Xəbərlər

RƏQƏMSAL CƏRRAHİYYƏ ERASININ BAŞLANĞICI

RƏQƏMSAL CƏRRAHİYYƏ ERASININ BAŞLANĞICI

19.12.2018

Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında professor Çingiz Rəhimovun rəhbərliyi ilə tətbiq olunan yeni texnologiya ölkəmizdə yüksək səviyyədə maraq doğurub. Cərrahlara daha dəqiq əməliyyat aparmağa imkan verən “artırılmış reallıq eynəkləri” bu il “Bakutel 2018” sərgisində də nümayiş etdirilib.

Bədən toxumalarının ciddi dağılması, deformasiyası və ya itirilməsi zamanı adətən bərpaedici rekonstruksiya əməliyyatları aparılır. Son zamanlar cəmiyyətimizdə sayı yüksələn məişət və istehsalat travmaları, anadangəlmə anomaliyalar, eləcə də şiş xəstəliklərinin müalicəsində radikal cərrahi metodlara üstünlük verilməsi bu sahəyə təlabatı bir xeyli artırıb.

Bərpaedici rekonstruksiya əməliyyatlarının məqsədi orqan və ya onun hissəsinin normal fizioloji funksiyasını yerinə yetirə biləcək səviyyəyə çatdırılmasıdır. Görünən nahiyələrdə isə eyni zamanda bu strukturların estetik göstəricilərinin bərpası ön plana çıxır. 
Xüsusilə, üzdə aparılan cərrahi əməliyyatlar yüksək funksional və estetik tələblərə cavab verməlidir. Üzün mürəkkəb anatomik quruluşunu nəzərə alsaq, cərrahi müdaxilənin müvəffəqiyyəti mümkün qədər sağlam toxumaları qorumaq şərtilə əməliyyatın yüksək dəqiqliklə aparılmasından asılıdır.

Bunun üçün cərrahın bilik və bacarığı ilə yanaşı, müvafiq texniki dəstəyə ehtiyacı yaranır. Cərrah əməliyyat sahəsinin görüntüsünü kifayət qədər təmin etmək üçün işıqlandırma vasitələrindən, böyüdücü eynəklərdən və mikroskoplardan istifadə edir. Yalnız insan gözünün gördüyünün gücləndirməsini təmin edir. Toxumaların altında qalan digər vacib anatomik strukturlar görünmədiyindən və üzdə simmetriyanı qorumaq üçün sağlam tərəflə müqayisə imkanı məhdud olduğundan, əməliyyat zamanı cərrahın fəsadlara səbəb olan qeyri-dəqiq hərəkəti və ya qeyri-dəqiq qərarın verilməsi mümkünlüyü istisna olunmur.

Son zamanlar yüksək dəqiqlik tələb edilən əməliyyatlarda xüsusi naviqasiya qurğularından istifadə edilir. Amma bu qurğuların istifadəsi zamanı rast gəlinən xətalar, əməliyyat otağında yerləşdirilməsi üçün xüsusi şəraitin yaradılması tələbi, avadanlıqların bahalı və idarəsinin mürəkkəb olması onların geniş istifadəsini məhdudlaşdırır.

Azərbaycan Tibb Universitetində professor Çingiz Rəhimovun rəhbərliyi altında alim və mütəxəssislər qrupunun tədqiqat axtarışları bu sahədə davam edərək, rəqəmsal kompüter texnologiyalarının son nailiyyətlərinə artırılmış reallıq eynəklərinə müraciət edir.
Tədqiqat işlərinin aparılması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu layihəyə qrant ayrılıb.

Layihə çərçivəsində hazırlanan kompüter proqramı artırılmış reallıq eynəklərindən istifadə edən cərraha real görüntü ilə yanaşı, gözlə görünməyən anatomik strukturları aşkarlamağa imkan verir. Eyni zamanda, eynəklərə dəqiq ölçülərlə hesablanan əməliyyatın virtual planlanması yüklənir. Bu da əməliyyatın icrasını daha dəqiq yerinə yetirməyə imkan verir, toxumaların zədələnməsini və cərrahın əməliyyat sahəsində hərəkətlərini minimuma endirir, eyni zamanda əməliyyat vaxtına xeyli qənaət edir. Bunlar cərrahi fəsadlaşmaların sayını azaldır, müalicənin qiymətini aşağı salır və ən əsası - yüksək funksional və estetik nəticə əldə olunmasına imkan yaradır.

Layihə Bakı Ekspo Mərkəzində 4-7 dekabr 2018 il tarixində keçirilən «Bakutel 2018” Beynəlxalq Тelekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində də nümayış etdirilib. Sərgi ziyarətçilərinin çox böyük marağını cəlb edən stenddə artırılmış reallıq eynəklərin istifadəsi ilə cərrahi əməliyyata dair süjet nümayiş etdirilib. Sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci Vitse-Prezident Mehriban Əliyeva da ziyarət ediblər. birinci Vitse-Prezident Mehriban xanım Əliyeva layihə ilə birbaşa maraqlanıb, belə tədqiqatların ölkənin imici üçün əhəmiyyətli olduğunu bildirib və bu layihənin inkişafı istiqamətində öz tövsiyələrini verib.

Artıq professor Çingiz Rəhimovun rəhbərliyi ilə bu yeni texnologiyanın Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında kliniki tətbiqi həyata keçirilir. Bu metodika ilə cərrahiyyənin tibbin digər sahələrinə də tətbiqi istiqamətində iş aparılır.

RƏQƏMSAL CƏRRAHİYYƏ ERASININ BAŞLANĞICI