Xəbərlər

Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu

Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu

31.10.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yay istehsalat təcrübəsi ilə bağlı mövcud vəziyyət və problemlərə həsr olunmuş müzakirə keçirildi.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev istehsalat təcrübəsinin ATU-dakı tədris proqramının ən vacib sahələrindən biri olduğunu vurğuladı: “Tibb təhsili verən müəssisələrdə yay praktikası çox əhəmiyyətlidir. Çünki gələcəkdə həkim olacaq bir tələbə üçün praktika olduqca vacibdir. Təhsil Nazirliyinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair xüsusi qərarından sonra ATU-da da tədrisin yeni standartlara uyğun, daha keyfiyyətli şəkildə aparılması üçün müəyyən dəyişikliklər tətbiq olundu”.

S.Əliyev qeyd etdi ki, bu dəyişikliklərdən biri də yay istehsalat təcrübəsinin semestr daxilinə keçirilməsi ilə əlaqədardır. Bu prosesi daha keyfiyyətli təşkil etmək üçün kafedra müdirlərinin üzərinə böyük məsuliyyət düşür: “Universitetimizdə təcrübi bacarıqların tələbələrə lazımınca aşılanması üçün olduqca yüksək ixtisaslı həkimlərimiz, avadanlıqlarımız, treninq mərkəzlərimiz var. Bizim Bura Tədris Cərrahiyyə Klinikasıdır. Tədris hər şeydən öndə olmaldır”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev qeyd edib ki, rəhbərlik etdiyi müəssisədə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün hər cür şərait yaradılıb. Klinikada tədris-treninq mərkəzində tələbələrin praktiki bacarıqlarını təkmilləşdirməsi üçün avadanlıqla təchiz edilib. Bundan əlavə, klinikadakı mulyajlar da tədris prosesinin gedişinə yardım göstərə bilər. Tələbələrin klinikada həm də canlı xəstələrlə təmas imkanları var.

ATU-nun Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri Akif Qurbanov peşə təcrübəsinin yayda yox, cari tədris ilində keçirilməsi haqqında qərarın müsbət tərəflərini qeyd etdi. Onun sözlərinə görə, istehsalat təcrübəsinin yayda olması, bir sıra hallarda həm müəllimlər, həm də tələbələr üçün çətinliklər yaradırdı. Yeni sistemin oturuşması və bu sistemə adaptasiya üçün müəyyən müddət tələb olunur. Lakin gücləndirilmiş rejim sayəsində bütün məsələlərin həllinə nail olmaq mümkündür.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov istehsalat təcrübəsi ilə bağlı dəyişikliyin tətbiqində üzə çıxa biləcək bəzi məsələlər və onların həlli yollarından danışdı. Qeyd etdi ki, ATU yüksək ixtisaslı müəllimlərdən ibarət güclü kollektivə malikdir: “Universitet uzun illərin təcrübəsi və ənənələrinə malikdir. Bunun sayəsində sistemləşmə ilə bağlı problemləri həll edə biləcəyik. Qeyd edim ki, xarici ölkələrdə ATU-nun diplomunun tanınmasında da praktika ilə bağlı məsələ önəmli yer tutur”.

Müzakirələrin sonunda ATU-nun istehsalat təcrübəsinin şöbə müdiri dosent Tariel İskəndərov praktikanın hazırki durumuna aydınlıq gətirdi, həmçinin tətbiq olunacaq yeni qaydalarla bağlı izahat verdi.

Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu
Yay istehsalat təcrübəsi ilə bağlı yenilik müzakirə olundu