Xəbərlər

ATU-DA TƏCİLİ YARDIM SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR SİMPOZİUM KEÇİRİLİB

ATU-DA TƏCİLİ YARDIM SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR SİMPOZİUM KEÇİRİLİB

16.12.2022

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-in birgə təşkilatçılığı ilə Təcili Yardım Sisteminin (TYS) təkmilləşdirilməsi həftəsi davam edir. Bu silsilədən növbəti hibrid simpozium dekabrın 16-da Azərbaycan Tibb Universitetində keçirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli simpoziumda açılış nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor son dövrlərdə səhiyyəmizdə aparılan islahatların uğurlu nəticələrinə toxunaraq, insanlara göstərilən ilkin tibbi xidmətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycan səhiyyəsinin inkişafı hər zaman ölkə rəhbərliyinin, eləcə də dövlətimizin diqqət mərkəzindədir. Səhiyyədə gedən dəyişiklər və islahatlar müsbət nəticələri ilə göz qabağındadır. İslahatlarin ən əsas məqsədi Azərbaycanda səhiyyə xidmətini dünya standartlarına çatdırmaqdır. Bu sahədə çalışan nüfuzlu beynəlxalq təşkilatlarla olan əlaqələrin inkişafı, onların yüksək təcrübələrinin Azərbaycana gətirilməsi prioritet məsələlərdir. Sevindirici haldır ki, Azərbaycan Tibb Universiteti 30-dan artıq ölkənin 100-ə yaxın beynəlxalq təşkilatı ilə əməkdaşlıq edir”.

Bu təşkilatlar içərisində Ümumdünya Səhiyyə Təşilatının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətini yüksək qiymətləndirən rektor, pandemiya dönəmində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, aparılan islahatların vacib istiqamətlərindən biri də təcili yardım sisteminin təkmilləşdirilməsidir. Məhz bu nöqteyi-nəzərdən bügünkü simpoziumda çox vacib bilgilərin verəcəyinə və aktual problemlərə dair səmərəli müzakirələr aparılacağına əminliyini söyləyib.  Eyni zamanda Böyük Elmi Şuranın qərarı ilə universitetdə ilk dəfə olaraq Təcili yardım kafedrasının təsis edildiyini, növbəti ildən tələbələrimizə ayrıca fənn kimi tədris olunacağını xatırladan rektor, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan layihələrdə Azərbaycan Tibb Universiteti tələbələrinin, məzunlarının və həkimlərinin həmişə həvəslə iştirak etdiyini vurğulayıb və simpoziumun işinə uğurlar arzulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da simpoziumun açılış mərasimində çıxış edərək, təcili yardım sisteminin səhiyyənin ən vacib hissəsi olduğunu və bütün dünyada insanların səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər: "COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə dekabrın 12-də “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri”nə başlanılıb. Həftənin məqsədi təcili yardım sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır”.

Son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisinin Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə mərkəzindəki təlimlərə qatıldığını bildirən xanım Hande Harmancı, bugünkü simpozium və sabaha nəzərdə tutulan işçi qrupunun görüşlərinin təcili tibbi yardım işçilərinin, səhiyyə orqanlarının, qərar qəbuledici şəxslərin və ictimaiyyətin bu sahədə birgə çalışmasını təşviq edəcəyinə inandığını söyləyib.

Sonra tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. Ümumdünya Sağlamlıq Təşkilatının təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verdiyini deyən nazir müavini bildirib ki, səhiyyə sistemi insanları narahat edən təcili sağlamlıq məsələlərinə nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar: “Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı, təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox müsbət haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bu sahədə 3 əsas istiqamətdə iş aparılır: xəstəxanayaqədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması və təcili tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər”.

Əsas məqsədi təcili yardım sistemləri sahəsində Azərbaycanin gələcəyə baxışını, müzakirə etmək və təkmilləşdirmək olan simpoziumun açılışında USAID-in Missiya direktoru Maykl Nirbas (Michael Nehrbass), İTSDA və TƏBİB-in nümayəndələri də çıxış ediblər. Həmçinin təcili yardım şöbələrinin müdirləri, həkimləri və digər səhiyyə işçiləri, eləcə də Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İTSDA və TƏBİB-in bu sahə üzrə qərarvericiləri, xəstəxana direktorları, universitet müəllimləri və beynəlxalq təşkilatların əməkdaşlarının qatıldığı, hibrid formatda keçirilən simpoziumun gedişini 200-dən çox iştirakçı ilə yanaşı, Zoom platforması vasitəsilə tədbirə qoşulanlar da izləyiblər.

Simpozium öz işini panel iclaslarla davam etdirib.

Xatırladaq ki, Təcili Yardım Sisteminin (TYS) təkmilləşdirilməsi həftəsi dekabrın 18-də “Dəniz Mall”da keçiriləcək KPR vərdişlərinin öyrənilməsinin təbliğinə həsr edilən təlimlərlə yekunlaşacaq.

ATU-DA TƏCİLİ YARDIM SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR SİMPOZİUM KEÇİRİLİB
ATU-DA TƏCİLİ YARDIM SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR SİMPOZİUM KEÇİRİLİB