Xəbərlər

Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib

Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib

06.12.2018

Dekabrın 5-də ATU-nun Tədris Cərrahiyə Klinikasında görkəmli macar alimi, cərrahı İqnaz Zemmelveysin xatirəsinə həsr olunmuş mühazirə saatı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov professor-müəllim heyətini, tələbələri və rezidentləri salamlayaraq bildirib ki, İ.Zemmelveysin anadan olmasının 200 illiyi münasibətilə 2018-ci il Macarıstanda Zemmelveys ili elan edilib. Ona görə də Macarıstanda və digər ölkələrdə, o cümlədən Azərbaycanda bu yubileylə bağlı müxtəlif silsilə tədbirlər həyata keçirilir.

Ümumi cərrahiyyə kursunda cərrahiyyənin tarixinə dair dərslərdə İ.Zemmelveys barədə müəyyən qədər məlumatların verildiyini deyən prorektor bu gün onun kimliyi, həyat və yaradıcılığı, təbabətə, cərrahlığa töhfəsi barədə daha ətraflı söhbət açılacağını vurğulayıb. O, Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyinin, səfirliyin elm və təhsil, mədəniyyət üzrə ataşesi Mixay  Qruberin və Macarıstanın aparıcı tibb universiteti olan İ.Zemmelveys adına Tibb Universitetinin beynəlxalq əlaqələr direktorluğunun müdiri, professor Marsel Popun bugünkü tədbirə qatılmasından məmnunluğunu dilə gətirib və iştirakçıları çox maraqlı mühazirələrin gözlədiyini söyləyib.

Bundan sonra ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayevin “XIX əsr cərrahlığında infeksion kontrolun vəziyyəti” haqda mühazirəsi dinlənilib.

Ağrı, qanaxma və cərrahi infeksiyanı cərrahlığın inkişafına mane olan 3 mühüm amil kimi səciyyələndirən professor  aseptika və antiseptikanın etimologiyasına və tarixinə də toxunub.

Listerə qədərki dövrdə cərrahlığın mövcud durumundan da bəhs edən E.Ağayev fransız cərrahı Puto (XVIII əsr), “hərbi cərrahlığın atası” adlandırılan Jhon Prinql (1707-1782), antiseptikanın baniləri İqnaz Zemmelveys (1818-1865), Lui Paster (1822-1885), Jozef Listerin (1827-1912), eləcə də aseptikanın təcəssümləri sayılan E.Berqman  və onun tələbəsi Şimmelbuşun, R.Kox və E.Esmarxın, L.Heydenreyxin  fikirlərindən sitatlar gətirərək onların bu sahədəki tarixi xidmətlərini xatırladıb. Eyni zamanda müasir antiseptikanın və aseptikanın yüksək səviyədə inkişafından, yeni yaradılan texniki avadanlıqların böyük imkanlarından söhbət açıb.

Çıxışının sonunda Məhəmməd Peygəmbərin “Hər kəsin dəyəri onun elmi qədərdir” müdrik kəlamını, bir tələbənin onun özünə ünvanladığı “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” qeydini yada salan professor dünyanı sevginin xilas edəcəyinə inandığını və mühazirəsini də bütün dinləyənlərə sevərək oxuduğunu deyib.

İkinci mühazirəni isə İ.Zemmelveys adına Macarıstan Tibb Universitetinin beynəlxalq əlaqələr direktorluğunun müdiri, professor Marsel Pop təqdim edib. Burada olmaqdan şərəf duyduğunu söyləyən hörmətli qonaq Macarıstan səfirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetində İ.Zemmelveysin xatirə yubileyininin qeyd edilməsini xüsusi diqqət kimi dəyərləndirib və dəvət üçün həm universitetin rektoru, professor Gəray Gəraybəyliyə, həm də cənab səfir Viktor Sederkenyiyə öz təşəkkürünü bildirib.

 İ.Zemmelveys haqqında az danışmaqla ona daha çox danışmaq imkanı yaradan professor Elçin Ağayevə minnətdarlıq etməyi də unutmayan macarıstanlı alim bu təzadlı şəxsiyyətlə bağlı önəmli fikirlər səsləndirib: “İ.Zemmelveys olmasaydı, biz cərrahiyyəyə doğru istiqamətdə yanaşa bilməzdik. Düşünürəm ki, universitetimiz 50 il bundan qabaq adını dəyişdirərək Zemmelveys Universiteti adlandırılanda çox doğru addım atmışdı. Adı dəyişdiriləndə 200 illiyi qeyd edilən universitetimizin gələn il 250 yaşı qeyd olunacaq. Qısaca deyə bilərik ki, İ.Zemmelveys mamalıq-ginekologiya ilə məşğul idi, universitet professoru idi. Bildiyiniz kimi, Budapeşt şəhəri iki hissədən – Buda və Peşt şəhərlərindən ibarətdir. O, 1818-ci ildə Buda şəhərində anadan olmuş və 47 yaşında Vyana şəhərində vəfat etmişdir. Nəyə görə belə cavan vəfat etməsi hələ də qaranlıq qalır. Ona görə də mən daha çox onun elmi fəaliyyəti haqqında danışmaq istəyirəm. İ.Zemmelveysin doğulduğu ev indi muzeydir. Nə vaxt fürsət olsa, Macarıstana, Budapeştə gəlmiş olsanız, mütləq o muzeyə gedib baxın”.

1837-ci ildə tibb tələbəsi kimi fəaliyyətə başlayan İ.Zemmelveysin 1847-ci ildə Vyana xəstəxanasının I mamalıq şöbəsində çalışdığını söyləyən M.Pop həmin xəstəxanada iki şöbənin olduğunu deyib: “Şöbələrin birinə həkimlər və tibb tələbələri, digərinə isə kollecdə təhsil alaraq mamaçalığı öyrənən tələbələr və mamaçalar gəlirdilər. O zaman qızdırma adlanan sepsislə bağlı ölüm faizi iki şöbə arasında çox fərqlənirdi. Tələbələr və həkimlərin gəldiyi şöbədə ölüm faizi yüksək, digər şöbədə isə ondan xeyli az idi. Sonra İ.Zemmelveys inqilab səbəbindən, həm də işlədiyi yerdə vaxtı bitdiyindən Macarıstana qayıtmağa məcbur oldu. 1855-ci ildən Beşt Universitetinin professoru vəzifəsinə təyin edilmişdi. Bu həmin yer idi ki, sonralar “əlləri yumaq” prinsipini  tətbiq etmişdi”.

M.Pop o vaxtlar doğuşlarla bağlı mamalıq-ginekologiya sahəsində ən öndə olan problemlərdən birinin - sepsisin, yəni doğuş qızdırmasının nə demək olduğunu da açıqlayıb: “Bu, doğuşdan və yaxud abortdan sonra qadında sepsisemiyanın baş verməsi, qızdırmanın olmasıdır. Təsəvvür edin ki, ölüm faizi bu səbəbdən bəzi illərdə 40 faizə çatırdı, səbəbi çox əcaib görünən nəzəriyələrlə izah olunurdu. XIX əsrin əvvəllərində həmin doğuş qızdırmasını venaları kəsib qan axıtmaqla, zəlilərlə, bədəni isti suya salmaqla və s. qəribə vasitələrlə müalicə edirdilər.”

İ.Zemmelveysin vəfat etmiş dostunun ölümü ilə doğuş qızdırması arasında əlaqə axtardığını da vurğulayan professor bildirib ki, o, əlləri xlorlu, əhəngli su ilə yumağı hamıdan tələb etdiyi vaxtda ölüm faizi azalmışdır. Bu, onun infeksiya nəzarətində ilk addımı idi.

“Təəssüflər olsun ki, İ.Zemmelveys kifayət qədər nəzakətli insan deyildi, insanlarla ünsiyyət qura bilmirdi, çox kobud adam idi. Bu səbəbdən də onun kəşfi başqaları tərəfindən qəbul edilmirdi” – deyən alim xatırladıb ki, o öz kəşfi haqqında ancaq 10 ildən sonra məqalə çap etdirmişdi. Bu kəşfin alman dilində də dərc olunmasına baxmayaraq, elmi cəmiyyətlər, alimlər və həkimlər tərəfindən rədd edilmişdir. O, kolleqalarına açıq məktubunda yazmışdı ki, doğuş otağına girən və əlini yumayan hər hansı bir şəxs, sadəcə, cinəyətkardır.

Mühazirə deyən professor İ.Zemmelveysin zamanında qəbul edilməməsinə məşhur alman dramaturqu Artur Şopenhauerin fikrirləri  ilə aydınlıq gətirib: “Hər hansı bir problem qəbul edilənə qədər 3 mərhələdən keçir. Əvvəl onu gülünc kimi qarşılayırlar, sonra onunla mübarizə aparırlar və axırda onu hamıya açıq-aşkar məlum olan bir fakt kimi qəbul edirlər”.

Mühazirənin gedişində İ.Zemmelveysin özünün, valideynlərinin, ev muzeyinin, adını daşıdığı universitetin keçmişdəki və indiki foto-şəkilləri də nümayiş etdirilib, onun həyat və fəaliyyətini özündə əks etdirən kitablar, filmlər barəsində məlumat verilib.

“O, həkim idi, anaların xilaskarı idi, dahi idi, fanatik idi, ruhi xəstə idi, yalançı idi və nəhayət infeksiya nəzarətinin banilərindən biri idi” , – deyə həyat və fəaliyyətini işıqlandırdığı alim-cərrahın şəxsiyyətini çox lakonik şəkildə canlandıran M.Pop sonda Macarıstan Milli Bankının İ.Zimmelveysin yubileyi münasibətilə gümüşdən hazırladığı xüsusi hədiyyəni ATU-nun professoruna və Macarıstanın ölkəmizdəki səfirinə  təqdim edib.

Hər iki mühazirə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib
Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib
Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib
Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib
Macar aliminin xatirə yubileyinə həsr olunmuş mühazirə saatı keçirilib