Xəbərlər

28 dekabr Azərbaycan Respublikasının əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, xeyirxah insan və dəyərli alim, professor Nəcəfov Adil Məşədi Yusif oğlunun anadan olmasının 90-cı ildönümüdür.

28 dekabr Azərbaycan Respublikasının əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, xeyirxah insan və dəyərli alim, professor Nəcəfov Adil Məşədi Yusif oğlunun anadan olmasının 90-cı ildönümüdür.

28.12.2015

28 dekabr Azərbaycan Respublikasının əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, xeyirxah  insan və  dəyərli alim, professor Nəcəfov Adil Məşədi Yusif oğlunun anadan olmasının 90-cı ildönümüdür.

Həyatını çox hissəsini Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradılmasına, inkişafına həsr etmiş və bu sahədə ən yüksək elmi-praktik nəticələr əldə etmiş nüfuzlu alim, Professor Adil Nəcəfovu  dərin hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirik!

Həyat və fəaliyyəti barədə:

Professor Nəcəfov Adil Məşədi Yusif oğlu 1925-ci il fevralın 12-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində korrektor kimi başlamışdır. 1943-1944-cü illərdə Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. 1950-1953-cü illərdə Moskva şəhərində aspiranturada təhsilini davam etdirmiş və 1953-cü ildə Moskvada SSRİ EA-nın Fəlsəfə institutunda namizədlik dissertasiyası, 1967-ci ildə Bakı şəhərində “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor vəzifəsinə seçilmişdir.
A.Nəcəfov 1963-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı və 1989-cu ilə qədər fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır. Prof.A.Nəcəfov fəlsəfə kafedrasına rəhbərlik etdiyi dövrdə elmi, ictimai və pedaqoji fəaliyyəti üzvi vəhdətdə götürmüş  çoxsaylı xidmətlər göstərmiş və onu tanıyanların qəlbində özünün möhtəşəm heykəlini ucaltmışdır. O, həyatda Adil kimi Adil bir ziyalı idi.
Prof.A.Nəcəfov nəcib, qayğıkeş, insanları qəlbən sevən, sözün həqiqi mənasında “həyat filosofu” idi. Ona görə də kafedranın kollektivi, tələbələr və institutun professor və müəllim heyəti onu sevir və şəxsiyyətinə hörmət edirdilər. Onun rəhbərlik etdiyi dövrdə ATU-nun fəlsəfə kafedrasında onlarla müəllim namizədlik dissertasiyası müdafiə etmişdir. Kafedraya rəhbərlik etdiyi dövrdə prof.A.Nəcəfovun çox böyük köməyi və məsləhəti sayəsində kafedra üzvlərindən Q.Bayramov və R.Əliyev doktorluq dissertasiyalarını müdafiə etmişdirlər. Bunlarla yanaşı respublikamızda çoxlu sayda doktorluq işlərinin, aspirant və iddiaçıların elmi rəhbəri, elmi məsləhətçisi və rəsmi opponenti olmuşdur. A.Nəcəfov respublikamızda nəşr edilmiş fəlsəfə və fəlsəfə tarixinə dair bir sıra dərs vəsaiti və monoqrafiyaların elmi redaktoru olmuşdur. “Marksizmə qədər fəlsəfənin əsas inkişaf mərhələləri”, Bakı, 1962; “Dialektik materializm”, Bakı, 1972; “Tarixi materializm”, Bakı, 1968  və s. Prof.A.Nəcəfovu respublikamızın, eləcə də o dövrdə SSRİ-nin fəlsəfə ictimaiyyəti istedadlı alim, qayğıkeş insan kimi tanıyır və hörmət edirdilər. Harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq prof.A.Nəcəfov böyük hörmət və nüfuz sahibi olmuşdur. Prof.A.Nəcəfov Az.EA Fəlsəfə və Hüquq İnstitutunun və Bakı Dövlət Universitetinin fəlsəfə üzrə elmi şuralarının həmişə daimi üzvü olmuşdur. Professor A.Nəcəfovun ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti demək olar ki, həmişə Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur. O, fəlsəfə kafedrasının müdiri olmaqla yanaşı, uzun illər institutun partiya komitəsinə rəhbərlik etmişdir. Professor A.Nəcəfovun elmi maraq dairəsi əsasən milli mədəniyyət problemlərinin tədqiqi olmuşdur. Bu problemə dair 35-dən yuxarı monoqrafiya və məqalə çap etdirmişdir. Onlardan: “Ölkəmizdə mədəniyyətlərin inkişafı və yaxınlaşmasında keçmiş irsin rolu”. Bakı, 1964 (8 ç.v.); “Сближение культур социалистических наций”, Баку, 1970; “İnkişaf etmiş sosializm və mədəniyyət”, Bakı, 1978; “Литература и искусство-могучее средство нравственного воспитания”, Баку, 1978; “Ədəbiyyat və incəsənət mənəvi tərbiyənin qüdrətli vasitəsidir”, Bakı, 1978 və s. Prof.A.Nəcəfov təbabətin fəlsəfi, etik və estetik problemləri ilə yaxından məşğul olmuş, respublikanın tibb ictimaiyyətinin mənafeyi naminə yorulmadan çalışmışdır. Onun “Həkimlik sənətinin mənəvi əsasları”, Bakı, 1986 və “İncəsənət və səhhət”, Bakı, 1979 kitabları təbib-tələbələrin və bütövlükdə tibb işçilərinin stolüstü kitabı olmuşdur. Professor A.Nəcəfov Tibb Universitetinin məzunlarının, professor-müəllim heyətinin yaddaşında xeyirxah, obyektiv, ədalətli, eləcə də prinsipial bir filosof-müəllim kimi indi də yaşamaqdadır. “Ölkəmizdə milli mədəniyyətlərin inkişafı və yaxınlaşmasında keçmiş irsin rolu”, (Bakı, 1964) əsərində keçmişin mədəni irsinə münasibət məsələsi mədəniyyətin inkişafının mühüm qanunauyğunluğu olan varisliyin təkcə maddi mədəniyyətin deyil, həm də mənəvi mədəniyyətin inkişafındakı rolu geniş şəkildə şərh edilmişdir. Bu problemin nəinki keçmiş və bu günü öyrənmək üçün, eləcə də gələcək mədəni inkişafımız üçün böyük əhəmiyyətə malik olduğu qeyd edilir. Bununla yanaşı kitabda keçmiş irsə münasibətdə Qərb filosoflarının xalqları “seçilmiş, qabaqcıl” və “geri qalmış, ibtidai” xalqlara, fəlsəfə tarixini “əsl fəlsəfə, qabaqcıl fəlsəfə” və “geri qalmış” hesab edilən Şərq fəlsəfəsinə bölməyin əsassızlığını tutarlı faktlarla tənqid etmiş və öz konsepsiyasını irəli sürmüşdür. Şərq xalqlarının mütərəqqi fəlsəfi irsinin dünya fəlsəfə tarixində tutduğu şərəfli mövqeyini elmi cəhətdən əsaslandırmışdır. Bu sahədə Avropa şərqşünaslarının və alimlərinin Azərbaycan fəlsəfəsinə Nizami, Füzuli, Nəsimi və s. kimi mütəfəkkirlərinə əsassız münasibətin tənqidi verilir. Müəllif Qərb xalqları mədəniyyətinin Şərq xalqları mədəniyyətindən üstün mədəniyyət olduğunu elmə zidd bir iddia hesab edərək öz elmi baxışlarını önə çəkir.
“Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması”, (Bakı, 1976) kitabından prof.A.Nəcəfov Azərbaycan xalqının mədəniyyətinin başqa xalqların mədəniyyətləri ilə təması, mədəni əlaqələrin qarşılıqlı mübadiləsi, xalqların mənəvi sərvətlərinin mübadiləsinin mədəniyyətlərin inkişafının hərəkətverici qüvvə amili olması məsələləri araşdırılır. Qeyd edilir ki, hər bir xalq öz mədəniyyəti, dili, milli məişəti və ənənələri ilə fəxr edir, mədəniyyət hər bir xalqın azadlıq mübarizəsini, yadelli qəsbkarlarla mübarizəsini əks etdirir. Bununla yanaşı kitabda hər bir xalqın mədəniyyətinin dünya mədəniyyəti xəzinəsinə verdiyi töhvələr baxımından araşdırmalar aparılır. Müəllif göstərir ki, “Dədə Qorqud” eposu kimi qədim Azərbaycan mədəniyyəti abidəsi uzun dövrlər ərzində qəbul edilməmiş, onun guya zidd və zərərli olduğu irəli sürülmüşdür, süni surətdə xalqın mədəni irsindən kənarlaşdırılmışdı. Xalqımız, onun ziyalıları “Dədə Qorqud” dastanının xalqa qaytarılmasında xüsusilə ciddi cəhdlə çalışmışlar. Heç təsadüfi deyildir ki, “Dədə Qorqudun” 1300 illik tarixinin qeyd edilməsi üçün dövlət səviyyəsində fərmanla qanuniləşdirilmişdir. 
Əməkdar elm xadimi, professor A.Nəcəfovun “Həkimlik sənətinin mənəvi əsasları”, (Bakı, 1986) adlı kitabı təbabətin etik və estetik problemlərinə həsr edilmişdir. Müəllif kitabda ümumbəşəri əhəmiyyət kəsb edən insan sağlamlığı, onu qorumaq problemləri və bu sahədə səhiyyə işçiləri qarşısında duran vəzifələri araşdırır. Kitabda göstərilir ki, yaxşı həkim ancaq yüksək sənətkarlıq, müasir bilik səviyyəsi, təmiz qəlb, aydın təfəkkürlə həmahəng olanda yetişir. Ona görə də həkimlik əxlaqı prinsiplərini rəhbər tutan, tibb elmi və sənətinin müasir səviyyəsinə cavab verən, geniş dünyagörüşlü, təmiz fikir, təmiz əqidəyə malik olan həkimlər yetişdirmək mürəkkəb və asan olmayan bir prosesdir. Bunun üçün təkcə təbabəti bilmək deyil, həm də elmi dünyagörüşü formalaşdıran fəlsəfəyə böyük ehtiyac vardır. Əsərdə təbabətlə incəsənətin, təbabətlə xeyir və gözəlliyin bir-birindən ayrılmazlıq ideyası qırmızı xətlə keçir. Ədəbiyyat və incəsənət əsərlərindən alınan estetik zövq ən güclü müsbət emosiyalardır və insan orqanizminə olduqca yaxşı təsir göstərir. Ən yaxşı əsərlər hər cür azara qarşı mübarizədə çox zəruri olan böyük nikbinlik ehtiyatı yaradır. Bu fikirlər hələ qədim filosof və həkimlərin də əsərlərində özünün geniş təhlilini tapmışdır. Burada  Qədim Misir papiruslarında yazılmış mətnlər, qədim hind və yunan əsatirləri, Aristotelin, Plutarxın, Pifaqorun, İbn-Sinanın əsərlərini xüsusi qeyd etmək olar.
Prof.A.Nəcəfov Respublikamızın, eləcə də institutun ictimai-siyasi həyatında yaxından və fəal iştirak edirdi. 1988-ci ildə başlanan erməni təcavüzü dövründə prof. A.Nəcəfov çoxsaylı müxtəlif yığıncaqlarda, tələbələr arasında etdiyi çıxışlarda hadisələrə öz kəskin münasibətini bildirmiş, bu təcavüzü pisləmişdir. Həmin dövrdə öz doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın düşdüyü acınacaqlı vəziyyət, doğma torpaqlarımızın erməni faşistləri tərəfindən zəbt edilməsi, hadisələrin sonrakı axarı prof. Nəcəfovu mənəvi-psixoloji cəhətdən ciddi sarsıtmışdır. O, 1989-cu ilin oktyabrın 7-də qəflətən vəfat etdi. 
Prof.A.Nəcəfovun xidmətləri dövlət tərəfindən yüksək mükafatlar və adlarla qiymətləndirilmişdir: I dərəcəli Vətən müharibəsi ordeni; Qırmızı Əmək Bayrağı ordeni; “Hərbi xidmətə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Fədakar Əməyə görə”, “Böyük Vətən müharibəsinin 30 illik qələbəsi” medalları ilə təltif edilmişdir. O, “Azərbaycan Respublikası əməkdar elm xadimi”, “Səhiyyə əlaçısı” kimi fəxri adlara da layiq görülmüşdür.
Bu gün Adil müəllimi bizimlə olmasada onun xatirələri həmişə onu tanıyanların qəlbində yaşayır. Allah rəhmət eləsin!