Müsahibələr

İntrastisial hamiləlik və onun fəsadları

İntrastisial hamiləlik və onun fəsadları

İntrastisial boru hamiləliyi uşaqlıqdan kənar (ektopik) hamiləliyin çox nadir rast gəlinən formalarından biridir. Bütün ektopik hamiləliklərinin 4-6 faizini təşkil edir. 17 illik laparoskopik cərrah təcrübəmdə 10-a yaxın belə patologiyaya rast gəlinmişəm. İntrastisial boru hamiləliyində döl yumurtası uşaqlıq borusu və uşaqlıq boşluğu arasında yerləşir. Bu patologiyada döl yumurtası yatağı boru hamiləliyin digər formalarından fərqli olaraq uşaqlığın divarları ilə əhatə olunur ki, bu da onu daha çox möhkəmləndirir və qidalanmasını artırır. Bu səbəbdən intrastisial hamiləliyin pozulması kəskin qan azlığı, posthemorragik və peritoneal şokla nəticələnə bilir. Bu patologiyanın əməliyyatdan öncə diaqnostikası çox vaxt mümkün olmur və bu boru hamiləliyi ektopik hamiləliyin digər formalarından daha təhlükəlidir. Burada təcili cərrahi müdaxilə olunmalıdır. Əməliyyatın məqsədi uşaqlıq borusu ilə birlikdə döl yumurtasının yatağının pazvarı götürülməsi və uşaqlıq divarının ikiqat tikişlə bərpa olunmasıdır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-ginekoloqu, cərrah Fərhad Sultanov məxsusi müsahibəsində bildirib.

-Bu problemin yaranma səbəbləri hansılardır?

-Səbəblər müxtəlif ola bilər. Bu hormonal, boru peritoneal, infeksiya, anatomik və digər bu kimi problemlərdən irəli gələ bilər. Ümumiyyətlə heç bir qadın uşaqlıqdankənar hamiləlikdən sığortalanmayıb.

-İntrastisial boru hamiləliyin laparoskopik üsulla əməliyyat olunması haqda nə deyə bilərsiniz?

-Bəzən intrastisial hamiləliyin laparoskopik üsulla aradan qaldırılması əks göstəriş kimi təqdim edilir. Bu fikirlərə xaricdə də rast gəlmək mümkündür. Bu yaxınlarda iştirak etdiyim, Fransanın Klermon-Ferran şəhərinin Beynəlxalq Cərrahi Endoskopik Mərkəzində keçirilən treninqdə professor Jan Lue Pouly öz çıxışında laparoskopik üsulla bu əməliyyatın icrasının əks göstəriş olduğunu qeyd edib. Professorun sözlərinin əksinə, mən bu əməliyyatı məhz laparoskopik yolla icra etdiyimi bildirdim. Bu da treninq iştirakçılarının marağına səbəb oldu. Əməliyyatın icrası haqqında iştirakçılara geniş məlumat verdim. Bildirdim ki, qanaxmanın həddən artıq çox olması səbəbindən əməliyyatın əsas məqsədi döl və döl yatağının götürülməsi və uşaqlıq divarının tez bir zamanda bərpa olunmasıdır. Endoskopik-ginekologiya sahəsində dünya üzrə tanınmış cərrah professor Revaz Boçorişvili mənim irəli sürdüyüm fikri dəstəkləyərək, əməliyyatın cərrahın cəld laparoskopik tikiş qoyma texnikası və bacarığından asılı olduğunu bildirdi . Nəticədə bu əməliyyat “əks göstəriş” deyil, “nisbi əks göstəriş” olaraq qiymətləndirildi.

-Bu problemlə rastlaşan qadınlar gələcəkdə ana ola bilərmi?

-Bəli, bu mümkündür. Bunun üçün ikinci uşaqlıq borusu var. Lakin ikinci boruda da problem olduqda, belə qadınlar süni mayalanma üsulu ilə ana ola bilərlər. Lakin onu da bildirim ki, kiçik invaziv orqansaxlayıcı əməliyyatlardan olan laparoskopik əməliyyat uşaqdankənar boru hamiləliyinin digər formalarında uşaqlıq borusunun saxlanılmasını mümkün edir. Əməliyyat zamanı ya boru sağılaraq (milking), ya da borunu çərtərək (tubotomiya) döl yumurtası xaric edilir. Bu da laparoskopik üsulun üstünlüklərindən biridir.

Qeyd edək ki, Azərbaycanda ginekologiyada endocərrahi əməliyyatları həyata keçirməyə başlayan ilk həkimlərdən biri olan Fərhad Sultanov uşaqlıqda, yumurtalıqda xoşxassəli törəmələr və endometrium, uşaqlıq borularında xəstəliklər, kiçik çanaqda bitişmə prosesləri, eləcə də boru sonsuzluğunda boruların keçirmə qabiliyyətinin bərpa edilməsi kimi xəstəliklərin müalicəsi ilə məşğul olur.