Xəbərlər

“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR

“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR

21.12.2018

Dekabrın 21-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Tibb Universiteti və Türkiyənin Özəl Medicabil Xəstəxanasının birgə təşkilatçılığı ilə “Bud-qalça və diz artroplastikasının aktual problemləri”nə dair seminar keçirilib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov açılış nitqində bütün seminar iştirakçılarını salamlayaraq bu birgə layihənin təşkilatçıları arasında rəsmi əməkdaşlığın mövcud olduğunu bildirib: “Əməkdaşlarımız tez-tez müştərək elmi toplantılar keçirsələr də, ilk dəfədir ki, daha böyük miqyasda birgə seminar təşkil edirik. Bizim müraciətimiz əsasında Səhiyyə Nazirliyi toplantımızı 4 Davamedici Tibb Təhsili Kreditləri ilə dəyərləndiribdir ki, bu da sevindirici haldır. Ona görə də bu gün həm çox maraqlı məruzələr eşidəcək, həm də bizə bir neçə müddətə lazım olan kreditləri toplaya biləcəyik”.

Özəl Medicabil Xəstəxanasının universitetimizə ilk dəfə gələn əməkdaşlarının öz klinikalarında tətbiq edilən çox maraqlı idarəetmə sistemi barədə məmnuniyyət hissi ilə məlumat verdiklərini xatırladan N.Zeynalov gələcək əlaqələrin də iki istiqamətdə - elmi əməkdaşlıq və idarəetmə sistemi üzrə qurulacağını söyləyib. Çıxışının sonunda universitetin rektoru, professor Gəray Gəraybəylinin təbriklərini və ürək sözlərini də tədbir iştirakçılarının diqqətinə çatdıran prorektor seminarın işinə uğurlar diləyib.

Tədris Cərrahiyə Klinikasında xəstələrə göstərilən travmatoloji və ortopedik xidmət haqqında qısa məlumat verən baş həkim, professor Ramiz Poluxov qeyd edib ki, klinika fəaliyyətə başlayanadək travmatologiya və ortopediya kafedrasında əsas istiqamət travmatologiya üzrə idi. Ancaq 2014-cü ildən sonra aparılan əməliyyatların demək olar ki, 90 faizini ortopedik əməliyyatların təşkil etdiyini söyləyən baş həkim bilgilərini və təcrübələrini paylaşan hər iki klinikanın mütəxəssisləri üçün bugünkü seminarın faydalı olacağını deyib.

Travmatologiya və ortopediya kafedrasının müdiri, professor Əhməd Əhmədzadə bildirib ki, bu cür seminarları keçirməkdə məqsədimiz rezidentlərə, o cümlədən gənc həkimlərə bu sahəni dərindən mənimsətmək, gələcəkdə problemlərə elmi nöqteyi-nəzərdən yanaşmağı aşılamaqdır: “Bu gün diz, bud-çanaq oynağı artrozları bütün dünyada, həmçinin Türkiyədə və Azərbaycanda bir nömrəli sosial problemdir. İnsanları əlilliyə gətirib çıxaran başlıca səbəblərdən biridir. Bu problemin həlli üçün ortopedlər uzun illərdir axtarış aparır, yeni metodlar işləyib hazırlayırdılar. Bilirsiniz ki, artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblərdən zədələnir və proses davam etdikcə amortizasiya xüsusiyyətini itirir. Bu zaman vurulan iynələr, qəbul edilən dərmanlar müvəqqəti xarakter daşıyır və yekunda heç bir müsbət nəticə alınmayanda artıq cərrahi müalicəyə keçilir. Qarşımızda duran ən vacib vəzifələrdən biri də endoprotezlərin tətbiqindən sonra baş verə biləcək fəsadları minimuma endirməkdir”.

İlk endoprotezlərin hazırlanması tarixinə də toxunan professor tibbi texnologiyanın inkişafı sayəsində müasir endoprotezlərin yaradıldığını və gələcəkdə daha da təkmilləşdirləcəyini vurğulayıb.

Ayrı-ayrı zaman kəsiyində mövcud tələb və şəraitə uyğun olaraq ortopediyanın Azərbaycanda inkişaf mərhələlərindən də söhbət açan Ə.Əhmədzadə vaxtilə professor Eldar Abbasovun artroloji mərkəz yaratdığını, endoprotezlərin uğurlu tətbiqini yada salıb. Hal-hazırda Tədris Cərrahiyyə Klinikasında ildə 300-ə yaxın endoprotezləşdirmə əməliyyatının aparıldığını diqqətə çatdıran professor türkiyəli kolleqalarla qarşılıqlı əlaqələrin genişlənməsindən, Azərbaycan alimlərindən Aydın Qəhrəmanov, Eldar Abbasov, Cəfər Nəsirli, İsmixan Matıyev və başqalarının Türkiyədə kifayət qədər tanınmasından məmnunluğunu dilə gətirib.

Seminarda çıxışı zamanı ilk növbədə yaradılan şəraitə görə sayın rektor, professor Gəray Gəraybəyli başda olmaqla ATU-nun rəhbərliyinə nümayəndə heyəti adından təşəkkürünü bildirən Özəl Medicabil Xəstəxanasının qurucusu, aparıcı ortoped və rekonstruktiv cərrrah, professor Ömer Faruk Bilgen qarşılıqlı ilişgilərin davamlı olacağına əminliyini ifadə edib.

“Biri-birimizə öyrədəcəyimiz çox şeylər var. İrəliyə doğru getmək üçün birlikdə çaba göstərməyimiz, bilgi alış-verişində bulunmağımız lazımdır” – deyən türkiyəli alim 30 ilə yaxındır ki, ortopediya sahəsində uğraşmağa başladığını diqqətə çatdıraraq öz fəaliyyəti haqqında ilginc məlumatları da seminar iştirakçıları ilə bölüşüb. 
Bundan sonra elmi bölümlərdə davam edən seminarda Azərbaycan və Türkiyə alimlərinin müxtəlif mövzularda maraqlı məruzələri dinlənilib.#atutck#atu

“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR
“BUD-QALÇA VƏ DİZ ARTROPLASTİKASININ AKTUAL PROBLEMLƏRİ”NƏ DAİR SEMİNAR