəstəxanada uşaq cərrahlığı ilə yanaşı pediatriya və sanitar-gigiyena fakultələrinin tələbələrinə hospital cərrahiyyədə tədris olunurdu. 120 çarpayının 100 çarpayısı uşaqlar, 20 çarpayısı isə böyüklər üçün nəzərdə tutulmuşdur.

Uşaq cərrahlığı fənni həm pediatriya, həm də müalicə-profilaktika fakultəsində tədris olunduğuna görə bu kafedranın illik tədris yükü 20000 saatdan çox olduğunu və kafedraya bir gündə 450-500 tələbənin gəlməsi ilə yanaşı burada sanitar-gigiyena və pediatriya fakultələrində hospital cərrahiyyənin də tədris olunması xeyli çətinliklər törədirdi. Bunu nəzərə alaraq artıq 1970-ci ildə uşaq cərrahlığı hospital cərrahlığından ayrılaraq sərbəst fəaliyyət göstərməyə başladı.

1969-1970-ci illərdə İ.S.Qinzburqdan sonra uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsini müvəqqəti olaraq tibb elmlər doktoru N.Y.Axundov əvəz etmişdir.

Axundov Nazim Yusif oğlu. Azərbaycanda uşaq cərrahlığının inkişafında öz dəsti-xətti olan insanlardan biri də professor Nazim Yusif oğlu Axundovdur.

Professor N.Y.Axundov 20 mart 1934-cü ildə Bakı şəhərində anadan olub. 1954-cü ildə N.Nərimanov adına ATİ-n Pediatriya fakultəsinə daxil olmuş və 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.İnsitutu qurtaran ili Elmi Şuranın qərarı ilə o,ATİ-n uşaq cərrahlığı kafedrasında kliniki ordinaturada saxlanılmışdır.Kliniki ordinaturanı qurtardıqdan sonra 1962-ci ildə həmin kafedrada aspiranturaya daxil olmuşdur.

1965-ci ildə aspiranturanı qurtararaq « Uşaq yaşlarında exinokokkoz xəstəliyinin diaqnostika və cərrahi müalicəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1966-cı ildə Uşaq cərrahlığı kafedrasının assistenti və

1967-ci ildə isə həmin kafedranın dosenti seçilmişdir.

1967-ci ildə N.Axundov Pediatriya fakultəsinin dekan müavini təyin edilmişdir.N.Axundov

1969-cu ildə akademik B.V.Petrovskinin elmi rəhbərliyi altında «Azərbaycanda exinokokkoz xəstəliyi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.Elə həmin il,yəni

1969-cu ildə N.Axundov Pediatriya fakultəsinin dekanı seçilmiş və Uşaq cərrahlığı kafedrasının müdiri professor İ.S.Qinzburqun xəstə olması ilə əlaqədar olaraq kafedra müdirliyinidə əvəz etmək ona həvalə edilmişdir.

Professor N.Y.Axundov 2008-ci ildə 74 yaşında vəfat etmişdir.

1970-ci ildən Uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsinə professor Ə.M.Əlizadə seçilmişdir. Ə.M.Əlizadə 1915-ci ildə Azərbaycanın Dəvəçi rayonunda anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirdikdən sonra Dəvəçi rayonunda həkim və cərrah vəzifəsində çalışmışdır. 1941-ci ildə Böyük Vətən Müharibəsinin ilk günlərindən müharibəyə səfərbər olmuş və müharibənin sonuna qədər fəaliyyətdə olan tibb hissələrində cərrah kimi fəaliyyət göstərmişdir.

1945-ci ildə müharibədən qayıtdıqdan sonra Ə.M.Əlizadə 1946-cı ilə kimi Bakı Hərbi qarnizonunda həkim kimi çalışmışdır. 1946-cı ildə ATU-nun uşaq cərrahlığı kafedrasının assistenti vəzifəsinə seçilmiş və bu vəzifədə ildə Aşqabad şəhərində baş verən zəlzələ nəticəsində çoxsaylı insanlar tələf olmuş və yaralanmışlar. Yaralılara kömək göstərmək üçün Böyük Vətən müharibəsində Sovet Ordusu sıralarında böyük təcrübə toplamış Ə.M.Əlizadə Aşqabada ezam olunur. 1953-cü ildə Ə.M.Əlizadə «skorlatinanın cərrahi fəsadları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1957-ci ildə o, uşaq cərrahlığı kafedrasının dosenti seçilmişdir. 1965-ci ildə Ə.M.Əlizadə «kəskin hematogen osteomielitlər zamanı qanın plazmasında zülal fraksiyalarında baş verən dəyişiklər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə Ə.Əlizadə kafedranın professoru vəzifəsinə seçilmişdir. Professor Ə.M.Əlizadə gözəl alim, mahir cərrah olmaqla bərabər , yaxşı səhiyyə təşkilatçısı və millətini sevən bir ziyalı idi. O, 1968-ci ildə ana dilində çap olunmuş ilk «Uşaq cərrahlığı» dərsliyinin müəllifidir. Professor Ə.M.Əlizadə uzun illər Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1975-ci ildə onun bilavasitə rəhbərliyi altında SSR-nin aparıcı uşaq cərrahlarının (Moskva, Leninqrad, Kiyev, Qazaxıstan, Tacikistan, Latviya, Litva) iştirakı ilə Azərbaycan uşaq cərrahlarının I-ci seminarı keçirilmişdir. Azərbaycanda uşaq cərrahlar cəmiyyətinin sədri, ümumittifaq cərrahlar cəmiyyətinin üzvü olmuşdur. O, 1976-cı illərdə ATU-n tədris işləri üzrə prorektoru olmuşdur. Onun elmi rəhbərliyi altında bir neçə namizədlik dissertasiyası müdafiə edilmişdir. O, 100 -dən çox elmi məqalənin 2 dərsliyin, 2 dərs vəsaitinin , 1 monoqrafiyanın və bir neçə səmərələşdirici təklifin müəllifi olmuşdur.

Professor Ə.M.Əlizadə 29 oktyabr 1976-cı ildə 61 yaşında kəskin ürək tutmasından vəfat etmişdir.

Professor Babaş Sədi oğlu Babaşov1977-ci ildə ATİ-nin uşaq cərrahlığı kafedrasına müdir vəzifəsinə seçilmişdir. Babaşov B.S. 1929-cu ildə Bakının Qaradağ rayonunun Ələd-Pristanstansiyasında fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə ATİ-n Pediatriya fakultəsini bitirmiş, komsomolun göndərişi ilə Cənubi Qazaxıstan vilayətinə getmiş, orada kənd xəstəxanasında həkim-cərrah kimi, sonra isə həmin xəstəxananın baş həkimi vəzifəsində işləmişdir. Sonradan Alma-Ata şəhərində kliniki və eksperimental cərrahiyyə institutunda aspiranturaya qəbul olmuş, orada namizədlik və doktorluq -dissertasiyaları müdafiə etmişdir. Onun həm namizədlik həm də doktorloq işi eksperimentdə ağciyərin sarkomasına dair olmuşdur. Bu institutda Babaşov B.S. Pulmanologiya şöbəsinə rəhbərlik etmişdir. Həmin institutda elmi kadrların hazırlanmasına və cərrahiyyənin inkişafına görə ona professor adı vermişlər.

1975-ci ildə professor B.S.Babaşov Azərbaycana qayıtmış 1976-cı ildə professor Ə.M.Əlizadənin dəvəti ilə ATİ-n uşaq cərrahlığı kafedrasına professor kimi işə qəbul olunmuşdur. O, 1977-ci ildə professor Ə.M.Əlizadənin ölümündən sonra uşaq cərrahlığı kafedrasına müdir seçilmişdir.

Professor B.S.Babaşov geniş diapazona malik cərrah olsa da onun fəaliyyətinin əsas istiqaməti ağciyər patologiyasının cərrahi müalicəsinə həsr edilmişdir. Onun rəhbərliyi altında 7 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 4 monoqrafiyanın , 200 çox elmi məqalənin və bir neçə səmərələşdirici təklifin müəllifi olmuşdur.

Professor Babaşov B.S. 18 il uşaq cərrahlığı kafedrasına rəhbərlik etmişdir.

1995-ci ilin may ayında professor B.S.Babaşov öz ərizəsi ilə işdən azad edildi və o, bir neçə aydan sonra xanımı Nelya ilə birlikdə yenidən Qazaxıstana qayıtdılar (onun həyat yoldaşı qazaxıstanlı idi, ixtisasca həkim kosmetoloq idi). Professor B.S.Babaşov 5 aprel 2003-cü ildə 74 yaşında dünyasını dəyişmişdir.

Tibb elmləri doktoru Professor Quliyev Çingiz Bayram oğlu1995-ci ilin may ayında uşaq cərrahlığı kafedrasına müdir vəzifəsinə seçilir. Bu ildən kafedranın inkişafının III mərhələsi başlayır (1995 ildən- hal-hazıra kimi).

Ç.B.Quliyev 1941-ci ildə Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmişdir. İnstitut elmi şurasının qərarı ilə o, 1968-ci ildə A.L.Polenov adına Leninqrad (Sankt-Peterburq) Elmi-TədqiqatNeyrocərrahiyyə İnstitutuna məqsədli kliniki ordinaturaya göndərilmişdir. Kliniki ordinatura dövründə o, uşaq neyrocərrahiyyəsinin sirlərini öyrənmiş və sonradan bu sahədə elmi biliklərə yiyələnmək üçün aspiranturaya daxil olmuşdur. Aspiranturanı 1973-cü ildə qurtarmış və «Uşaqlarda kəllə-beyin travmasının kəskin və uzaq dövrlərdə klinika, diaqnostika və müalicəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1974-cü ildə müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun uşaq cərrahlığı kafedrasına assistent vəzifəsinə seçilmişdir. Bu vəzifədə çalışmağa başladığı ilk gündən Ç.B.Quliyev öz şəxsi keyfiyyətləri, bilik və bacarığı, xəstələrə qayğıkeşliyi, tələbələrə qarşı tələbkarlığı ilə nəinki professor-müəllim heyətinin eləcə də bütün tibb personalının diqqətini özünə cəlb etmişdir.

Ç.B.Quliyev kəllə-beyin travmaları ilə yanaşı onurğa beyin dəbəliklərinin çox səlist operasiya edir və fəqərənin cismində olan defekti yeni üsulla plastika edir. Onurğa beyin dəbəlikləri adətən hidrosefaliya ilə müşayət olunur. Cərrahi əməliyyatdan sonra belə uşaqlarda kəllədaxili hipertenziya baş verir ki, bu da uşaqlarda müxtəlif ağırlaşmalara səbəb olur (hipertermiya, qıcolma, likvorodinamikanın pozulması və s). Bu fəsadların qarşısını almaq üçün Ç.B.Quliyev yeni bir səmərələşdirici təklif vermişdir ki, bunun vasitəsilə də kəllədaxili təzyiqi uzun müddət tənzimləməyə imkan verir. Nəticə etibarı ilə bu əməliyyatdan sonrakı ölüm minimuma enmişdir. Bu illərdə o, uşaqlarda ön və arxa beyin dəbəlikləri ilə olan uşaqları da çox məharətlə əməliyyat edir. Bununla belə Ç.B,Quliyev tələbəlik illərində ümumi cərrahiyyə sahəsində əldə etdiyi biliklər və praktiki vərdişlər ona imkan verirdi ki, urgent cərrahiyyə üzrə növbədə olarkən operasiyaya ehtiyacı olan bütün xəstələr üzərində əməliyyat aparsın. Quliyev tədris və praktiki işlərlə bərabər elmə çox böyük həvəs göstərirdi. O, tez-tez mərkəzi və yerli tibb jurnallarında elmi məqalələr çap etdirir, elmi konfranslarda məruzələrlə çıxışlar edir. Onun bu bacarığı kafedra və institut rəhbərliyinin diqqətindən yayınmadı. 1976-cı ilin oktyabr ayında Ç.B.Quliyev kafedranın dosenti vəzifəsinə seçildi. Qısa bir müddətdə ona göstərilən bu etimadı doğrultmaq üçün o, bütün səy və bacarığını səfərbəy etmişdir. O, kafedranın dosenti kimi azərbaycan və rus dillərində praktiki məşğələləri aparmaqla yanaşı pediatriya və müalicə profilaktika fakultəsinin V kurs tələbələri üçün mühazirələr oxuyur. Onun tədrisə olan həvəsini və bacarığını görən kafedranın müdiri prof. B.S.Babaşov onu kafedranın tədris hissə müdiri təyin etmişdir ki, bu işi o, 10 il çox bacarıqla yerinə yetirmişdir. Bir praktiki həkim kimi onu narahat edən və qayğılandıran məsələlərdən biri demək olar ki, hər gün müştərək zədələnmələrlə, xüsusən də ağır kəllə-beyin travması və bədənin digər üzvlərinin birgə travmaları ilə klinikaya daxil olan xəstələr idi. Belə xəstələrin diaqnostikası xeyli çətin, müalicəsi isə asan deyildi. Ç.Quliyev belə xəstələr üzərində saatlarla baş sındırır, onların diaqnozunu qoymaq yollarını axtarırdı. 1981-1982-ci illərdə Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsi hər kafedradan bir nəfər istedadlı və ümid verən gənc mütəxəssisləri SSRİ-nin mərkəzi şəhərlərinə- Moskvaya, Leninqrada, Kiyevə doktoranturaya göndərmək qərarı vermişdir. Azərbaycan Tibb İnstitutunun rektoru professor Z.T.Quliyeva bu məsələni Böyük Elmi Şurada müzakirəyə çıxarmış və kafedra müdirlərinə öz namizədlərinin adını verməyi tapşırmışdır. Uşaq cərrahlığı kafedrasının müdiri professor B.S.Babaşov bu məsələni kafedra iclasında müzakirə edərkən hamı bir səslə dosent Ç.B.Quliyevin namizədliyini irəli sürmüşdür. Beləliklə, 1982-ci ilin yanvar ayında o, uşaq cərrahiyyəsi üzrə Leninqrad (Sankt-Peterburq) Pediatriya institutunun uşaq cərrahlığı kafedrasına dünya şöhrətli alim uşaq cərrahı professor Qirey Əliyeviç Bairovun yanına göndərildi. O, hələ Azərbaycan Tibb İnstitutunun tələbəsi olarkən və Leninqradda kliniki ordinatura və aspiranturada oxuyarkən professor Q.A.Bairovla yaxın tanışlığı var idi. Doktoranturada Ç.B.Quliyevə «Uşaqlarda qarın boşluğu üzvlərinin kəllə-beyin travması ilə müştərək zədələnməsi» mövzusu üzərində elmi-tədqiqat işi aparmaq kimi çətin bir iş tapşırıldı. Ç.B.Quliyev uşaqlarda kəllə-beyin travmasını yaxşı bildiyi üçün belə bir mövzunun öhdəsindən gələ biləcəyini nəzərə alaraq Q.A.Bairov ona bu mövzunu təklif etmişdir. 1982-ci ildə Bakıdan 16 nəfər doktoranturaya göndərilmişdir. Ç.B.Quliyev 1984-cü ildə onlar arasında I-ci müdafiə edərək vətənə qayıtmışdır. O, 1985-1995-ci illərdə uşaq cərrahlığı kafedrasının professoru, 1995-ci ilin may ayından isə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.Kafedra müdiri seçildikdən sonra professor Ç.B.Quliyevin müəllimlik, elmi işçi və praktiki həkim kimi potensialı özünü tam aydınlığı ilə biruzə vermişdir. Azərbaycan dilində ilk Uşaq cərrahlığı dərsliyi 1968-ci ildə professor Ə.M.Əlizadə tərəfindən yazılmışdır. Sözsüz ki, bu kitabın uzun illər Pediatriya fakultəsinin tələbələrinin uşaq cərrahlığı sahəsində biliklər əldə etməsində böyük rolu olmuşdur. Bununla belə bütün sahələrdə olduğu kimi tibb sahəsində də elmin yeni nailiyyətləri xəstəliklərin diaqnostikasında və müalicəsində geniş tətbiq olunmağa başlamışdır. Bununla əlaqədar olaraq cərrahiyyənin müxtəlif sahələrində, o cümlədən, uşaq cərrahlığında da Tibb Universitetinin pediatriya, müalicə-profilaktika və hərbi fakultə tələbələrinin dərs proqramları da elmin son tərəqqisini nəzərə almaqla tərtib edilməlidir. Müalicə işi ilə məşğul olan həkimlər də tez-tez rast gələn inkişaf qüsurları və cərrahi xəstəliklərin yeni diaqnostika və müalicə üsulları barədə ətraflı məlumata malik olmalıdırlar. Bu baxımdan 40 il bundan öncə yazılmış «Uşaq cərrahlığı» dərsliyi bu günün tələblərinə cavab verə bilməzdi. Bunu nəzərə alaraq artıq uşaq cərrahlığı sahəsində 40 ildən yuxarı praktiki,elmi və tədris sahəsində böyük təcrübəyə malik olan professor Ç.B.Quliyev ilk dəfə olaraq latın qrafikası ilə «Uşaq cərrahlığı» dərsliyini yazaraq nəşr etdirdi (2000-ci ildə) və tələbələrin sərəncamına verdi. Sonradan bu dərslik daha da təkminləşdirilərək 2005-ci ildə (II nəşr) və son varianta XI - yeni fəsil (cərrahi xəstəliklərin semiotika və diaqnostikası) əlavə edilərək 2008-ci ildə (III nəşr) çap etdirdi. «Uşaq cərrahlığı» dərsliyi Azərbaycan Respublikası «Təhsil» Cəmiyyətinin xüsusi diplomuna layiq görülmüşdür. Professor Ç.B.Quliyev uşaq cərrahlığının bütün sahələrini əhatə edən 300 elmi əsərin , o cümlədən, 3 uşaq cərrahlığı dərsliyinin (2000,2005,2008-ci illər) «Uşaqlarda qarın boşluğu üzvlərinin qapalı zədələnməsi», (2003), «Uşaqlarda exinokokkoz xəstəliyi» (2004) «Uşaq travmatologiyası»(2004), «Uşaqlarda kəllə-beyin travması» (2007) monoqrafiyalarının müəllifidir.Uşaq cərrahlığında istifadə olunan əyani vəsaitlərin bir qisminin köhnəlməsi, bir qisminin olmaması,eyni zamanda son illərdə xəstələrin sayının azalması istər mühazirələrin oxunmasında,istərsə də təcrübi dərslərin aparılmasında ciddi problemlərin yaranmasını nəzərə alaraq , professor Ç.B.Quliyev 40 ildən artıq bir müddətdə müalicə etdiyi və cərrahi əməliyyatlar apardığı çoxsaylı xəstələr ona imkan verdi ki, o, «Uşaqlarda cərrahi Patologiyaların Atlasını» (2008) tərtib edərək çox nəfis şəkildə çap etdirərək müəllimlərin ixtiyarına vermişdir. Atlasda demək olar ki, uşaq yaşlarında təsadüf olunan bütün cərrahi patologiyalar öz əksini tapmışdır. Atlasda verilmiş fotoşəkillər əyani olaraq patologiya barədə geniş təsəvvür yaradır. Atlasın orginallığı ondadır ki, müəllif «Uşaq cərrahlığı» proqramında nəzərdə tutulan bütün patologiyaları qruplaşdırmış şəkildə vermişdir ki, bu da praktiki baxımdan çox dəyərli hesab olunur. Atlas yalnız uşaq cərrahları üçün deyil, eyni zamanda ümumi cərrahlar, travmatoloqlar, neyrotravmatoloqlar, ortopedlər, uroloqlar, onkoloqlar və Tibb Universitetinin yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuşdur.

Bundan əlavə prof. Ç.B.Quliyev 9 səmərələşdirici təklifin , 10 tədris-metodik vəsaitin, 14 metodik-tövsiyənin və 1 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 7 namizədlik dissertasiyası işi yerinə yetirilmiş və 2 namizədlik, 2 doktorluq dissertasiyası yerinə yetirilir.

Prof. Ç.B.Quliyev gözəl müəllim , istedadlı alim olmaqla bərabər çox geniş diapazona malik bir uşaq cərrahıdır. O, baş və onurğa beynində, mədə-bağırsaq traktında, sidik-cinsiyyət üzvlərində, qara ciyərdə, öd yollarında, mədəaltı vəzidə, dalaqda, anorektal qüsurlarda, uşaqlıq və uşaqlıq yollarında, ortopedik qüsurlarda və travmatik zədələnmələrdə, bəzi onkoloji patologiyalarda yüksək səviyyədə ixtisaslaşdırılmış cərrahi əməliyyatlar aparır. Professor Ç.B.Quliyev 1995-ci ildə ilk dəfə olaraq respublikamızda yoğun bağırsağın distal hissəsinin anadangəlmə ağır inkişaf qüsuru olan Hirşprunq xəstəliyinin cərrahi müalicəsində Dühamel üsulu və Bairov modifikasiyasını tətbiq etməyə başlamışdır. Bu üsulla apardığı çox saylı operasiyalar zamanı Bairovun kolorektal arakəsmə üçün təklif etdiyi əzən sıxıcının tətbiqi zamanı bir neçə çatmazlıq müəyyən etmişdir. O, 2004-cü ildə bu çatmazlıqları aradan qaldırmaq üçün özünün daha təkminləşdirilmiş əzən sıxıcısını təklif etmişdir ( İ 2004011). Bu qurğu artıq ATU-n uşaq cərrahlığı klinikasında Hirşprunq xəstəliyinin cərrahi müalicəsində çoxsaylı xəstələrə tətbiq olunur və özünün müsbət nəticələrini verir.

Onu qeyd etmək lazımdır ki, artıq 1995-ci ildən başlayaraq professor Ç.B.Quliyevin rəhbərliyi altında kafedra uşaqlarda yoğun bağırsağın müxtəlif anadangəlmə inkişaf qüsurları və cərrahi patologiyaları ilə məşğul olan bir mərkəzə çevrilmişdir. Anorektal nahiyənin anadangəlmə qüsurları (anus və düz bağırsağın atreziyaları,daralmaları, düz bağırsağın sidik-cinsiyyət üzvlərinə açılan fistulaları) Hişprunq xəstəliyi, dolixosiqma, dolixomeqakolonlar, koloptozlar və s.olan çoxsaylı xəstələr klinikada müvəffəqiyyətlə müalicə olunurlar. Bu qüsur və xəstəliklərin cərrahi müalicəsi ilə yanaşı həmin patologiyalarda orqanizimdə baş verən müxtəlif dəyişiklərin elmi cəhətdən araşdırılmasına da ciddi fikir verilir. Uşaqlarda Hişprunq xəstəliyi zamanı yoğun bağırsağın əməliyyatönü hazırlanması və disbiotik pozğunluqların korreksiyası, bu xəstəlik zamanı əməliyyatönü dövrdə endogen intoksikasiyanın öyrənilməsi və onun korreksiyası, Hişprunq xəstəliyinin cərrahi müalicəsində professor Ç.B.Quliyevin yeni əzən sıxıcısı və çoxsaylı elmi məqalələr, metodik vəsaitlər, səmərələşdirici təklif və ixtiralar və s. göstərmək olar. Bu sahə üzrə 2 namizədlik dissertasiyası müdafiə olunmuş və 1 doktorluq dissertasiyası yerinə yetirilir. Başqa sözlə professor Ç.B.Quliyevin rəhbərliyi altında sözün əsl mənasında yeni bir məktəb formalaşmışdır.

Professor Ç.B.Quliyevin rəhbərliyi altında uşaq cərrahlığının müxtəlif sahələrini əhatə edən elmi istiqamətlər müəyyənləşdirilmiş (exinokokkoz xəstəliyinin, peritonitlərin, bağırsaq keçməzliyinin, endokrin cərrahiyyənin və s.) və namizədlik dissertasiyaları müdafiə edilərək əldə olunan nəticələr praktiki səhiyyəyə geniş tətbiq olunur.

Respublikamızda 2002-ci ildə ilk dəfə olaraq professor Ç.B.Quliyev 2 günlük siyam əkizlərini operasiya etmiş və həmin uşaqlardan biri hal-hazırda Lökbatan qəsəbəsində yaşayır. Bu uğurlu əməliyyat Respublikamızda çox böyük əks-sədaya səbəb olmuş, 14 yerli və xarici mətbuat bu məsələni öz səhifələrində dərc etmiş və televiziya ekranlarında nümayiş etdirmişlər. Kanadalı kino-rejissor prof. Ç.Quliyevin haqqında «Təbabətdə möcüzələr» filmin çəkmişdir. Prof. Ç.B.Quliyev elmi, praktiki fəaliyyəti ilə yanaşı böyük ictimai fəaliyyətlə də məşğul olur. O, 1986-2006-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş uşaq cərrahı olmuşdur. Bu illər ərzində uşaq cərrahlığı kafedrasında «Uşaq cərrahlığı» ixtisası üzrə subordinaturanı və internaturanı qurtaran mütəxəssislərin öz ixtisasları üzrə işlə təmin olunmasında, Respublikanın rayonlarında bölgə uşaq cərrahlığı mərkəzlərinin (Lənkəran, Biləsuvar, Mingəçevir, Quba) və ayrı-ayrı şəhər və rayonlarında uşaq cərrahlığı şöbələrinin (Sumqayıt, Gəncə) və ya böyüklər üçün olan cərrahi şöbələrdə uşaq cərrahlığı palatalarının təşkil olunmasında çox böyük xidmətləri olmuşdur. Hal-hazırda Uşaq cərrahlığı kafedrasının yetirmələri təkcə Respublikkamızda deyil, Müstəqil Dövlətlər Birliyi və Xarici ölkələrdə çox fəal elmi-praktiki fəaliyyətlə məşğuldurlar. Bundan əlavə professor Ç.B.Quliyev Azərbaycan Uşaq Cərrahlar Assosasiyasının  sədiri, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə üzrə Problem Komissiyasının sədri, ATU-nun Böyük Elmi Şurasının üzvü, Respublika Ali Attestasiya Komissiyasının cərrahiyyə üzrə doktorluq və namizədlik dissertasiyalarının müdafiə şurasının, ATU-n Metodik Şurasının, Azərbaycan Cərrahlar Cəmiyyətinin, Cərrahiyyə və Ortopediya və Travmatologiya jurnallarının redaksiya heyətinin üzvüdür. Professor Quliyev Ç.B. kafedraya rəhbərlik etdiyi illərdə kafedranın beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Rusiya, Gürcüstan, Daşkənd, Bişkek, Türkiyə,İranla və s. elmi praktiki əlaqələr yaranmışdır. Uşaq cərrahlığı kafedrasının əməkdaşları adları çəkilən ölkələrlə bərabər Azərbaycanda da keçirilən bir çox Beynəlxalq konqresslərdə, qrultay və konfranslarda fəal iştirak etmişlər və elmi məqalələrlə çıxışlarda bulunmuşlar. Professor bu yığıncaqlarda «Uşaq cərrahiyyə» bölməsinə sədrlik etmişdir.

Uşaq cərrahlığı kafedrası gənc praktiki həkimlərin,kliniki ordinatorların və aspirantların hazırlanmasında kifayət qədər işlər görmüşdür.Kafedrada 20-dən çox kliniki ordinator təhsil almışdır ki,onlardan 10 sonradan aspiranturaya daxil olaraq elmi işlə məşğul olaraq namizədlik dissertasiyaları müdafiə edərək kafedrada müəllim kimi fəaliyyət göstərirlər.Hal-hazırda kafedrada 23 nəfər professor-müəllim heyyəti çalışır. Onlardan 2 nəfər tibb elmləri doktoru,professor, 5 nəfəri tibb elmləri namizədi dosent,13 assistent- tələbələrin təlim-tərbiyəsi ilə məşğul olurlar.

Avropa Kredit Sisteminə  keçilməsi ilə əlaqədar Azərbaycan Tibb Universitetində də artıq 10 ildən yuxarıdır ki,  təhsil islahatları  başlamışdır. Bu islahatların həyata keçirilməsində Uşaq Cərrahlığı Kafedrasının professor –müəllim heyyətidə  çox yaxından iştirak edir. Artıq bir neçə ildir ki, uşaq cərrahlığı fənninin mənimsənilməsinin yekunları test imtahanları şəklində həyata keçirilir. Ona görə də prof. Ç. B. Quliyevin bilavasitə rəhbərliyi altında uşaq cərrahlığına dair 2000-dən çox test hazırlanaraq Universitetin  Virtual Test Mərkəzinə verilmişdir.

Kafedrada son illər həkim mütəxəssislərin hazırlanmasının yeni mərhələsi –Rezidentura təhsiln sistemi fəaliyyət göstərir. Uşaq cərrahlığı ixtisası üzrə kafedrada  II rezident təhsil alır ki, bunların da həkim-cərrah, elmi işçi, cəmiyyət üçün  yararlı bir vətəndaş kimi formalaşmasında professor Ç.B. Quliyevin əvəzsiz xidmətləri var.

Professor Ç.B. Quliyev işlərinin həddən çox olmasına baxmayaraq o yaşadığı  Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin üzvü və  M.Ə. Rəsulzadə qəsəbəsi  üzrə Ziyalılar Cəmiyyətinin sədiri kimi də vacib, nəcib və xeyirxah bir işlə də məşğuldur.