Müsahibələr

Onurğa problemləri – nəyə diqqət etməli?

Onurğa problemləri – nəyə diqqət etməli?

Müasir dövrdə keçirdiyimiz həyat tərzinə xas olan xəstəliklərdən biri də onurğa xəstəlikləridir. Hazırda onurğa ilə bağlı problemlər geniş yayıldığına görə ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsinin müdiri Fərid Qaralovla da elə bu mövzuda söhbət etdik.
Dosye: Fərid Qaralov 2005-ci ildə ATU-nun müalicə işi fakültəsini bitirib, həmin ildə də Türkiyənin Egey Universitetində uzmanlıq kursu keçib. 2012-ci ildə təhsilini başa vuraraq, uzman neyrocərrah adını qazanıb. Daha sonra Bakıya dönərək, 2012-ci ildən ATU-da ilk olaraq baş laborant kimi, daha sonra assistent kimi fəaliyyətini davam etdirib.
F.Qaralov deyir ki, onurğanın dar kanalı, yəni “spenal stenozis” və fəqərələr arası diskin sürüşməsi, yəni “spondilodispezis” kimi xəstəliklər kifayət qədər geniş yayılıb.
- Əvvəlcə Spenal Stenozis adlandırdığımız xəstəlik haqqında danışmaq istərdim. Onurğa beyninin içində bir onurğa kanalı yerləşir ki, onun ölçüləri hər bir insanın öz orqanizminə uyğundur. Bəzən bu ölçünün daralması və dolayısıyla həmin onurğa beyninin sıxılması nəticəsində əmələ gələn bir xəstəlik qrupu “Spenal Stenozis”dir. Bu xəstəliyin ilk əlaməti bel ağrılarıdır. Bəzən onurğanın bütün nahiyələrində - məsələn boyun, döş, bel, oma nahiyəsində də ağrılar olur. Amma daha çox buna bel-oma ətrafında rast gəlinir. Xəstədə xroniki ağrıların olması, hərəkətin çətinləşməsi, əllərdə və ayaqlarda gücsüzlük, keyimənin olması, daha sonra yerişin pozulması və nəticədə sidik qaçırtma əlamətləri ortaya çıxa bilər.
Xəstənin şikayətlərini dinləyəndən, həm də xəstəliyə uyğun radioloji görüntüsünə baxandan sonra biz əməliyyatın vacib olub-olmamasına dair qərar veririk.
Dar onurğa kanalı ilə bağlı xəstəliklərə xas olan xüsusiyyətlərdən biri də xəstənin müəyyən bir məsafəni yeridikdən sonra oturmağa məcbur olmasıdır. Məsələn, elə xəstələr var ki, 1 km gəzəndən sonra ayaqları ağrıyır və oturmalı olur. Bu, onurğanın bel nahiyəsindəki kanallarda problemdən xəbər verir. Amma xəstə artıq 500 metrdən, 100 metrdən, hətta bəzən 1-2 metrdən sonra ağrıdan gəzə bilmirsə, onda belə xəstəyə əməliyyat vacibdir.
-Bu xəstəlik zamanı hansı növ əməliyyat aparılır? Əməliyyat problemin aradan tam qalxmasına gətirirmi?
-Əməliyyat zamanı həmin dar onurğa kanalı xüsusi hazırlanmış metal fiksatorlar vasitəsilə fiksə olunur, daha sonra onurğanın həmin hissəsi aradan qaldırılaraq onurğa beyninə birləşdirilir. Əməliyyatın məqsədi bundan ibarətdir. Bu, texniki olaraq ən çox icra etdiyimiz cərrahiyyə əməliyyatlarından biridir. Bu xəstəlik əsasən orta və daha böyük yaş qruplarında müşahidə olunur.
-Amma hazırda bir çox adamlar onurğada disk sürüşməsi, yırtıqlardan şikayətlənirlər? Bu xəstəliyin mahiyyəti nədir?
- İnsanların bel sürüşməsi adlandırdığı bu xəstəliyin tibbi adı “spenal spondilodispezis”dir. Bu xəstəlik həm travmadan sonra, yaxud da müəyyən yaş həddindən sonra əmələ gələ bilər. Bu zaman fəqərələrin bir-birinin üzərində normal düzülüş ardıcıllığı pozulur.
Belə xəstələrdə disk sürüşməsi olan nahiyyədə şiddətli ağrılar olur. Adətən uzananda bu ağrılar nisbətən azalır. Lakin ayağa qalxıb yeridikdə isə ağrılar olduqca şiddətlənir. Beləliklə, disk sürüşməsində də bir çox hallarda xəstəliyin ilkin əlaməti bel ağrısıdır. Lakin xəstədə ayaq ağrıları, gücsüzlük də müşahidə oluna bilər. Bu zaman cərrahiyyə əməliyyatında qeyri-stabil, sürüşmüş nahiyyə fiksatorlar vasitəsilə fiksə olunur və sürüşmə aradan qaldırılır. Xəstələr bu əməliyyatdan sonra ağrılardan xilas olur, öz normal həyatlarına davam edə bilirlər.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının
Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Fərid Qaralov