Xəbərlər

Mexaniki ventilyasiyaya dair seminar

Mexaniki ventilyasiyaya dair seminar

14.11.2018

Noyabrın 13-də ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsində həkim-rezidentlərin, tələbələrin iştirakı ilə mexaniki ventilyasiyaya dair seminar keçirildi. 
Yenidoğulmuşlarda mexaniki ventilyasiyanın hansı yollarla aparılmasının müzakirə ediləcəyini deyən II uşaq xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Püstə Orucova əvvəlcə tənəffüzün mexanizmi, tənəffüz aktının necə baş verməsi barədə məlumat verdi. Yeni doğulan körpələrdə, xüsusilə yarımçıq doğuşlarda respirator distress sindromuna (RDS) daha çox rast gəlindiyini, yəni onların ağ ciyərlərinin, mərkəzi sinir sisteminin yetişmədiyinə görə tənəffüslərində problemlərin yarandığını bildirdi. Qeyd etdi ki, döş qəfəsinin daralması, önə doğru qabarıq olması, bəzən də qabırğaarası sahələrin içəri dartılması və tənəffüz zamanı diafraqmanın hərəkətliliyi klinik əlamətlərdir.

Bildirildi ki, mexaniki ventilyasiyada əsas məqsəd normal qaz mübadiləsini təmin etmək, ağ ciyərlərin zədələnmə riskini və tənəffüz işini azaltmaqdır. Doğuş zalında 26 həftədən kiçik, eyni zamanda travma alan, baş-beyin zədələnməsi, ürək-damar çatmamazlıqları, diafraqma yırtıqları olan uşaqlar üçün mexaniki ventilyasiya mütləq göstərişdir.

Mexaniki ventilyasiyanın tətbiqi tarixindən də danışan P.Orucova ağ ciyərin hava tutumuna aid bəzi terminlərə, o cümlədən təzyiqlərin millimetr civə sütunu ilə ölçüldüyü halda, respirator sistemdə təzyiqin nə üçün santimetr su sütunu ilə ölçülməsinə də aydınlıq gətirdi. Diqqətə çatdırdı ki, komplayns 1 sm su sütununun yaratdığı həcm idisə, rezistentlik 1 litr havanın nə qədər təzyiq yaratmasıdır. Onu da vurğuladı ki, SPAP (continuous positive airway pressure) – tənəffüz yollarında daimi (yəni fasiləsiz dəstəklənən) müsbət təzyiqin yaradılması yenidoğulmuşlarda tənəffüz çatışmazlığının profilaktika və müalicəsində qeyri-invaziv metoddur.

Seminarda ağıllı ventilyasiya aparatının üstünlüklərindən, yenidoğulmuşlarda tənəffüs parametrlərinin normalarından da ətraflı söhbət açıldı.

Müxtəlif diaqram,cədvəl və slaydlarla müşayiət olunan seminarın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.#atutck

Mexaniki ventilyasiyaya dair seminar
Mexaniki ventilyasiyaya dair seminar