Xəbərlər

Tədris Cərrahiyyə Klinikasında çətin hamiləlik uğurla başa çatdırılıb

Tədris Cərrahiyyə Klinikasında çətin hamiləlik uğurla başa çatdırılıb

04.09.2018

12 dəfə hamiləliyi başa çatmayan qadın ilk dəfə ana olub

Azərbaycan Tibb Universitetində (ATU) çətin hamiləlik uğurla başa çatdırılıb. 10 illik evlilik həyatı boyu 12 dəfə hamiləliyi başa çatmayan 30 yaşlı qadın məhz ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri sayəsində ilk dəfə analıq sevincini yaşayıb.

Klinikanın I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, xəstə ilk hamiləliyini 16-cı, qalan hamiləliklərini isə 7-8-ci həftələrə qədər davam etdirə bilib.Lakin sonradan bütün hamiləliklərində döl inkişafdan qalıb.Xəstə  2013-cü ildə İranda ikibuynuzlu uşaqlığa görə rekonstruktiv əməliyyat olunmasına baxmayaraq, əməliyyatdan sonra da 2 döl inkişafdan qalıb. İnkişafdan qalmış embrionların yalnız birinin kariotip müayinəsi aparılıb və kariotipin 46XX olması müəyyən olunub.

Doktor N. Axundovanın sözlərinə görə, xəstə bundan əvvəl Moskvada müayinə olunub. O, həyat yoldaşı ilə birgə HLA genlərinin 2-ci sinfi üzrə tiplənmə, kariotip müayinələrindən keçib və patologiya aşkar olunmayıb: “Qadında Lg E normadan 5 dəfə çox, antiovarial anticisimlərin yüksək olması, irsi trombofiliya markerləri (MTHFR   A1298C heteroziqot mutasiya) aşkar edilib, qazanılmış trombofiliya göstəriciləri isə normativ diaqnostik kriterilər daxilində olub. Qeyri-ənənəvi diaqnostik üsullardan qaranlıq kölgəli mikroskopiya istifadə edilib, alınan nəticələrə uyğun olaraq antihomotoksik müalicə, turşu-qələvi müvazinətinin korreksiyası, mineral balansının bərpası, qan dövranının nizamlanması aparılıb”.

N. Axundovanın dediyinə görə, qadın hamilə qaldıqdan sonra nəzarət daha da gücləndirilib, hamiləlik aşağı molekul çəkili heparinin yüksək profilaktik dozası ilə aparılıb. Hamiləlikdə düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, hamiləlik hipertenziyası, dölyani mayenin vaxtından əvvəl axması, simptomsuz bakteriyauriya kimi fəsadlar baş versə də, bu təhlükələrin qarşısı vaxtında alınıb, hamilə daha ciddi nəzarət üçün hospitalizasiya olunub və müalicə stasionar şəraitində davam etdirilib: “Hamiləliyin 29-cu həftəsindən hospitalizasiya olunan qadın hamiləliyi 34 həftəsinə qədər çatdıra bilib. Dölün doppler müayinəsindəki dəyişikliklərə və bətndaxili inkişaf ləngiməsinə görə döl kesar kəsiyi əməliyyatı ilə xaric olunub”.

Yeni doğulan körpənin çəkisi 2000 qram, boyu 45 sm-dir. Ana və uşaq kafi vəziyyətdə evə yazılıblar.

Tədris Cərrahiyyə Klinikasında çətin hamiləlik uğurla başa çatdırılıb