Xəbərlər

ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

20.01.2023

O faciəli hadisələr Azərbaycan tarixinə həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub

 

Yanvarın 19-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ölkəmizin azadlıq mübarizəsində canlarından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra toplantını giriş nitqi ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də 20 Yanvar faciəsinin ümummilli hüzn günü kimi qeyd edilməsi artıq ənənə halını alıb. Lakin ötən illərdən fərqli olaraq, bu il ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişinə əsasən, toplantıya professor- müəllim heyətinə nisbətən tələbələrin daha çox qatılması məqsədəuyğun hesab olunub.

S.Əliyev vurğulayıb ki, müxtəlif təbliğat vasitələrindən istifadə etməklə bu qanlı tariximizi gənc nəslin qan yaddaşına həkk etməliyik: “Biz o əzablı günlərin şahidi kimi bugünkü gəncliyi ətraflı məlumatlandırmalıyıq. Təsadüfi deyil ki, 44 günlük müharibədə qələbəmizi qeyd edərkən cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu qələbəni mənim prezident olduğum dövrün gəncliyi qazandı”.

Sözünə davam edən prorektor 20 Yanvar faciəsinin baş vermə səbəblərini və onun unudulmaz dəhşətlərini bir daha yada salaraq, həmin gün Azərbaycan xalqının cəsarətli övladlarının göstərdiyi şücaətləri xatırladıb: “Həmin hadisələrdən bizi 33 il ayırsa da, o dəhşətli günləri unutmaq mümkün deyil. Hətta qadınlarımız belə öz vətənlərini qorumaq üçün təpədən-dırnağa qədər silahlanmış sovet ordusunun qarşısına əliyalın çıxmışdılar. Odur ki, bu günə yas tutub  ağlamamalıyıq. Çünki 20 Yanvar bizim tariximizə faciə ilə yanaşı, həm də igidlik, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Xalqımız öz canı-qanı bahasına azadlığına qovuşub”.
Professor S.Əliyev o ağır günlərə ekskurs edərək həmin dövrdə sovet mediasının 20 Yanvarla bağlı tamamilə yanlış məlumatlar yaydığını qeyd edib. O, törədilən bu qanlı hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı və insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirib: “Baş verənlər gizlədilirdi, deyirdilər ki, çox az sayda itki olub. Lakin ümummilli lider Heydər Əliyevin sayəsində dünya bu faciədən xəbər tuta bildi. Ulu öndər həyatını riskə ataraq ailə üzvləri ilə birgə Moskvada keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu xəbər agentliklərinə bu haqda məlumat verdi”.

Toplantıda çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini xatırladıb və bu qanlı faciənin heç zaman unudulmayacağını bildirib. O, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini təşkil edən və bu cür qanla yazılan tarixlərin yaşadılmasının əhəmiyyətini vurğulayıb, şəhidlərimizin xatirəsini yaşatmağın hər birimiz üçün vacib missiya olduğunu söyləyib.

Sonra ATU-nun bir qrup tələbəsinin 20 Yanvar hadisələrinə dair hazırladığı kiçik səhnəcik nümayiş olunub. Bundan başqa, tələbələrin ifasında bu qanlı faciənin ağrı-acılarını özündə əks etdirən şeirlər səsləndirilib.

ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
ATU-DA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB