Xəbərlər

Bir ailənin 19 illik övlad həsrətinə son qoyulub

Bir ailənin 19 illik övlad həsrətinə son qoyulub

10.07.2019

ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir riskli hamiləlik uğurla nəticələnib. Mehdiyevlər ailəsinin 19 illik övlad həsrətinə son qoyulub. Dünyaya gələn yeni körpə anası Təranə xanıma, atası Əlimuxtar bəyə, eləcə də bu günü səbirsizliklə gözləyən bütün doğmalarına sonsuz bir sevinc bəxş edib. Uzun illərdir ki, ümidlərini itirməyən ailəyə bu sevinc hissini yaşadan ATU-nun I mamalıq-ginekologiya kafedrasının assistenti, həkim-ginekoloq Arzu İsmayılova və Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı həmsöhbətimizdir. Hər iki həkim hamiləlik müddətində hamilə qadının və müalicəsi, ana və körpənin son durumu barədə fikirlərini bizimlə bölüşürlər.
Ailənin ona hamilələiyin 3-cü ayında müraciət etdiyini deyən həkim-ginekoloq Arzu İsmayılova bildirir ki, bu, pasiyentin 19-cu hamiləliyi idi: “Bundan əvvəlki 18 hamiləlik təxminən 5-6-cı aylarda mənfi sonluqla bitib. Yəni hamilə qadının ana olmaq arzusu reallaşmayıb. Klinikamıza ümidlə gəlmişdilər ki, biz bu hamiləliyi uğurla başa çatdıra biləcəyik. Allaha şükür ki, hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalsaq da, ailənin ümidlərini doğrultduq. Hamiləliyin 7-ci ayında doğulan körpə Neonatologiya şöbəsinində ciddi nəzarətdə saxlanıldı. Artıq ana və uşaq sağ-salamat evlərinə yola salınır”.
Arzu İsmayılovanın sözlərinə görə, vaxtından qabaq düşük doğuş təhlükəsini aradan qaldırmaq üçün hamilə qadında qabaqlayıcı müalicələr aparılıb. Hamiləliyin 22-ci həftəsindən sonra patologiya şöbəsində yerləşdirilən pasiyent sona qədər izlənilib. Müalicə zamanı ilk növbədə infeksiya amili, şəkərin yuxarı olması və qalxanvari vəz patologiyası nəzərə alınıb.
Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı da söhbətin çətin bir hamiləlikdən getdiyini deyir. Qeyd edir ki, Arzu xanım məni şöbəmizdə yerləşdirilən bu ana ilə tanış edəndə bizə güvəndiyini bildirdi. Bütün məlumatları olduğu kimi bizə çatdıraraq əlavə etdi ki, ananın infeksiyon markerləri yüksəkdir, endokrin patologiyaları var, dəfələrlə düşüklərlə nəticələnmiş hamiləlik həyatı yaşayıb. Bir doğulmuş uşağı olub, o da sağ qalmayıb: “Mənim üçün vacib idi ki, baş-beyinlə bağlı problem yaşamayaq. Çünki ağ ciyər, mədə-bağırsaq, mübadilə eyni zamanda qorunmaz ümmun sistemləri, bu sistemlərlə bağlı çox ciddi problemlərimizin olacağını əvvəlcədən bilirdik. Amma baş-beyinlə bağlı problemin olması bizim işimizi demək olar ki, imkansız hala gətirib çıxarardı. Xoşbəxtlikdən beyinlə bağlı problemimiz olmadı. Belə uşaqlarda qansızmaları çox görürük. Ginekoloqların köməyi ilə bu problemdən də qorunduq”
Nəticənin yaxşı olması bütün çətinlikləri unutdurub. Mehdiyevlər ailəsi onlara bu xoşbəxt anları yaşadan tibbi personala dərin təşəkkürlərini bildirir, öz sevinclərini bizimlə bölüşürlər. Bizə isə dünyanın ən gözəl simfoniyası hesab olunan körpə səsinin hər bir ailədə eşidilməsini arzulamaq qalır.#atutck