Məqalələr

Ölkəmizdə uşaqlardakı piylənmə ciddi sosial bəlaya çevrilir

Ölkəmizdə uşaqlardakı piylənmə ciddi sosial bəlaya çevrilir

Eurasia Diary-nin tanınmış bariatrik cərrahı, Səhiyyə nazirliyi yanında Azərbaycan Tibb Universiteti Tədris-Cərahiyyə klinikasının aparıcı həkimi Aslan Abdullayevlə müsahibəsi.

- Bugün Azərbaycanda piylənmə problemi nə dərəcədə aktualdır?

- Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən son məlumatlara əsasən dünyada 1 mlrd-dan çox insan artıq çəkidən əziyyət çəkir. Bu problem sosial vəziyyətindən və hansı peşədə çalışmasından, yaşayış yerindən, yaşından və cinsindən asılı olmayaraq aktuallıq daşıyır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin 50%-nin çəkisi normadan artıqdır ki, onların da 30%-i piylənmədən əziyyət çəkənlərdir. Piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayı ildən-ilə artır. Əlbəttə bu problem Azərbaycandan da yan keçməyib əksinə, ölkəmizdə iki nəfərdən birinin (təxminən 50 faiz) çəkisi normadan artıqdır, üç nəfərdən biri (təxminən 33 faiz) isə piylənmədən əziyyət çəkir. Ola bilsin kimsə artıq çəki probleminin ciddiliyini düzgün dəyərləndirməsin, lakin sizi əmin edirəm ki, piylənmənin çox ciddi nəticələri ola bilər. Artıq çəki bir sıra infeksiya olmayan xəstəliklərin, ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırır. Ümumdünya Səhiyyə Təşkilatı hər il həyəcan siqnalı çalır, lakin bütövlükdə dünyadakı vəziyyət yaxşılaşmır.

- Artıq çəki və piylənmə nədən yaranır?

- Gündəlik rasionun kaloriliyinin orqanizmin enerji tələbatından artıq olması “Enerji balansının pozulması” adlanır. Bu piylənmə və artıq çəkinin əsas səbəbidir. Bugün dünyada belə bir tendensiyanı müşahidə edirik: 1) dünya əhalisi qidanın tərkibində yüksək enerji tutumu və  tərkibində yağın çox olduğu ərzaqlardan istifadə edir; 2) fəaliyyət növlərinin oturaq olması səbəbindən fiziki fəallıq azalır. Biz müasir informasiya texnologiyalarının sürətli inkişaf etdiyi əsrdə yaşayırıq. Kompüter və rəqəmsal texnika bizi hər yerdə əhatə edir. Bu cür şəraitdə fəaliyyət sahələrinin çoxunun kompüterlə birbaşa bağlı olması təəccüblü deyil. Ofislərdə, müəssisələrdə az hərəkətli, “oturaq” iş görən insanlar günün çox hissəsini lazımi fiziki fəaliyyət olmadan, stol arxasında keçirməklə öz sağlamlığına müəyyən zərər verə bilər ki, nəticə etibarilə bu artıq çəki və ya piylənməyə gətirib çıxarır.

- Sağlamlığımızın birbaşa olaraq qidalanmadan asılı olması heç kimə sirr deyil. Fastfudun ziyanı artıq çoxdan müzakirə edilir. Devisdə Koliforniya universitetinin doktoru Robert de Voqlinin rəhbərliyi altında mütəxəssislər apardıqları bir sıra tədqiqatlarda fastfud satışının artdığını bədən çəkisinin və piylənmənin yayılmasının göstəricilərinin yüksəlməsi ilə birbaşa şəkildə əlaqəli olduğunu sübut ediblər. Fastfudun piylənməyə təsiri barədə nə deyə bilərsiniz?

- Bu gün inkişaf etmiş ölkələrdə ictimai iaşə obyektlərinin sayı və fastfuda tələbat artır. Analoji vəziyyət Azərbaycanda da müşahidə olunur. Ölkəmizdə fastfud yeniyetmə və uşaqlar arasında populyarlıq qazanıb. Uşaqlarına   hamburger və qızardılmış kartof alan valideynlər sonradan bir sıra problemlərlə qarşılaşır – onlardan ən əsası piylənmədir. Fastfudun tərkibinə çoxlu miqdarda əlavə qida maddələri daxildir ki, onların bəzisi orqanizmə mənfi təsir göstərir. Fastfud hazırlanarkən demək olar ki, həmişə yağdan istifadə olunur. Emal olunduqdan sonra ondan çoxlu miqdarda kanserogen elementlər ayrılır. Tərkibində doymuş yağların olan ərzağın kalorisi yüksək olur və bu da bir sıra xəstəliklərə səbəb olur. Əlbəttə heç kim demir ki, fastfuddan imtina etmək lazımdır. Sadəcə sağlamlığınıza dəyər verirsinizsə onlardan mümkün qədər az yeməyinizi tövsiyyə edirik.

- Ölkəmizdə piylənmə əleyhinə hansı müalicə metodlarından istifadə edilir?

- Piylənmənin müalicəsi üzrə mütəxəssis ən azından piylənmənin beynəlxalq təsnifatı barədə məlumatlı olmalıdır. Əgər bunu bilmirsə yaxşı olar ki, piylənmənin müalicəsi ilə məşğul olmasın. Təəssüf ki, bugün Azərbaycanda bu sahədə çox az sayda mütəxəssis var. Klinikaların da sayı çox azdı. Bu çətinlik piylənməyə kollektiv yanaşmanın olması ilə bağlıdır. Məsələ burasındadır ki, piylənmənin müalicəsi ilk növbədə bariatrik cərrahla endokrinoloq, kardioloq, pulmonoloq, psixoloq, psixiatr, qastoenteroloq, dietoloq arasında sıx koordinasiya olmasını tələb edir. İnsanların əksəriyyətnin bu haqda məlumatı yoxdur. Piylənmə zamanı digər xəstəliklərdə olduğu kimi ənənəvi müalicə metodları – düzgün qidalanma və düzgün həyat tərzi, xüsusi idman hərəkətləri, bir sıra dərman preparatlarının təyin olunması, mədə kiçiltmə əməliyyatı və s. tətbiq edilir. Piylənmənin ənənəvi müalicəsi müsbət effekt verir. Məsələn, piylənmənin pəhrizlə müalicəsi çəkini orta hesabla 6%, fizioterapiya ilə müalicəsi – orta hesabla 3%, dərman preparatları vasitəsilə müalicəsi – orta hesabla 1%, psixoterapiya vasitəsilə müalicəsi – orta hesabla 10% azaldır.

ÜST-nın tövsiyyələrinə uyğun olaraq, bədən çəkisi indeksinin təfsiri işlənib hazırlanıb. Bədən çəkisi normaları – 18,5-24,99, Artıq çəki (piyənmədən qabaq) – 25—30, Birinci dərəcəli piylənmə - 30—35, İkinci dərəcəli piylənmə - 35—40, Üçüncü dərəcəli piylənmə - 40 və daha çoxdur.

Bədən çəkisi indeksinin 35-40 olduğu zaman piylənmənin yeganə effektiv müalicəsi metodu cərrahi müdaxilədir. Bununla bariatrik və metobolik cərrahiyə sahəsindəki mütəxəssislər məşğul olur. Bariatrik əməliyyatların effektivliyi dünyada keçirilən bütün elmi tədqiqatlarla sübut olunub. Bariatrik əməliyyatdan sonra artıq çəkinin azalma göstəricisi əməliyyat növündən asılı olaraq orta hesabla 45%-dən 100%-ə kimidir.

 - Azərbaycanda uşaqlardakı piylənmə barədə nə deyə bilərsiniz. Valideynlərin ciddi həyəcan siqnalı verilməsinə ehtiyac varmı?

Ölkəmizdə uşaqlardakı piylənmə ciddi sosial bəlaya çevrilir. Belə ki, “piylənmə” diaqnozu qoyulan uşaqların sayı sürətlə artır. Lakin bu problem daha çox böyüklər arasında yaşanır. Bu o deməkdir ki, biz  problemə hələ də ciddi yanaşmırıq. Artıq çəkisi olan valideynlər və uşaqlar öz qidalarının qədərinə və tərkibinə ciddi yanaşmalı, un məmulatları və şirniyyat məhsullarından uzaq durmalı, uşaqları idmana yazdırmalıdırlar. Təəssüf ki, biz bugün başqa bir mənzərəni görürük – piylənmə diaqnozu hələ valideynləri ciddi narahat etmir.