Xəbərlər

Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev:

Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev:"Qaydalara əməl olunsa, xəstəliyin qarşısını alacağıq"

09.04.2020

“Bizim klinikada koronavirusa yoluxmuş xəstələr müalicə olunurlar. Şükürlər olsun ki, xəstələrin içərisində ağır vəziyyətdə olanlar yoxdur”.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev sosial şəbəkədə etdiyi müraciətində bildirib.

S. Hadıyev deyib ki, onu həkim, vətəndaş kimi narahat edən  yoluxanların sayında gündən-günə artım dinamikasının müşahidə olunmasıdır: "Əlbəttə, bu yaxşı əlamət deyil. Xəstəliyin qarşısını almaq üçün dövlət lazım olan bütün tədbirləri görür. Təəssüf ki, əhalinin karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı çətinliklər var. Xüsusilə yollarda maşınlara çox rast gəlinir. Təcrid olunmaq xəstəliyin qarşısının alınması üçün ən vacib amildir. Xəstəliyə yoluxanları müalicə etmək çox çətindir. Amma təcrid olunmaq, yoluxmamaq daha asandır. Yoluxmanın qarşısını almaq üçün ciddi nizam-intizam gərəkdir. Lazım olmadığı hallarda evdən çıxmamaq, verilən vaxtdan izafi istifadə etməmək lazımdır. Qaydalara riayət olunsa, rejim qaydalarına əməl edilsə, xəstəliyin yayılmasnın qarşısını ala biləcəyik.

Şükürlər olsun ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə xəstəlik geniş yayılmayıb. Ağır xəstələrimiz də yoxdur. Dövlət xəstələrin müalicəsi üçün bütün dəstəyi göstərir. Bizim klinika da çoxlu süni tənəffüs aparatı, bütün ləvazimatlarla təmin olunub.

Bundan sonra xəstə sayları ilə bağlı statistik rəqəmlər artmamalı, azalmalıdır. Hamını karantin rejiminin qaydalarına əməl etməyə, nizam-intizamlı olımağa çağırıram. İnanıram ki, biz bu xəstəliyə birlikdə qalib gələcəyik”.