Müsahibələr

Vaxtında skrininq müayinələr həyata keçirilsə...

Vaxtında skrininq müayinələr həyata keçirilsə...

Vaxtında uşaqlıq boynu üçün nəzərdə tutulmuş skrininq müayinələr həyata keçirilsə, uşaqlıq boynunda bədxassəli xəstəliyin yaranma ehtimalını sıfıra endirmiş olarıq.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim mama-ginekoloqu Naza Qurbanova ilə müsahibə:

-Uşaqlıq boynu xəstəliklərinin aktuallığı nədir?

-Uşaqlıq boynu patologiyaları nəinki Azərbaycanda, ümumiyyətlə dünyada aktual olan bir mövzudur. Hazırda uşaqlıq boynunun bədxassəli xəstəliyi reproduktiv sistemdə rast gəlmə tezliyinə görə süd vəzindən sonra ikinci yerdə durur. Ancaq dünyada qadın ölümünə ən çox səbəb kimi birinci yerdə rast gəlinir.Təbii ki, bu xəstəlik birdən-birə yaranmır,bundan öncə xərçəngönü (displaziyalar) vəziyyətlər yaranır. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicə üsullarının düzgün seçilməsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər almış olur.

-Uşaqlıq boynu xəstəlikləri sırf xərçəngləmi bağlıdır?

-Uşaqlıq boynunda ayrıca olaraq iltihabi-infeksion xəstəliklər yaranır, əsəs olaraq isə bu xəstəliklər 3 qrupa ayrılır.Fon xəstəlikləri(eroziya,polip,leykoplagiya,papiloma və s.), xərçəngönü xəstəliklər(L-SİL,H-SİL) və uşaqlıq boynunun xərçəngi. Xəstəlik vaxtında aşkarlanmasa, düzgün diaqnostikası aparılmasa, daha ciddi problemlər yarada bilər.Fon xəstəlikləri ginekoloji baxış zamanı aşkarlamaq çətinlik törətmir , amma xərçəngönü xəstəlikləi (uşaqlıq boynunun displaziyaları) isə gözlə təyin etmək mümkün deyil. Onu deyim ki, yüngül dərəcəli displaziyalar, xərçəngönü vəziyyət varsa, bunun orta dərəcəyə keçməsi üçün haradasa 2 ilə qədər vaxt tələb olunur. 2 ildən 5 ilə qədər ikinci dərəcəli xərçəngönü vəziyyəti üçüncü dərəcəyə keçir. Statistikaya görə uşaqlıq boynunun xərçənginin inkişafı üçün 5 ildən 19 ilə kimi vaxt çəkir. Əgər ildə 1 dəfə profilaktik olaraq ginekoloq müayinəsindən keçilsə və uşaqlıq boynu üçün nəzərdə tutulmuş skrininq müayinələr həyata keçirilsə, biz uşaqlıq boynu displaziyalarını vaxtında aşkar edə bilərik. Bu halda bədxassəli xəstəliyin yaranma ehtimalını sıfıra endirmiş olarıq.

- Xəstəliyin diaqnostikası necə aparılır?

- Uşaqlıq boynunun skrininqi uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılır. Bunun üçün ildə 1 dəfə qadınlar mütləq olaraq sitoloji(Pap-smear) müayinədən keçməlidirlər. Burada uşaqlıq boynundan yaxma götürülür və marfoloqlar tərəfindən dəyərləndirilir.İknici müayinəyə uşaqlıq boynunun kolposkopik müayinəsi daxildir. Adətən birinci müayinə zamanı cavab müsbət çıxırsa, qadınlar düşünürlər ki, ikinci müayinəyə ehtiyac yoxdur. Ancaq bu doğru deyil. İldə bir dəfə kolposkopik müayinədən də keçilməlidir. Çünki, uşaqlıq boynundan götürülmüş materialın sitoloji müayinəsi 100 faizlik müayinə metodu deyil. Bunun informativliyi 60 faizdir. Kolposkopik müayinəilə birlikdə aparılarsa infarmativlik daha yüsək olar.Uşaqlıq boynu xəstəlikləri üçün ən dəqiq müayinə, uşaqlıq boynunun histoloji müayinəsidir. Ancaq histoloji müayinə üçün də bizə kolposkopik müayinə lazımdır. Çünki biz götürdüyümüz patoloji sahəni dəqiq bilməliyik. Kolposkopik müayinədən sonra əgər ehtiyac olarsa, papilloma virus skrininqi olunur. Lazım gəlsə, uşaqlıq boynundan biopsiya götürülüb histoloji müayinəyə göndərilir

Kolposkopiya müayinəsi necə aparılır?

- Kolposkopiya xüsusi optik cihazıdır. Müayinə zamanı baxdığımız obyekti 30-40 dəfə böyüdə və problemi daha yaxşı incələyə bilirik.Uşaqlıq boynu patologiyalarının təyinində daha çox genişləndirilmiş kolposkopiyadan istifadə olunur bu zaman sirkə turşusu və liqol məhlulundan istifadə olunur. Tam ağrısız, qeyri invaziv müayinə metodudur.

- Eroziya xəstəliyi haqqında nələri bilməliyik?

- Eroziya qadınların ginekoloqa getdiyi zaman ən çox rastlaşdığı xəstəlikdir. Eroziyanı bəzən gözlə görmək mümkündür. Əksər hallarda digər xəstəliklərlə də səhv salmaq olar. Bunun üçün genişləndirilmiş kolposkopiya müayinəsi aparılır. Eroziya toxuma defektidir. Bu xəstəlik infeksiya,travma nəticəsində də yarana bilər və xoşxassəli xəstəliklər qrupuna daxildir. Nadir hallarda bədxassəli xəstəliyə çevrilə bilər. Əgər xanım ilkin müayinə nəticəsində eroziya xəstəliyi olduğunu bilibsə, müalicədən sonra xəstəlik olduğu kimi qalırsa, bu deməli uşaqlıq boynunun eroziyası deyil. Bunun üçün artıq skrininq müayinələr aparılmalıdır ki, diaqnoz dəqiq olsun.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbi nədir?

-Uşaqlıq boynu xərçənginin yaranma səbəbi papiloma virus infeksiyasıdır. Kaliforniya universitetində uşaqlıq boynu xərçəngindən dünyasını dəyişən qadınlar üzərində araşdırma apardılar. Araşdırma nəticəsində həmin qadınlarda papiloma virusu infeksiyasının həm onkogen həm də qeyri-onkogen tipləri aşkar olundu və bu fikir təsdiqləndi. Ancaq papiloma virus infeksiyasına yoluxduqdan sonra uşaqlıq boynunda yastı kondiloma formalaşır. Biz güzgü müayinəsi zamanaı təmiz uşaqlıq boynu görürük,lakin kolposkopiyada sınaq etdikdən sonra bunu görə bilirik.

-Bu xəstəliklərin müalicəsi necə aparılır?

-Uşaqlıq boynu,uşaqlıq yolu və vulva hissənin müalicəsi konservativ və operativ usullarla aparılır. Son zamanlar CO2 lazer əməliyyatların aparılmasına daha çox üstünlük verilir.CO2 lazerlə aparılan əməliyyatın üstınlüyü çapıq toxumanın əmələ gəlməməsi,əməliyyat müddətinin qısa olması,sağalma dövrünün qısa olması,hamilələrdə qız uşaqlarında,yaşlı qadınlarda müvəffəqiyyətlə istifadə olmasıdır.Bu əməliyyatdan 3 həftə sonra xəstə hamilə qala bilər və ya doğuşunu təbii şəkildə başa çatdıra bilər. Əməliyyat 15-20 dəqiqə çəkir. Vulvada( xarici cinsiyyət orqanı) olan butün xəstəliklərdə hətta xərçənğönü xəstəliklərdə belə CO2 lazer vasitəsilə orqansaxlayıcı əməliyyatlar icra olunur,vulvoektomiyaya ehtiyac olmur,bu en azından xəstə üçün psixoloji rahtlıqdır,çünki orqan itirmir.