Xəbərlər

ATU həkimləri növbəti unikal əməliyyatı icra etdilər

ATU həkimləri növbəti unikal əməliyyatı icra etdilər

15.10.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında onkoloji xəstədə uğurlu plastik estetik əməliyyat icra olunub. Bu zaman xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib. Yanaqdakı boşluğa isə qasıqdan götürülən dəri qoyulub.

Əməliyyat haqqında məlumat verən ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Məhəmməd Davudov deyir ki, xəstədə hələ 6 il bundan əvvəl əməliyyat aparılıb: “Həmin vaxt xəstə ağız boşluğunda xora diaqnozu ilə bizə müraciət etmişdi. Müayinə zamanı həmin zonada bədxassəli şişin olduğu aşkarlandı. Şişin ilkin ölçüsü kiçik olduğundan, onun tam götürülməsi məqsədəuyğun idi. Belə də etdik. Şişi tam bir şəkildə götürdük və sümüyə yapışdığı üçün şiş həmin nahiyədəki sümüklə birlikdə götürüldü. Xüsusi titanla, rekonstruktiv lövhə ilə sümük defektini yerinə qoyduq. Xəstə funksional baxımdan bir problem yaşamadı. Əməliyyatdan sonrakı patohistoloji analizlər tam təmiz çıxmışdı”.

Buna baxmayaraq, əməliyyatdan 1 il sonra həmin xəstənin ağzında selikli qişada deyil, sümük ətrafında şiş yenidən yaranıb. Növbəti əməliyyat aparılıb və bu dəfə həmin zonada sümük götürülüb. Xəstə radioterapiya müalicəsi aldıqdan sonrakı 5 il müddətində tam normal şəkildə həyatına davam edib. Yeganə problem sümüyün götürüldüyü yerdə estetik problemlə bağlı olub.

M.Davudovun sözlərinə görə, ağızın əməliyyat aparılan hissəsində sümük olmadığına görə, xəstə yeməkləri çeynəyə bilmirmiş: “O zonada boşluq olduğudan, onun üzündə də bir batıqlıq yaranmışdı. 5 il ərzində şiş yenidən yaranmadığı üçün xəstənin istəyinə əsasən biz plastik estetik əməliyyat aparmağa qərar verdik”.

Bu hallarda 2 cür əməliyyat növünün tətbiqi mümkündür. Bunlardan biri “damaqlı sümük köçürülmə”sidir. Bu əməliyyat indiyədək ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən dəfələlərlə uğurla icra olunub. Sadəcə, bu xəstə şüa terapiyası aldığı üçün bu əməliyyat onun üçün riskli hesab edilib. Məhəmməd Davudov bildirir ki, ona görə ikinci növ əməliyyata üstünlük verilib: 
“Biz qalça sümüyündən “qreft” adlandırılan sümük parçası götürüb, çənəyə uyğunlaşdırdıq. Yanaqdakı yumşaq toxuma batıqlığını isə xəstənin həm qasıq nahiyəsindən dərialtı derma qatı və onun altındakı piy qatı birgə götürməkələ xəstənin üzündə batıqlıq olan hissəni bərpa elədik”.

Həkimin sözlərinə görə, artıq xəstənin üzü öz yerini alır. Köçürülən sümük toxumasına 6 aydan sonra diş inplantları qoyulacaq və xəstənin dişləri də tam bərpa olunacaq.#atutck

ATU həkimləri növbəti unikal əməliyyatı icra etdilər