Xəbərlər

Bakıda uroloqların beynəlxalq simpoziumu keçirilir

Bakıda uroloqların beynəlxalq simpoziumu keçirilir

02.07.2017

İyulun 2-də paytaxtın “Holiday Inn” otelində Azərbaycan Tibb Universiteti və Beynəlxalq Uroloqlar Assosasiyasının birgə keçirdiyi simpozium işə başlayıb.

Simpoziumda Azərbaycanın,Türkiyənin,eləcə də Avropanın tanınmış uroloqları iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev urologiyanın inkişafında və təcrübi biliklərin zənginləşməsində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təbabətin bu sahəsində iştirakçıların nəzəri və təcrübi olaraq ən müasir istiqamətlər barədə mübadilə aparacağını bildirib.

İstanbulun Medipol Universitetinin professoru Selami Albayrak, Türkiyə Uroloji Laparoskopik Dərnəyinin professoru Yasar Özgök, Beynəlxalq Uroloqlar Assosiasiyasının texnoloji treninqinin baş direktoru Jan de la Rosette çıxış edərək iştirakçıları salamlayıb və simpoziumda müzakirə ediləcək məsələlərdən danışıblar.

Sonra urologiyanın ayrı-ayrı problemləri mövzusunda məruzələr dinlənilib.

Simpozium iyulun 4-dək davam edəcək və sonrakı günlərdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda tədris mahiyyəti daşıyan əməliyyatlarla işini davam etdirəcək.