Xəbərlər

Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var

Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var

21.06.2017

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var. Şöbənin müdiri, t.ü.e.n. Nurlana Əliyevanın sözlərinə görə, bura Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Burada həftənin 6 günü saat 8:00-dan 18:00-a qədər yüksək ixtisaslı peşəkar mütəxəssislər fəaliyyət göstərirlər:

“Şöbəmiz klinikamız yaranan gündən fəaliyyət göstərir. Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Fizioterapiya bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitəsidir, həmçinin ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur. Bu, təhlükəsiz müalicə üsullardan biridir. Bu tip müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir”.

N.Əliyevanın sözlərinə görə, şöbədə müasir cihazlar və lazım olan müasir metodikalardan istifadə etməklə xəstələrə daha çox yardım göstərmək, geniş profilli şöbə kimi fəaliyyət göstərməsi üçün bütün şərait var: “Burada travmatoloji xəstələr, travmatologiya və ortopediya şöbələrində əməliyyat olunmuş, müəyyən müalicələr almış xəstələr müalicələrini davam etdirirlər. Ümumiyyətlə, cərrahiyyə şöbələri ilə çox sıx əlaqədə işləyir bu şöbə. Şöbə daxilində stasionar şöbə də vardır ki, lazimi xəstələr burada yatızdırılır”.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Burada çalışan həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir.

Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. ATU-nun TCK-nın Fizioterapiya və tibbi bərpa şöbəsinin başlıca üstünlüyü burada peşəkar həkimlər və müasir texnologiyalı aparatların olmasıdır.

Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var
Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər cür şərait var