Klimakterik sindrom nədir?
26.11.2024
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının t.ü.f.d, mama-ginekoloq, cərrah Nigar Abbasova ilə klimakterik sindrom haqqında bəhs edəcəyik.
İlk olaraq, bu sindrom nədir və hansı yaş dövründə meydana çıxır?
- Klimakterik sindrom, qadınların reproduktiv funksiyasının sona çatdığı dövrdə meydana gələn bir vəziyyətdir. Yəni, bu sindrom 45-47 yaş arasında, yumurtalıqların və uşaqlığın ölçülərinin kiçilməyə başlaması, menstruasiyanın kəsilməsi ilə əlaqədar yaranır. Klimakterik sindrom premenopauza dövründə 40% qadında, 40-85%-ində menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır.
Klimakterik sindromun yaranma səbəbləri nələrdir?
- Klimakterik sindromun yaranması yaşla əlaqədar olaraq, qadın cinsi hormonlarının (estrogenlərin) səviyyəsinin orqanizmdə aşağı düşməsi və hipotalamusun işindəki dəyişikliklərlə əlaqədardır. Bu patoloji vəziyyətin müddəti 1.5 ildən 10 ilədək davam edə bilər. Simptomlar orta hesabla 2-5 il davam edir. Onların ifadə olma dərəcəsi isə qadının orqanizminin fərdi xüsusiyyətlərindən asılıdr.
Klimakterik sindromun əlamətləri hansılardır?
- Klimakterik sindromun əlamətləri müxtəlifdir və qadınlarda ciddi narahatlıqlara səbəb ola bilər. Mütəxəssislər bu əlamətləri üç əsas qrupa bölürlər: neyrovegetativ, psixonevrotik və somatik.
Klimakterik sindromun simptomatikası müxtəlifdir və ciddi narahatçılıqlara səbəb ola bilər. Mütəxəssislər bu simptomları üç qrupa bölürlər: neyrovegetativ, psixonevrotik və somatik.
Onlardan ən geniş yayılmışı (98%-ədək) neyrovegetativ simtomdur ki, bu zaman qadının üzünə, başına, bədənin yuxarı nahiyəsinə “istilik axını” baş verir. Bu “axınlar” 30 saniyədən 1-2 dəqiqəyədək davam edə bilər. Sindrom zamanı tərləmənin səviyyəsinin artması da qeydə alınır (təqribən 80% hallarda). “Axınlar”a stress, iqlim şəraitinin dəyişməsi kimi müxtəlif qıcıqlandırıcılar təkan verə bilər.
“İstilik axınları” zamanı dəri səthinin temperaturu 5C-yə, ürək düyüntüsü isə 130-a dək qalxır, periferik damarlar genişlənir. Bundan başqa, vegetativ pozuntulara, həmçinin, boyun və sinədə qırmızı ləkələrin əmələ gəlməsini, güclü baş ağrısı tutmalarını, arterial təzyiqin dəyişməsini, hipertonik krizləri, vozomotor riniti aid etmək olar.
Qadınlar tez-tez ətrafların qıcolması və ya keyiməsindən, dərinin quruluğundan, yuxululuq və ya əksinə oyanıqlıqdan şikayətlənirlər. Bəzilərində boğulma tutmaları və panik ataklar müşahidə edilir.
Neyrovegetativ pozuntular klimaks zamanı sinir sisteminin həssaslığını artıra, bu isə öz növbəsində orqanizmin müxtəlif nahiyələrndə ağrılara gətirib çıxara bilər.