Xəbərlər

Gənc qadın ağır patologiyadan sonra ana ola bilib

Gənc qadın ağır patologiyadan sonra ana ola bilib

05.06.2018

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ilk hamiləliyində ağır patologiyası olan qadının yenidən hamilə qalıb ana olmasına yardım göstərilib.

28 yaşlı gənc qadın ilk hamiləliyinin uğursuz nəticələnməsi şikayəti ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasında I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovaya müraciət edib. Həkimin sözlərinə görə, birinci uğursuz hamiləlik 35 həftəlikdə ağır preeklampsiya, HELLP sindromu, dölün bətndaxili inkişaf ləngiməsinə görə təcili keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılıb. Əməliyyat zamanı 1200 qram döl xaric edilb. Bütün səylərə baxmayaraq yenidoğulmuş 5-ci sutkada ölüb.

N.Axundova bildirir ki, ağır preeklampsiya və HELLP sindromu - qaraciyər fermentlərinin, bilirubinin artması, qanın hemolizi ilə müşahidə olunan, ana və yenidoğulmuşun xəstələnmə və ölüm göstəricilərinin artmasına səbəb olan ağır patologiyalardan hesab edilir. Bu patologiya hətta növbəti hamiləliklərdə də təkrarlana və uğursuz nəticə verə bilər. Onun yaranma səbəblərindən biri irsi və qazanılmış trombofiliyalar aiddir. Bu faktorlar qanın laxtalanmasını artıraraq hamilədə və döldə ciddi fəsadlara gətirib çıxarır.

Qadın ikinci hamiləliyi planlaşdırmaq və müayinə olunmaq məqsədilə Natəvan Axundovaya müraciət edib. Həkimin sözlərinə görə, müayinə nəticəsində xanımda həm qazanılmış (antikardiolipin lgG, lgM yüksək səviyyədə), həm də irsi (4 gen mutasiya) trombofiliya markerləri aşkar olunub: “Qadında eyni zamanda hormonal müayinələrin nəticələrinə görə kişi cinsiyyət hormonları-androgenlər yüksək səviyyədə olmuş, ultrasəs və histeroskopik müayinənin nəticələrinə görə uşaqlığın anadangəlmə inkişaf anomaliyası-ikibuynuzlu uşaqlıq aşkar edilib. Qadında MTHFR genində homoziqot mutasiya olduğundan hamiləliyin planlaşdırılmasına 3 ay qalmış və hamiləlik dönəmində ona fol turşusunun yüksək dozası təyin edilib. Bu genin mutasiyasında fol turşusu mübadiləsində problem yaranır. Nəticədə homosistein adlı amin turşusu metioninə çevrilə bilmir. Qan zərdabında homosisteinin yüksəlməsi nəticəsində qanın laxtalanmasının artması və yuxarıda adları çəkilən ciddi hamiləlik fəsadları müşahidə olunur”.

Həkim bildirir ki, xanımın hamiləliyi əvvəldən sona qədər aşağı molekul çəkili heparinin yüksək profilaktik dozası ilə idarə olunub. Hamiləliyin əvvəlində düşük təhlükəsi olduğundan vaginal mikroionizə olunmuş progesteron preparatları istifadə olunub. Ciddi nəzarət və dinamik müşahidə aparılmış,mütəmadi olaraq, xüsusilə hamiləliyin ikinci yarısında hemoqram, hemastazioqram, qaraciyərin funksiyası öyrənilib, dölün doppler və kardiotokoqrafik müayinəsi aparılıb. Nəhayət, hamiləlik 36-cı həftədə keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb. Nəticədə çəkisi 2500 qram,boyu 48 sm olan döl doğulub. Ana və yenidoğulmuş evə yazılıblar.#atutck