Məqalələr

ATU-nun travmatologiya şöbəsinin müdiri, ortoped-travmatoloq Cəfər Nəsirli: “O uşaq indi də yuxularıma girir”

ATU-nun travmatologiya şöbəsinin müdiri, ortoped-travmatoloq Cəfər Nəsirli: “O uşaq indi də yuxularıma girir”

- Cəfər həkim, adət etmişik ki, sınıq, çıxıq zamanı həkimə yox, ilk olaraq sınıqçının yanına üz tutulur. Bəs bu cür yanaşmanın nəticələri necə ola bilər?

- El arasında belə bir fikir yaranıb ki, uşaq yıxılanda, ya başqa bir şey olanda sınıqçıya gedirlər. Bu, səhv yanaşmadır. Elmin, tibbin bu qədər inkişaf etdiyi vaxtda heç bir təhsili olmayan, hətta damarın, nəbzin haradan keçdiyini bilməyən birinin yanına getmək olmaz. Həmçinin iki yumurta ilə sarıyıb sınığın, çıxığın sağalmasını gözləmək də düzgün deyil. Sıx-sıx rastlaşıram ki, gedirlər sınıqçı yanına, pis vəziyyətə düşdükdən sonra gəlirlər yanıma. Deyirlər, getdik sınıqçının yanına, ayağımı yerinə saldı rahatlaşdım. Əslində, bir ayaqda çıxıq varsa, adam yeriyə bilməz. Çünki ayaq deformasiya olur. Kortəbii şəkildə də sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələlərə, vətərlərə, damarlara zərər vermək deməkdir. Hər yerdə klinika, xəstəxanalar, müasir diaqnostika mərkəzləri var. Bu qədər tibbi mərkəzlər varkən niyə insanlar təhsilsiz birinin yanına gedirlər? Açıq deyim ki, mən bu sualın cavabını tapa bilmirəm. Hətta bununla bağlı bir hadisəni danışım. İstanbulda Cərrahpaşa İnstitutunda təcili yardımda işləyirdim. Yanıma 6-7 yaşlı bir uşaq gətirdilər. Əli qapqara olmuşdu. Heç yadımdan çıxmır, bəzən yuxularıma da girir. Uşaq yıxılaraq əli sınmışdı və onu sınıqçının yanına aparmışdılar. Anası deyir, sınıqçı uşağın əlini sarıyıb. Hətta bunun üçün onlardan pul da almayıb. Biz məcbur olub, uşağın əlini dirsəkdən aşağı kəsdik. Çünki onu o qədər taxta ilə sıxmışdı ki, qidalanma pozulması olmuşdu. Bir neçə gün də belə saxlamışdı və o, bizə gələndə qol artıq yararsız halda idi. Bu, sınıqçının komplikasiyasıdır. Sual oluna bilər ki, bəs həkimlərin heç zaman səhvi olmur? Əlbəttə olur. Amma önəmli olan fəsadı aradan qaldırmaqdır.

 

- Son zamanlar uşaqlar arasında skolioz xəstəliyi çox geniş yayılıb. Bu xəstəlikdən tam qurtulmaq mümkündürmü?

- Skolioz əsrimizin bəlalı xəstəliklərindən biridir. Obezitedən tutmuş, qohum evliliklərinə, şagirdlərin partada düzgün oturmamasına qədər bir çox səbəbləri var. Uşaqların orta məktəbdə düzgün idman etməməsi, çantanı düzgün tutmaması, dərs hazırlayarkən düzgün oturmaması müəyyən zamandan sonra bel, onurğa sütunu xəstəliklərinə gətirib çıxara bilər. Bunlardan biri də skoliozdur. Skolioz bəzən irsi, bəzən endipatik, bəzən digər xəstəliklərə bağlı olur. Amma skoliozu bu gün fəlakətə çeviriblər. Sizə skoliozu olan 90 yaşlı insan göstərə bilərəm. Yəni bu adam bu yaşa qədər skoliozla yaşayıb. 11, 12 uşağı var. Skolioz onurğanın forma pozuqluğudur və vaxtında müalicə olunmalıdır. Zamanında müəyyən edildikdə korreksiya edici korsetlərlə, idmanla qarşısı alınır. Amma irəli dərəcədə olanda cərrahi yolla aradan qaldırılır. Üzülərək söyləyirəm ki, bəzən 12-13 yaşında xəstələr gəlir. Çox pis halda olurlar. Soruşursan problem nədir? Baxırsan ki, o qədər də ciddi bir əyrilik yoxdur. Deyirlər, sizdən əvvəl bir həkimə getdik, dedi, təcili əməliyyat etmək lazımdır. Əgər əməliyyat olmasanız, qarşıda ayaqlarınız iflic olacaq, evlənəndə uşağınız olmayacaq. Bu kimi şeylərlə insanların psixologiyasını pozurlar. Bir saat həmin xəstə ilə danışıram ki, belə bir şey yoxdur. Xəstəlik qalır bir tərəfdə, onun psixologiyasını düzəltməyə çalışıram.

 

- Sizcə, həkimləri xəstənin psixologiyası ilə oynamağa vadar edən nədir? 

- Tibbi ticarətə çevirmək lazım deyil. Ən pis iş odur. Skolioz ortopediyanın ən böyük əməliyyatlarındandır. Lazımsız yerə xəstəyə 4-5 saat narkoz verib, onun onurğasını bağlamaq heç bir vicdana sığmaz. Belə hallara çox rastlanır. Lazımsız yerə əməliyyat təyin edirlər, onurğa sütununun hərəkətini bağlayırlar. İnsanları bununla bağlı məlumatlandırmaq lazımdır. Bəziləri deyir ki, mən Amerikada, yaxud İngiltərədə oxumuşam. Amma ingilis dilində iki kəlmə söz bilmir. Necə oxuyub oralarda? Axı təhsil də ingilis dilindədir, Azərbaycan dilində deyil ki. Gedib gəzirlər, bir sertifikat da alıb asırlar boyunlarından, deyirlər, biz filan yerdə oxumuşuq. İnsanları aldatmaq doğru deyil. Həm də xəstə sənə həyatını güvənib əmanət edirsə, bu, nə Allaha xoş gedər, nə də bəndəyə.

Xəstənin xəstəliyi ilə ticarət etmək olmaz. Heç bir zaman işinin mütəxəssisi olan həkim ac qalmaz. Hər zaman yaxşı yaşayar. Çünki həkimi xalq yaşadır. Amma əsas budur ki, sən də xalqa xidmət edəsən. Xalqa xidmət etmədikdə bir gün o zərbə gəlib səni də tutar. Hər zaman düşünmək lazımdır ki, sənin öz uşağın olsa, ona bu cür davranarsanmı? Həkim ilk əvvəl sözləri ilə xəstəni rahatlaşdırmalıdır. Əməliyyata gedən xəstə həkimə güvənməlidir. Əməliyyat asan bir iş deyil. Onun adı gələndə insanda bir qorxu yaranır. Əməliyyata gedəndə sənə inanaraq rahat bir şəkildə, elə bil iynə vurdurmağa gedər kimi olmalıdır. Amma sən xəstəni qorxudursan ki, anidən iflic olacaqsan və sair...

 

- Son illər azyaşlı uşaqlarda travmatolojik hallar çoxalıb. Əksər uşaqların ayaq biləyində əyrilik və sair var. Bunun səbəbləri nələrdir?

- İnkişaf etmiş ölkələrdə yeni doğulan uşaqlar mütləq 1-ci həftədə ortopedin və travmatoloqun məsləhətini almalıdır. Konsultasiya edilir və məsələn, yazılır ki, xəstədə hər hansı bir travmotolojik hal yoxdur, yaxud var. Azyaşlı uşaqlarda ən çox rastlanan ayaq biləyinin əyriliyi, düz dabanlıq, ayaq çıxıqlarıdır. Bunlar ilk həftədə təyin edilən zaman çox bəsit yollarla, adi bir manipulyasiya ilə tamamilə düzəlir və 100 faiz sağalır. Amma bilirsiniz ki, bizim insanlar ancaq harasısa sınanda ortopedin, travmotoloqun  yanına gəlir. Uşaq yeriməyə başlayır və görürlər axsayır, ondan sonra həkimə gedirlər. Bax bu cür problemlərimiz var. Eləcə də anadangəlmə çıxıqlar 1 yaşına qədər, hətta daha tez bilinsə, adi bir manipulyasiya ilə, korsetlə ayaq çıxığı yerinə qoyulur. Amma bir il sonra ayağın yerləşdiyi yuva da dolur. Artıq onun düzəlməsi mümkün deyil. Onu ancaq cərrahi yolla bərpa etmək olar. Hərdən rast gəlirəm, 2 yaşında uşağın ayağını zorla yerinə qoymağa çalışırlar. Amma gələcəyi düşünmürlər. Bu cür hallara vaxtında müdaxilə edilməlidir. Təəssüf ki, Azərbaycanda ortopedik uşaq xəstəlikləri həddindən artıq çoxdur.   

 

- Bir çox apteklərdə, ayaqqabı dükanlarında ortopedik ayaqqabı satılması ilə bağlı elanlara rast gəlirik. Bəzilərində həddindən artıq baha qiymətə, bəzilərində isə nisbətən ucuz satılır. Bəs əslində necədir? Yəni hər satılan ortopedik ayaqqabını almaq məsləhətdirmi?

- Bilirsiniz, hər işi mütəxəssislə məsləhətləşib etmək lazımdır. Eləcə də bu cür ayaqqabıları mütəxəssisindən almalısan. Ucuz olduğu üçün alsan, əslində daha da zərərə uğrayacaqsan. Yaponların belə bir atalar sözü var - ucuz mal alacaq qədər varlı deyiləm. Çünki ucuz malı alsan, onun 10 qatı baha başa gələr sənə. Həmçinin problem də həll olunmaz. Hər yerdə ortopedik ayaqqabı satıldığı yazılır. İçinin bir az qabarıq olması o demək deyil ki, ortopedik ayaqqabıdır. Bu cür ayaqqabıların standart ölçüləri var. Xüsusi düzəldilən ayaqqabılardır və mağazalarda satılmır. Xüsusi qəlibdə və ölçüləri düzgün hazırlanan ayaqqabılar ortopedikdir. Onlar da 6 yaşına qədər korreksiya edə bilər. Ondan sonra nə geyindirirsən-geyindir xeyri yoxdur, yalnız cərrahi yolla düzələ bilər.

 

- Ölkəmizdə diz oynaqları ilə də bağlı problem yaşayan xeyli sayda insan var...

- Bəli, düz deyirsiniz, həddindən artıq çoxdur. Çünki qidalanmadakı yanlışlığa görə həddindən artıq kök insan var. Yanıma bir xəstə gəlmişdi. Ona dedim, bir az arıqlamalısınız. Mənə çox əsəbiləşdi, dedi, biz genetik olaraq bu cür böyük bədənliyik. Niyə belə deyirsən? Əslində isə insanın fiziki quruluşu müəyyən həcmdə kilo daşımağa icazə verir. Sən ondan artığını daşımağa başlasan, özünə zərər verəcəksən. Buna da qidalar çox təsir edir, həddindən çox hormonlu, hazır qidalardan istifadə edirlər.

 

- Bilirik ki, boy uzatma əməliyyatları da keçirirsiniz. Bununla bağlı müraciət edənlər çoxdurmu? İnsanın boyunu təxminən neçə santimetr artıra bilirsiniz?

- Bir əməliyyatla boyu 4-5 santimetr uzadırıq. Burada təkcə sümük deyil, sinirlər, damarlar uzadılmalıdır ki, bunu da gündə 1 millimetr uzada bilərsiniz. Bundan artıq olsa, toxumalara zərər verilə bilər. Çünki toxumalar, sinir, vətər, damarlar alışmalıdır. Hesablayırsan, 4-5 santimetr uzatmaq istəyirsənsə, bölürsən günlərə. Gündə sadəcə bir millimetr uzada bilirik. Yadımdan çıxmaz, bir xəstəni Türkiyədə professorumla birlikdə əməliyyat etmişdik. Biz onun boyunu 8 dəfə əməliyyatla 40 santimetr uzatdıq. Cırtdan boylu idi. Öz boyu heç bir metr də deyildi.

 

- Niyə ortopedik əməliyyatlar çox bahalı olur?

- Ortopediyanın bütün əməliyyatları bahadır. Niyə bahalıdır deyim sizə. Əslində, bizim əməliyyatların 99 faizində əlavə vasitədən istifadə edilir. Həmin əlavələri də insana istifadə etdiyimiz üçün mütləq keyfiyyətli olmalıdır. Bu isə əməliyyatın baha olmasına səbəb olur. Əslində əməliyyatın özü normal qiymətdir. İstifadə etdiyimiz əlavə vəsaitlər bahalıdır.

 

- İndiyə qədər sizin üçün ən riskli əməliyyat hansı olub?

- Yanıma əməliyyat üçün 19 yaşında bir qız gətirmişdilər. Onu əməliyyat etdim, hər şey də normal keçdi. Əməliyyatdan sonra xəstə hər iki ayağını hərəkət etdirdi və mən də düşdüm aşağı. Sonra məni reanimasiyadan çağırdılar ki, xəstə sol ayağını hərəkət etdirə bilmir. Düşünün, qız yeriyərək gəlib yanıma, indi ayağını tərpədə bilmir. Ayağını heç tərpədə bilmirdi, amma hissiyyat var idi. MRT etdim, xaricdəki həkimlərlə məsləhətləşdim, heç bir nəticə əldə edə bilmədim. Nə edəcəyimi bilmirdim. Sonra Türkiyədəki bir hocamla danışdım. Dedi, dərhal fizioterapiyaya başla, əgər hissiyyat varsa, narahat olma. Fizioterapiyaya başladım və qız 40 gündən sonra yeriməyə başladı. Amma o 40 gün ərzində mən 40 dəfə o biri dünyaya gedib gəldim. Allahdan, xəstənin adamları mədəni insanlar idi və məni anlayışla qarşıladılar. Sonradan öyrəndim ki, demə, o qızda əməliyyatdan qabaq da bəzən ayaq tutulması olurmuş. Valideynləri bunu gizlədib, məni çətin vəziyyətə salmışdılar təəssüf ki. Bu hadisə mənim ömrümdən illər apardı.

 

- Saatlarla əməliyyatlarda olursunuz. Təbii ki, bu cür gərginliyə dözmək üçün psixologiyanız da sakit olmalıdır. Bəzi həkimlər əməliyyat zamanı məsələn, hansısa simfonik əsərlərə qulaq asırlar. Bəs sizin özünü sakitləşdirmə üsulunuz necədir?

- Musiqini mən də çox sevirəm, amma əməliyyat zamanı bütün diqqətimi əməliyyata verdiyim üçün daha çox sakit şərait istəyirəm. Bütün əməliyyatlar ağırdır, amma bizim əməliyyatlar bir az daha fərqlidir. Bizim əməliyyatlarda edilən səhvin geriyə dönüşü yoxdur. Məsələn, skolioz əməliyyatı zamanı balaca bir səhv insanın şikəstliyinə səbəb ola bilər. Çünki onurğa beyin üzərində işləyirsən. Hər tərəf sinir, aorta damarı. Bir saniyə içərisində xəstəni itirə bilərsən. Ya da biz süni oynaqlar köçürürük, endoprotez adı altında ayaq, diz protezləri dəyişdiririk. Burada millimetrlik bir səhv xəstənin axsamasına səbəb olar. Ona görə də diqqət etməlisən ki, bu cür səhvlər olmasın. Bəzən də parçalı sınıqlar gəlir. Rentgenoloji olaraq baxırsan, deyirsən, kitabda yazılan kimi girib əməliyyat edəcəm. Amma əməliyyat əsnasında qarşına elə bir şey çıxır ki, orada artıq sən öz beynini işlədib vəziyyətdən çıxmalısan. Əməliyyatın rahat keçdiyini gördüyüm zaman, xəstə qapımı açıb mənə təşəkkür edəndə bütün yorğunluğum çıxır.

Cərrah heç bir zaman yatmır. Sadəcə göz qapaqlarını bağlayır, beyni daim işləyir. Əməliyyat super keçsə belə, sən yenə də düşünürsən ki, görəsən nəsə, məsələn,  infeksiya ola bilərmi? Hətta xəstə yaxını belə, bu qədər düşünə bilməz. Çünki onlar ola biləcək hər hansı fəsadı bilmir. Fikirləşir ki, əməliyyat oldu, həkim dedi yaxşıdır. Gedib başını qoyub, rahat yatır. Amma məsuliyyət hiss edən cərrahın beyni daim işləyir. Həmişə deyirəm ki, heç zaman xəstə olmasın. Biz də evimizə gedək, rahat yataq. Heç kim ac qalmayıb bu dünyada, biz də xəstə olmasa, ac qalmarıq.